Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Prezident 176 məhbusu azad etdi


İ.Əliyev
İ.Əliyev

Prezident İlham Əliyev bugün, aprelin 6-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam verib.

Sənəddə yazılıb ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına, səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb.

Qeyd edilib ki, dövlət başçısı bu sərəncamı məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Bu qərarla 176 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Akif Çovdarov həbsi Elmar Hüseynovun qətlini aktuallaşdırıb...
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Akif Çovdarov əfv olundu

Əfv sərəncamı ictimaiyyətin tanıdığı bəzi simalara da şamil edilib. Onlardan biri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovdur.

O, 1952-ci ildə anadan olub.

A.Çovdarov 2015-ci ildə həbs edilmişdi. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası almışdı.

O, mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə və bir sıra başqa cinayətlərdə ittiham edilib.

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

+++

Əfv olunanlar arasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksəkçinli rəhbərlərindən Sübahir Qurbanov və hüquq müdafiəçilərinin siyasi məhbus saydığı bir neçə şəxs də var.

İki "siyasi məhbus" azadlığa buraxılıb

Aprelin 6-da prezident İlham Əliyevin əfv sərəncamı ilə hüquq müdafiəçilərin siyasi məhbus kimi tanıdığı iki nəfərin də azadlığa buraxıldığı bildirilir.

Bunlar Eldar BinyədovFəramiz Abbasovdur.

E.Binyadov Nardaran hadisələri zamanı (2015-ci il 26 noyabr) həbs olunaraq 12 il 6 ay azadlıqdan məhrum edilib. 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Binyadovun uzun zamandır hipertoniya və diabet xəstəliyindən əziyyət çəkdiyi deyilirdi. O, hakimiyyət nümayəndələrinə müqavimət və başqa ağır cinayətlərdə ittiham edilib. Amma ittihamları əsassız sayıb.

İkinci şəxs isə Azərbaycan İslam Partiyasının üzvü F.Abbasovdur. O isə 2011-ci il yanvarın 25-də Masallı rayonunda həbs edilib. 2012-ci ildə 11 il azadlıqdan məhrum edilib. Qanunsuz silah saxlamaq və başqa cinayətlərdə ittiham olunan F.Abbasov da ittihamları əsassız hesab edirdi.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, ölkə həbsxanalarında hazırda 100-dən çox siyasi məhbus var. Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

R.Cəfərov
R.Cəfərov

Rəsul Cəfərov: "Araşdırmaq lazımdır…"

"Əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan məhbusların hamısı azadlığa buraxılıbsa və məhbusların arasında ayrıseçkilik olmayıbsa, bu sənədi müsbət qiymətləndirmək lazımdır".

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

R.Cəfərovun sözlərinə görə, məhbusların azadlığa buraxılması irəliyə doğru müsbət addımdır: "Amma biz istərdik ki, siyahı daha geniş olsun və bütün siyasi məhbusları əhatə etsin. Əksər siyasi məhbus 65 yaşına çatmayıb və 65-dən yuxarı olan iki nəfər - Fəramiz Abbasov və Eldar Binyadov buraxılıb. Biz indi digər siyasi məhbusların yaşlarını dəqiqləşdiririk. Bildiyim qədər, Nardaran hadisələri zamanı həbs edilənlərdən bir neçə yaşlı adam var. Əgər onların yaşları da 65-i keçib və onlar azadlığa buraxılmayıbsa, bu, artıq ayrıseçkilik olacaq".

R.Cəfərov vurğulayıb ki, bugün, aprelin 6-da verilmiş əfv sərəncamı may ayında gözlənilən əfv sənədinə təsir etməməlidir: "Çünki bu əfv sərəncamı növbədənkənar, sırf koronavirusla bağlı verilmiş sərəncamdır. Ümid edirik ki, mayda yeni əfv sərəncamı veriləcək".

R.Cəfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun bu sənədlə azadlığa çıxmasına da toxunub: "Əgər 65 yaş kriteriyası hamıya şamil olunubsa, onda bir söz demək olmur. Amma Akif Çovdarovun ittiham olunduğu maddələr xüsusi ağır cinayətlər kateqoriyasına aiddir".

“İstərdim ki, əfv fərmanı siyahımızda olan şəxslərə də şamil edilsin”

“Bu sərəncamı alqışlamaq lazımdır. Bu çox humanist addımdır”

Bunu isə başqa bir hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

Səidə Qocamanlı əlavə edib ki, bu, pandemiya zamanı məhbuslarla bağlı artıq ikinci pozitiv addımdır:

"Bir müdət əvvəl cəzaçəkmə müəssisələrindən 200 məhbus (cəza müddətinin bitməsinə az qalmış) azadlığa buraxıldı. Bu gün isə 65 yaşından yuxarı olan 170 nəfərdən çox şəxs azadlığa qovuşdu. Bu, çox gözəldir. Düşünürəm ki, bunun davamı gələcək. Çünki həbs yerlərində nə qədər az məhbus olacaqsa, o qədər yaxşıdır, axı məhbusların bir-biri ilə təmasları azalır. Mən azadlığa buraxılacaq şəxslər deyəndə əlbəttə ki, dövlətçiliyə qarşı cinayət törədən, terroçuluqda ittiham olunanları nəzərdə tutmuram. Nəzərə almaq lazımdır ki, məhbusların ailələri indiki çətin zamanda çox narahatdır, məhbusların arasında xəstə və yaşlı insanlar var. Ona görə də bu sərəncamı alqışlamaq lazımdır".

Səidə Qocamanlı
Səidə Qocamanlı

Hüquq müdafiəçisi hesab edir ki, siyahılarda yer alan şəxslər də azadlığa buraxılmalıdır:

"Mən çox istərdim ki, əfv fərmanı siyahımızda olan şəxslərə də şamil edilsin. Bu bloqer, jurnalistlər və digər şəxslərdir. Biz pandemiyanın qarşımızda qoyduğu çətin vəziyyətlə hesablaşmalıyıq və mən çox istərdim ki, qeyd etdiyim şəxslər azadlığa qovuşsun. Düşünürəm ki, proses davam edəcək. Biz çox istərdik ki, xüsusi diqqət bu yaxınlarda barələrində həbs - qəti imkan tədbiri seçilən Elçin Məmməd və Tofiq Yaqubluya yönəlsin. İkisinin da sağlamlığında ciddi problem var".

Elçin Məmməd hüquq müdafiəçisidir,oğurluqda ittiham edilir.Tofiq Yaqublu isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür.O, isə xuliqanlıqda günahlandırılır.

Hər ikisi də ittihamı qurama sayır.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 641 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin də vəfat etdiyi açıqlanıb.

Bu virus pandemiyası ilə bağlı son həftələr bir çox ölkələr məhbusların bir hissəsini azadlığa buraxmağa başlayıb.

XS
SM
MD
LG