Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür


Prezident Administrasiyası
Prezident Administrasiyası

Bakı, «28 Mall» ticarət mərkəzinin qarşısı. İçində, çox güman ki, dərs kitabları olan çantası ilə piyada zolağından keçən qızı polis əməkdaşı saxlayır. «Polis serjantı Məmmədov. Vətəndaş, piyada svetoforuna riayət etmədiyinizə görə İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cərimə olunursunuz. Cəriməni yaxın günlərdə protokolda qeyd olunan hesaba ödəməyiniz xahiş olunur».

CƏRİMƏLƏRDƏN TƏKCƏ POLİS QAZANMIR

Son bir neçə ildə Bakının piyada keçidləri yaxınlığında dayanan, yolu müəyyən olunmayan yerdən keçməyə cəhd edən şəxsləri saxlayan və aman vermədən cərimə yazan yol polisi əməkdaşlarını görməyə adət etmişik. Avtomobili olanlar da deyirlər ki, qaydalara əməl etdin-etmədin, bir şey tapıb cərimə yazırlar. Bəs bu canfəşanlığın gerçək səbəbi vətəndaşlara qanunçuluğu aşılamaqdırmı? Yığılan cərimələrin məbləği ilbəil artdığından bunu söyləmək çətindir. Bəlkə polis əməkdaşları gündə orta hesabla 8 mindən çox protokol tərtib etməklə öz maaşlarının artmasının qayğısına qalırlar? Axı, bir neçə ildir ki, bu növ cərimələrdən toplanan vəsaitin 25 faizi Baş Dövlət Yol Polisi əməkdaşlarının vəzifə maaşlarına əlavə kimi ödənilir. Görünür, təkcə bunlar deyilmiş...

Hökumətin ən müxtəlif cərimələr düşünüb tapmasının arxasında dayanan səbəblərdən biri məlum olub. Sən demə, yolu müəyyən olunmamış yerdən keçməyə və avtomobilin sürət həddini aşmasına görə cərimələrin, vergidən yayınmaya görə maliyyə sanksiyasının, gömrüyün malın bəyan olunma qiymətini artırmasına görə yığımlardan gələn pulun bir hissəsi bu ilin may ayından etibarən Prezident Administrasiyasına və ona yaxın olan başqa qurumlara da çatırmış.

PREZİDENT APARATININ 5 FAİZLİK «PAYI»

Bu ilin may ayının 1-də prezident İlham Əliyev «Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» fərman imzalayıb. Fərman normativ hüquqi akt olmasına baxmayaraq, hansısa səbəblərdən mətbuatda dərc olunmayıb. Lakin onun mətni e-qanun.az portalında yerləşdirilib. Qərar imzalandığı tarixdən qüvvəyə minib.

Fərmana əsasən, aşağıdakı mənbələrdən daxil olan vəsaitlərin bir hissəsi Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyənlərin mükafatlandırılmasına və əmək haqlarına əlavə kimi ödənilməsinə xərclənəcək. Söhbət isə milyonlarla manatdan gedir:

***Buna da bax-Cərimə et - qazan...

-Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 5 faizi;

- Vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi;

- «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 5 faizi;

-«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-1-ci maddəsində nəzərdə tutulan, «ASAN xidmət» mərkəzlərində xidmətlərə görə ödənilən dövlət rüsumlarının 5 faizi;

Yol polisi
Yol polisi

-Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İXM-ə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 5 faizi;

-Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 5 faizi;

-«Əhalinin sağlamlığının qorunması haqqında» Qanunda nəzərdə tutulan, İXM-ə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 5 faizi;

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İXM-ə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 5 faizi;

-Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmaların 5 faizi.

5 FAİZ DEYİB KEÇMƏYİN - SÖHBƏT MİLYONLARDAN GEDİR

Dövlət Statistika Komitəsi məlumat verir ki, 2016-cı ildə yol hərəkəti qaydalarının pozulması halları 13 faiz artıb. Yol polisi əməkdaşları bu hallar üzrə 2 milyon 861.9 min inzibati protokol tərtib ediblər. Xətaların tam yarısı hərəkət sürəti həddinin aşılması, 11.9 faizi - dayanma və ya durma qaydalarının pozulması, 5.1 faizi - yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4.6 faizi - yol ayrıcını keçmə, 4.2 faizi - təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblərə bağlıdır. Qaydaların pozulmasına görə 85.4 milyon manat məbləğində cərimə tətbiq edilib.

***Buna da bax-Sükan arxasında danışana cərimə necə müəyyən olacaq?

Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinə dair rəyində yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin 2016-cı ilə nisbətən 7 milyon manat artacağı qeyd olunurdu. 2018-ci ildə də, çox yox, elə bu qədər cərimə yazılarsa, bunun 5 faizi, yəni 4 milyon 270 min manatı Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyənlərə çatacaq.

Bundan başqa, 2017-ci ildə Dövlət Gömrük Komitəsi gömrük yığımından daxilolmaların artımla nəzərə alınması hesabına onun büdcədənkənar hesabına 10 milyon manat daha çox toplaması gözlənilirdi. 2015-ci ildə isə Komitənin «ikinci kassasına» 46 milyon manatdan artıq vəsait toplandığı göstərilirdi.

Cərimələrin məbləğinin artırılması hesabına Dövlət Miqrasiya Xidməti bu il əvvəlki illə müqayisədə 900 min manat və ya 33.3 faiz daha çox vəsait toplayasıdır. 2016-cı ildə miqrasiya rejimini pozanlardan 3.6 milyon manat toplanacağı proqnozlaşdırılmışdı. Səhiyyə sektoru üzrə bu il büdcədənkənar daxilolmaların 2 milyon manat civarında olacağı təxmin edilirdi.

Vergi. Karikatura
Vergi. Karikatura

PASPORT ALANDA DA, YERƏ ZİBİL ATANDA DA

2016-cı ildə «Asan Xidmət» mərkəzləri 20 milyon 585.6 min manat, Ədliyyə Nazirliyi sistemində fəaliyyət göstərən notarial kontorlar 12 milyon 226.9 min dövlət rüsumu toplayıblar.

2016-ci il üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatında deyilir ki, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 773 iş üzrə təqsirkarlar 883730 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120.7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778.69 manat məbləğində ödəmə tətbiq edilib. Cəmi 2.6 milyon manat.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin il inzibati xətalara görə vəzifəli və hüquqi şəxs barədə 937.2 min manat məbləğində cərimə tətbiq edib.

***Buna da bax-Martın 6-da yeni cərimələr qüvvəyə minir, həm də həbslərlə

Gələn ilin dövlət büdcəsinin layihəsi isə hazırdır. Sənədə görə, vergi qanunvericiliyinin pozulmasına görə 140 milyon manat həcmində maliyyə sanksiyalarının tətbiq olunması və dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Vergi əməkdaşları bunun öhdəsindən gəlsələr, o zaman bu vəsaitdən yarısı büdcədə qalacaq, 63 milyon manatı onların büdcədənkənar hesabına köçürüləcək, qalan 7 milyon manatı Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyənlərin arasında bölünəcək. Hələlik digər dövlət qurumları üzrə toplanacaq büdcədənkənar vəsaitlərin məbləği açıqlanmayıb.

İŞLƏMƏYƏN ANALARIN MÜAVİNƏTİ QƏDƏR

Bir çox dövlət qurumları büdcədənkənar vəsaitlərin toplanması və xərclənməsi haqda ictimaiyyəti bilgiləndirmədiklərindən Prezident Administrasiyasının onların hansı məbləğdə gəlirlərinə ortaq olduğunu indidən dəqiq söyləmək çətindir. Amma əvvəlki illərin rəqəmlərinə söykənib demək olar ki, söhbət ən azı 311 milyon manatdan artıq vəsaitin necə bölünəcəyindən gedir. Bu hesabla «piroqdan» Administrasiyanın, İşlər İdarəsinin və Tibb Xidmətinin qulluqçuları 15.5 milyon manatdan çox vəsaitə iddia edə bilərlər. Bu azdır, ya çox, özünüz hesablayın: hökumət məhz bu qədər vəsaiti işləməyib, 3 yaşa çatanadək uşağa qulluq edən analara bu il ərzində ödəməyə boyun olmuşdu. Başqa bir müqayisə: Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi xərcləri 2017-ci ildə məhz 15 milyon manat artıb. Bu ilin əvvəlində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək pensiyalarının yığım hissəsinin inflyasiyaya uyğun (12.4 faiz) indeksasiya edilməsi üçün ayda toplam 10 milyon 210 min manatın tələb olunduğunu demişdi. Bu vəsait isə 1 milyon 240 min nəfər arasında bölünür. Qısası, ümumi əlilliyə və yaşa görə pensiya alanların aylıq təqaüdü orta hesabla adambaşına 8 manat 23 qəpik artırılmışdı.

ADAMBAŞINA 23 MIN MANAT

Bəs 5 faizlik yığımlar neçə nəfər arasında bölünəcək? Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 473 nəfər, prezidenti İşlər İdarəsində 67 nəfər, prezidentin Xüsusi Tibb Xidmətində isə 117 nəfər işləyir. Başqa sözlə, prezidentin 657 nəfərlik komandası vəzifə maaşları, xidməti maşınlar və s. imtiyazlardan əlavə 9 dövlət qurumunun topladığı vəsaitin 5 faizini də əldə edir. Bu, Prezident Aparatının hər əməkdaşının sosial vəziyyətinin yaxşılaşdırılması üçün ildə orta hesabla, ən azı, 23 min manat xərclənəcəyi deməkdir.

Azərbaycanda əlilliyi olanların aldığı aylıq müavinət 55 manatdır. Milli Məclisə əlilliyə görə müavinətin sosial vəziyyəti yaxşı olan əlillərə ödənilməsini məhdudlaşdıran qanun layihəsi təqdim olunub.

Yol hərəkəti qaydalarının pozulması – 85.4 milyon manat85400000
Gömrük rüsumları - 46 milyon46000000
Miqrasiya - 3.6 milyon manat3600000
Asan Xidmət - 20 milyon 585.6 min manat20585600
Notarial kontorlar - 12 milyon 226.9 min12226900
Ekologiya cərimələri – 2.6 milyon manat2626628
ƏƏSMN – 937.2 min manat937200
Vergi cərimələri - 140 milyon manat140000000
Cəmi 311376328
Prezident aparatı və yan qurumlarda işləyənlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ayrılan 5 faiz15568816.4
PA-da işləyənlərin adambaşına düşən məbləğ (ildə)23696.83
XS
SM
MD
LG