Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:44

'Pulyuyan maşın'dan Merkel-in müttəfiqinin adı çıxdı


Angela Merkel
Angela Merkel

Azərbaycanın avropalı siyasətçilərə rüşvət verməsi iddiaları Almaniya seçkilərinə qədər gedib çıxıb. «Azərbaycanın pulyuyan maşını» adlı araşdırmada Almaniya kansleri Angela Merkel-in yaxın müttəfiqinin də Azərbaycandakı rejimdən pul aldığı iddia olunur. Bu haqda «The Guardian» qəzeti «Süddeutsche Zeitung»a istinadla yazır. Merkel-in Xristian-Demokratik İttifaqı Partiyasının üzvü olan Karin Strenz-ə 7 min-15 min dollar (6 min-13 min funt sterlinq) pul verildiyi bildirilir. Bu pulun Almaniya parlamentinin keçmiş üzvü, Azərbaycan üçün lobbiçilik edən Eduard Lintner-in yaratdığı firma vasitəsiylə köçürüldüyü iddia olunur.

MERKEL-DƏN ÖTRÜ UTANCVERİCİ

Qəzet yazır ki, bu informasiya Almaniya kanslerindən ötrü utancvericidir. Belə ki, o, sentyabrın 19-da Baltik liman şəhəri olan Vismarda Karin Strenz-lə birlikdə kampaniya aparıb.

***Buna da bax-2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Strenz informasiyanı şərh etməyib, «The Guardian»ın elektron məktublarına cavab verməyib.

Məqalədə vurğulanır ki, bu qalmaqal yuxulu seçki kampaniyasını silkələyə bilər. İndiyədək kampaniyada ABŞ və Britaniya üçün tipik sayılan elə bir şəxsi qarayaxma, yaxud qalmaqallı hücum olmayıb. Merkel-in CDU partiyası qələbəsini təmin etməyə çalışır. Son rəy sorğuları ona dəstəyin 36% – ən yaxın rəqibi olan Sosial Demokratlardan 14 vahid çox olduğunu üzə çıxarıb.

E.Lintner «Azərbaycanın pulyuyan maşını» adlı araşdırmada adı çəkilən bir neçə tanınmış avropalıdan biridir. Onun Azərbaycan hakimiyyətindən böyük məbləğdə pul aldığı bildirilir. Özü ödənişlərin olduğunu boynuna alıb, ancaq bundan şəxsən faydalanmadığını, pulun mənbəyi barədə də bilgisiz olduğunu söyləyib.

Jurnalist araşdırmasını OCCRP jurnalistik layihəsi, «The Guardian» və digər media tərəfdaşları aparıb.

***Buna da bax-2.9 milyarda nələr etmək olardi? – Q.İbadoğlunun cavabı

PUL LINTNER-İN ŞİRKƏTİ VASİTƏSİYLƏ KÖÇÜRÜLÜB

Araşdırmada Azərbaycanın hakim elitasının ölkə tənqidçilərini susdurmaqdan ötrü 2.9 milyard dollar (2.1 milyard funt-sterlinq) vəsaiti ölkədən çıxararaq, müxtəlif yollarla avropalı siyasətçilərə ötürdüyü qeyd olunur.

Lintner-in Böyük Britaniya şirkətləri vasitəsiylə 800 min funt-sterlinqdən artıq pul aldığı bildirilir. Strenz-ə ödənişlər 2014-2015-ci illərdə Lintner-in «Line M-Trade» şirkəti vasitəsiylə göndərilib.

O, pulu qeydiyyatdan keçirib, ancaq Strenz-in pulun mənbəyindən xəbərdar olub-olmaması bəlli deyil.

Strenz Azərbaycana bir neçə dəfə səfər edib, seçki müşahidəçisi də olub. O, Almaniya – Cənubi Qafqaz Dostluq qrupunun sədridir. «Azərbaycanın avtoritar lideri İlham Əliyevlə birgə fotosunu «Siyasət fərqli ola bilər» şüarıyla vebsaytına yerləşdirib», – məqalədə deyilir.

Keçmiş müəllim olan Strenz 2009-cu ildən parlamentin üzvüdür. «The Guardian» vurğulayır ki, indi o, Berlində və Avropa Şurasında səsvermə prosedurlarına bu ödənişlərin təsir göstərib-göstərmədiyini izah etməli olacaq.

***Buna da bax-S.Seyidov: 'Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq'

STRENZ-DƏN İZAHAT GÖZLƏNİR

Strenz 2015-ci ilin iyununda AŞPA-da Azərbaycanı siyasi məhbusları buraxmağa çağıran sənədə qarşı səs verib. «Yox» deyən yeganə alman deputat olub. Strenz digər müşahidəçilərin tənqidinə baxmayaraq, Azərbaycandakı seçkilərin legitimliyini təsdiqləyib.

Azərbaycanla bağlı araşdırmada adı keçən belçikalı senator Alain Destexhe isə ötən şənbə günü – sentyabrın 16-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlüyündən istefa verib. O, həm də AŞPA hüquqi məsələlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi idi. Alain Destexhe Azərbaycanla bağlı məruzəsini AŞPA-nın oktyabr sessiyasına təqdim edilməliydi.

Daha öncə Avropa parlamenti «pulyuyan maşın» araşdırmasıyla bağlı təhqiqat aparılmasına çağırıb.

Azərbaycan rəsmiləri isə OCCRP-nin araşdırmasını qərəzli və əsassız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

XS
SM
MD
LG