Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

Putin Bakıya niyə gəlib və nə istəyir? Yerevandan reaksiya


V.Putin və İ.Əliyevin Bakıda qeyri-rəsmi görüşü
V.Putin və İ.Əliyevin Bakıda qeyri-rəsmi görüşü

“Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”. AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələlər geniş müzakirə edilib. İ.Əliyev vurğulayıb ki, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Vladimir Putin:”Cənubi Qafqazda sabitlik...”

Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. O habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Rusiyanın mümkün vasitəçiliyindən bəhs edib, Moskvanın Azərbaycanla Ermənistan arasında “sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcəyini” deyib.

Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da rusiyalı həmkarı ilə rəsmi görüş keçirib
Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da rusiyalı həmkarı ilə rəsmi görüş keçirib

“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”, - deyə o əlavə edib.

Rusiya prezidenti avqustun 18-də Azərbaycana gəlib. Bundan 2 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında “… müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalamışdılar. Sənəddə iki ölkə arasında siyasi, iqtisadı və daha bir çox sahələrdə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilirdi.

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

"Bütün bunlar Rusiyada ciddi narahatlıq doğurur"

Milli Məclisin keçmiş deputatı Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, Putinin Azərbaycana səfərində iki qonşu dövlət arasında münasibətlərin yüksək səviyyədə olması üçün müəyyən sənədlər imzalanıb: "Amma regional məsələlər də müzakirə olunub. Qərb Ukrayna vasitəsilə yavaş-yavaş Rusiyanın sərhədlərinə doğru, Rusiyanın içərisində irəliləyir".

Onun deməsinə görə, habelə Ermənistan silahlandırılır və bu ölkə Rusiyanın nəzarətindən çıxır: "Rusiyanın Ermənistana təsir etməyə imkanı yoxdur. Bütün bunlar Rusiyada ciddi narahatlıq doğurur".

S.Rüstəmxanlı hesab edir ki, Cənubi Qafqaz yavaş-yavaş Qərbə doğru sürüşür: "Belə bir vəziyyətdə Azərbaycanın həm Qərblə, həm Rusiya ilə stabil mövqeyi və normal münasibət qurmaq istəyi onun hörmətini artırır. Rusiya ona görə də Azərbaycanla münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır".

Onun vurğuladığına görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bunu dəfələrlə bəyan edib: "Bir yandan isə Ukrayna torpaqlarına göz dikən Rusiya ilə isti münasibətləri qoruyub saxlayırıq. Bu, dünyada normal qarşılanmır və bununla Avropanın Azərbaycana etimadı azala bilir. Amma Azərbaycan Avropanın başqa üzünü də görüb, Avropa illər ərzində işğalçı Ermənistanın yanında olub, indi də onun yanındadır. Ona görə də Azərbaycan qonşusu olan Rusiya ilə normal münasibətləri qorumalıdır. Ən azından ona görə ki, orada 3 milyona yaxın soydaşlarımız yaşayır".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Kremldə Azərbaycan üzərindən Avropaya qaz satmağı düşünürlər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, prezidentlər məhdud tərkibdəki görüşdə, əsasən, üç məsələ ətrafında müzakirə aparıblar: "Birinci mövzu "Şimal-Cənub" nəqliyyat dəhlizin imkanlarının genişlənməsidir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə sanksiyalarla üz-üzədir, Avropaya mal-məhsul sata bilmir. Ona görə də sözügedən nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə diqqətini artırıb ki, Azərbaycan və İran üzərindən Asiya bazarlarına çıxış imkanlarını əldə etsin".

Ekspertin fikrincə, V.Putin üçün ikinci əsas mövzu qazdır: "Ukraynaya qarşı müharibəyə görə Rusiya böyük həcmdə Avropaya qaz sata bilmir. İndi Ukrayna qoşunları Kurska hücumundan sonra Sudjada qazpaylayıcı stansiyanı nəzarətə götürüb və Rusiya artıq o az miqdarda satdığı qazı da sata bilmir. Ona görə də Kremldə, məncə, belə bir variant haqqında düşünürlər ki, Azərbaycan üzərindən Avropaya qaz satsınlar".

O düşünür ki, əgər Avropa bu kombinasiyaya razılaşarsa, Azərbaycan Rusiya qazını öz üzərindən sata bilər.

Politoloqun sözlərinə görə, üçüncü müzakirə olunan məsələ regiondakı vəziyyətlə bağlıdır: "Pitin görür ki, artıq Cənubi Qafqazda Rusiya oyundankənar vəziyyətdə qalır. Azərbaycanla Ermənistan arasında son danışıqlarda moderator kimi iki dövlət çıxış edir: Almaniya və ABŞ. Ona görə də Moskva yenidən moderatorluğuna qayıtmaq istəyir. Amma Ermənistan buna razı deyil. Ermənistanın da buna razı olmaması Azərbaycanın xeyrinədir".

Siyasi şərhçi ehtimal edir ki, Moskvanın "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcəyindən bəhs edilən yol) ilə bağlı maraqları var: "İstəyir ki, bu dəhliz açılsın və Rusiya buna nəzarət etsin. Bu da Azərbaycanın maraqlarına ziddir. "Zəngəzur dəhlizi" Orta Dəhlizin tərkib hissəsidir və Rusiya Ermənistan üzərindən ona nəzarət edərsə, faktiki Orta Dəhlizin xəttinə nəzarət edəcəklər".

Azər Qasımlı
Azər Qasımlı

"Putini Bakıya gətirən əsas məsələ də məhz budur"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, görüşdə əsas bir məsələ müzakirə olunub: “Vladimir Putin Azərbaycanın Qarabağı işğaldan azad etməsinə göz yumdu və görünən odur ki, bu, müəyyən razılaşmalar əsasında olub. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat da imzalandı və həmin bəyanatda Rusiyanı ən çox maraqlandıran tərəfi "Zəngəzur dəhlizi"nin açılması və Rusiyanın nəzarətində olmasıdır. Vladimir Putini də Bakıya gətirən əsas məsələ də məhz budur".

Siyasi şərhçinin fikrincə, ikinci müzakirə olunan məsələ Rusiya qazının Azərbaycana satılmasıdır: "Ola bilsin, ötəri bunu da danışıblar. Amma əsas müzakirə predmeti o deyildi. Məsələ burasındadır ki, Azərbaycan Avropaya satılan qazın həcmi nə qədər artıra bilər? Hamı bilir ki, Azərbaycan hazırda ildə maksimum 20 milyard, irəlidə isə 30 milyard kubmetr qaz sata bilər. Daha artıq satacaqsa, aydın olacaq ki, bu, Rusiyanın qazıdır. Qərbin buna münasibəti necə olacaq, bəlli deyil".

A.Qasımlının sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsində maraqlıdır: "Rusiya çalışdı ki, Ermənistanda Paşinyan əvəzinə Rusiyaya meylli adamları hakimiyyətə gətirsin. Bu alınmadı, Paşinyan hökuməti daha da gücləndi, daha da Qərbyönlü kursu götürdü. Belə olan halda Ermənistanla Azərbaycan arasında hərbi toqquşmaların ehtimalı çox yüksəkdir".

Yerevandan reaksiya

Ermənistan rəsmiləri Putinin Bakıda verdiyi bəyanatları hələ ki, şərh etməyiblər. Lakin hakim “Vətəndaş müqaviləsi” partiyasından Qagik Melkonyan Rusiya prezidentinin dediklərini rədd edib.

O AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Rusiya lideri Bakıya Əliyevlə Ermənistana qarşı növbəti hərəkətlərini müzakirə etmək üçün gedib:

“Onlar Qarabağı Bakıya veriblər və indi Bakıdakılara borclarını xatırladırlar. Odur ki, mən Bakı görüşündən yaxşı nəsə gözləmirəm”.

Xatırlatma

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə nəticə etibarilə Bakının ərazi bütövlüyünü tədricən bərpa etməsi ilə başa çatıb. İki ölkə arasında münaqişə ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ məsələsi üstündə baş verib.

Dörd il əvvəlki 44 günlük müharibədən sonra üçtərəfli razilaşmaya (Azərbaycan, Rusiya və Ermənistan) əsasən, Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlı kontingenti yeridilmişdi. Sülhməramlılar, razılaşmaya görə, Azərbaycanda 2025-ci ilədək qalmalı idilər. Lakin 2023-cü ildə Azərbaycan birgünlük hərbi əməliyyatla Qarabağ üzərində nəzarəti tam ələ keçirdi və oradan erməni əhali köç etdi. Bu il isə Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də sülh sazişi imzalanmayıb. Azərbaycan-Ermənistan sərhədində tez-tez olmasa da, ara-sıra atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər buna görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar. Son günlər də yenə belə məlumatlar yayılmaqdadır.

XS
SM
MD
LG