Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Soçidə olanlar, olmayanlar…


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü. 26 noyabr 2021
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü. 26 noyabr 2021

Noyabrının 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin görüşü oldu. Müzakirələrdən sonra bəyanatla çıxış edən üç ölkənin liderləri bildirdilər ki, görüş səmərəli keçib və bir çox məsələlərdə razılıq əldə olunub. "…Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik", - bəyanatda yazılıb.

"Azərbaycanın mövqeyini əks etdirən məqamlar…"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Soçidə üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib. Nazirliyin yaydığı açıqlamada vurğulanırdı ki, görüş nəticəsində imzalanan bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin olunub: "Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır".

S.Vəliyeva
S.Vəliyeva

Milli Məclisin deputatı Sədaqət Vəliyeva da "Turan"a deyib ki, Soçi görüşü prezident İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsi kimi tarixə düşdü: "Bəyanatda Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya dəhlizlərinin açılması məsələləri əksini tapıb. Bu da Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

"Bu mövzu həll olunmamış qalır"

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, görüş 10 noyabr bəyanatının icra vəziyyətini təhlil etmək üçün keçirilmişdi: "Biz gördük ki, noyabrın 26-da qəbul olunmuş bəyanatda bəzi istiqamətlərdə inkişaf yolları göstərildi. Misal üçün, sərhədlərin delimitasiya məsələsi. Hiss olundu ki, tərəflərin mövqeləri sərgilənir və yanaşma platformasını əldə etmək üçün yaxın bir ay ərzində müzakirələr olacaq. Yəni, bu mövzu həll olunmamış qalır".

T.Zülfüqarov
T.Zülfüqarov

O qeyd edib ki, "Zəngəzur dəhlizi"ni (Ermənistanın Sünik bölgəsindən keçməlidir) hazırda açmaq mümkün deyil: "Çünki praktiki baxımından 100 kilometrə yaxın dəmir yolu bərpa olunmalıdır. Bu işlər bəlkə də bir ildən çox vaxt apara bilər. Bunun hələ Naxçıvanda olan qoşulma hissəsi və Ermənistan hissəsi də var. Yəni, qərar qəbul olunsa belə, bunun icrası hələ ki, mümkün deyil".

Lakin T.Zülfüqarovun fikrincə, vaxt faktoru nəzərə alınmaqla bu dəhliz məsələsi icra olunacaq: "Görüşdə onun barəsində hər hansı qərarın qəbul olunması bəlkə də vaxtından tez olan bir məsələ idi".

"Paşinyanın Minsk qrupu ilə bağlı bəyanatı…"

Keçmiş nazir vurğulayıb ki, görüşdə Ermənistan tərəfindən başqa ATƏT-in Minsk qrupunu yada salan olmayıb: "Bu o deməkdir ki, Qarabağ mövzusunda indiki vəziyyət davam edəcək. Azərbaycan tərəfi işğala son qoyub və müvəqqəti olaraq reinteqrasiya prosesi üçün bizə sülhməramlı qüvvələr kömək edir. Bu reinteqrasiya prosesinin formatını Azərbaycan seçib və bu formatda Azərbaycan, Rusiya və Türkiyə var. Ona görə də Nikol Paşinyanın Minsk qrupu ilə bağlı bəyanatı yalnız bir istəkdir".

Z.Əlizadə
Z.Əlizadə

"Delimitasiya prosesi 30 il də davam edə bilər"

Siyasi şərhçisi Zərdüşt Əlizadə də AzadlıqRadiosuna bildirib ki, Soçidəki görüşün nəticələri var: "Rusiya çalışırdı ki, münaqişə həllini tapmasın, vəziyyət mürəkkəbləşsin. Lakin işə Avropa Birliyi qarışdı və qərarlaşdırıldı ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında siyasi danışıqlar olsun".

Politoloq hesab edir ki, bunun qarşısını almaq üçün Vladimir Putin Azərbaycan prezidentini və Ermənistan baş nazirini Soçiyə çağırdı: "Həmin görüşdə qərar qəbul olundu ki, iki məsələ ilə bağlı hansısa bir proses başlasın. Proses də ondan ibarətdir ki, tərəflər delimitasiya ilə bağlı komissiya yaradırlar və danışıqlar aparırlar. Delimitasiya prosesi 30 il də davam edə bilər, amma əsas odur ki, danışıqlar gedir. İkincisi də, kommunikasiyaların açılması ilə bağlı ümumi razılıqlar əldə olundu. Burada da müəyyən irəliləyiş var".

Nikol Paşinyan Qarabağla sərhəd məsələlərini bir-birindən ayrımağa çalışır
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də onlar üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG