Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Putinin yeni konsepsiyası ABŞ-ı ‘əsas düşmən’ adlandırır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Prezident Vladimir Putin Rusiya xarici siyasətinin yeni Konsepsiyasına dair fərman imzalayıb.

Sözü gedən sənədi martın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Bu sənəddə ABŞ “risklərin” və “anti-Rusiya siyasətinin” əsas mənbəyi adlandırılır.

Lavrovun sözlərinə görə sənəd “beynəlxalq işlərdə baş vermiş inqilabi dəyişiklikləri” əks etdirir.

Putinin özü XİN-ə və başqa idarələrə “konstruktiv əhval-ruhiyyəli partnyorlarla əlaqələrin genişləndirilməsini və qeyri-dost ölkələrin düşmən siyasətdən əl çəkməsi üçün şəraitin formalaşdırılmasını" tapşırıb.

Rusiya ayrıca sivilizasiyasır

Rusiya sənəddə “rus xalqını və Rus dünyasının mədəni-sivilizasiyana daxil başqa xalqları birləşdirən özünəməxsus dövlət-sivilizasiya” adlandırılır.

Konsepsiyada vurğulanır ki, Rusiya “qlobal qüvvələr balansını tarazlaşdırmaq” və “bəşəriyyətin dinc inkişafını dəstəkləmək kimi unikal missiyaya” malikdir.

Sənəddə iddia olunur ki, Rusiyanın xarici siyasəti “sülhsevər” xarakter daşıyır, “lakin dost, neytral və qeyri-dost ölkələrə yanaşmada fərqlidir”.

Konsepsiyada bildirilir ki, nüvə dövlətləri də daxil böyük ölkələrin toqquşması ilə qlobal müharibə riski artıb.

ABŞ və Qərbin hegemonluğuna qarşı

ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı “yeni tip hibrid müharibə” aparmaqda ittiham edilir. Amma bu da qeyd olunur ki, Rusiya “özünü Qərbin düşməni hesab etmir”, lakin “öz varlığını və azad inkişafını malik olduğu bütün vasitələrlə, o cümlədən ordu ilə” müdafiə etməyə hazırdır.

Sənədin bir neçə yerində “destruktiv xarici təsirlərdən müdafiə” ifadəsi işlədilir.

Konsepsiyada qeyd olunur ki, Moskva prioritet diqqətini “ABŞ və başqa qeyri-dost ölkələrin dünya işlərindəki hegemonluğunun qalıqlarının aradan qaldırılmasına” yönəltmək niyyətindədir.

Sənəddə habelə “ənənəvi dəyərlərin psevdohumanist və neoliberal dəyərlərdən müdafiəsi” əsas məqsədlərdən biri elan edilir.

Bu da vurğulanır ki, Rusiya təhlükələrin dəf olunması üçün “simmetrik və asimmetrik tədbirlərə” əl atacaq.

Moskvanın qonşu ölkələrdən əl çəkmək niyyəti yoxdur

Konsepsiyada qeyd edilir ki, qonşu ölkələrlə münasibətlər Rusiyanın təhlükəsizliyi üçün çox mühüm faktordur.

Sənəd faktiki olaraq qonşu ölkələri Rusiyanın nüfuz dairəsi elan edir. Məsələn bildirilir ki, “Rusiya qeyri-dost ölkələrin infrastrukturunun onun qonşularının ərazilərində yerləşdirilməsinə qarşı mübarizə aparacaq”.

Konsepsiyada Ukraynanın adı çəkilmir.

Sənəddə bildirilir ki, Rusiya Çin, Hindistan, İran, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı və Misirlə, habelə Braziliya, Kuba, Nikaraqua və Venesuela ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Qeyd edilir ki, Avropa ölkələri ABŞ-ın təsiri altındadır, lakin onlardan hansılarsa siyasətlərinə yenidən baxsalar, onlara da “Böyük Avrasiya Tərəfdaşlığında layiqli yer tapılar”.

Ümumilikdə bu sənəd Vladimir Putinin bundan əvvəl verdiyi anti-Qərb bəyanatlarını təkrar edir. Konsepsiyada Ukraynanın adı bir yerdə, o da dolayısı ilə qeyd olunub.

XS
SM
MD
LG