Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:28

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib


Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Mayın 4-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Rusiya sülhməramlılarının yerləşdirildiyi Qarabağ bölgəsində əməliyyat şəraiti müzakirə olunub.

Bundan əvvəl, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilir. Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağdakı sülhməramlıların komandanı dəyişib

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti komandanı dəyişib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 25-dən Qarabağdakı sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu general-polkovnik Aleksandr Lentsov əvəz edib.

Lentsov 2020-ci ildən Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviridir.

O 2020-ci ilə qədər Rusiya Federasiyası Silahlı Qüvvələri quru qoşunları baş komandanın müavini olub.

Lentsovun Əfqanıstanda, Çeçenistanda, Cənubi Osetiyada və Suriyada hərbi əməliyyatlarda iştirak etdiyi deyilir.

Onun 2014-2015-ci illərdə Ukraynanın Donbas regionunda “Atəşkəsə nəzarət, koordinasiya və tərəflərin təmas xəttinin sabitləşmə üzrə birgə mərkəzinin” rəhbəri olduğu da açıqlanıb.

Ukraynanın internet resursları onun həmin illərdə Donbasda separatçıların tərəfində döyüşdüyünü də iddia edirlər. Amma bu iddaları qarşı tərəf təsdiqləməyib.

Rusiya 2014-cü ildə Ukraynanin Krım bölgəsini ilhaq edib. Daha sonra Ukraynanın şərqində separatçılar baş qaldırıb.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya açıq təcavüz edib.

Rüstəm Muradovun da gəldiyi deyilir

Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov artıq Qarabağdadır və “Laçın dəhlizində Azərbaycanın qurduğu buraxılış nəzarət postunun sökülməsi” barədə Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna “Qarabağın keçmiş müdafiə naziri” kimi təqdim olunan Samvel Babayan verib.

Babayanın sözlərinə görə Rusiya sülhməramlı kontingentin komandanını məhz bu məntəqənin məsələsi ilə bağlı dəyişiblər.

Lentsovun Qarabağdakı sülhməramlılara komandan təyin edilməsi barədə xəbəri Rusiyanın bir sıra teleqram kanalları da yayıblar.

Xəbərlərdə bu da bildirilir ki, Lentsovla birlikdə Qarabağa Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov da gəlib və o da Azərbaycanla danışıqlarda iştirak edəcək.

Xatırlatma

Azərbaycan isə 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG