Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

Kreml Surovikinin harada olması barədə yazılanları 'spekulyasiya' adlandırır


Vladimir Putin (sağda) və Sergey Surovikin, arxiv fotosu
Vladimir Putin (sağda) və Sergey Surovikin, arxiv fotosu

İyunun 28-də Rusiya mediası Ukraynada müahribə aparan qüvvələrin komandir müavini Sergey Surovikinin harada olması və həftəsonu qiyamındakı rolu barədə spekulyasiyaları davam etdirib. Kremlin sözçüsü Dmitri Peskov isə məlumatları təkzib edib.

“Həmin hadisələr haqda xeyli spekulyasiyalar, iddialar var. Məncə, bu da onlardan biridir”, – Peskov iyunun 28-də jurnalistlərə deyib.

İyunun 24-dəki videomüraciətdən bəri Surovikini görən olmayıb.

“The Moscow Times” Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadla Surovikinin həbs olunduğunu yazıb. Generalın harada olmasına dair jurnalistlərin sualını mənbə belə cavablandırıb: “Biz bu informasiyanı heç daxili kanallar vasitəsilə belə şərh etmirik”.

Üç gündür ailəsi ilə əlaqə saxlamır

“Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov deyib ki, Surovikin üç gündür ailəsi ilə əlaqə saxlamır. Venediktovun sözlərinə görə, onun mühafizəçiləri ilə də əlaqə saxlamaq alınmayıb.

AzadlıqRadiosu bu məlumatları təsdiqlədə bilməyib.

Həftəsonu Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner” özəl hərbi qruplaşması Rusiyanın cənubundakı Rostov-na-Don şəhərini tutub və Moskva üzərinə yürüşə başlayıb.

“The Wall Street Journal” Qərb kəşfiyyatının adı çəkilməyən rəsmilərinə istinadla yazıb ki, Priqojin qiyam vaxtı birinci Müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu tutmağı planlaşdırıb. Qəzetin yazdığına görə, Rusiya gizli xidməti plandan xəbər tutandan sonra Priqjoin “planlarını sürətləndirib”.

Qərbdən reaksiyalar

Ağ ev spekulyasiyaya münasibət bildirməyib. “The Wall Street Journal”ın yazdıqları ilə bağlı qurumun sözçü müavini Oliviya Dolton brifinqdə deyib ki, Ağ ev bu məlumatları təsdiqləyə, yaxud şərh edə bilməz.

Ancaq ABŞ Prezidenti Co Bayden (Joe Biden) isə söyləyib ki, iğtişaş Prezident Vladimir Putini zəiflədib, ancaq bunun hansı miqyasda baş verdiyini “demək çətindir”.

“Aydındır ki, o, Ukraynada müharibəni uduzur. O, ölkəsində də müharibəni uduzur və dünyada sanki təcrid olunub”, – Bayden iyunun 28-də Putin haqda deyib.

Almaniyanın Kansleri Olaf Şolts bildirib ki, qiyam Putini zəiflədib, “avtokratik strukturlarda, hakimiyyət strukturlarında çatları üzə çıxarıb”.

+++

NYT: Surovikin Priqojinin planından xəbərdar olub

Rusiyanın yüksək rütbəli generalının “Vaqner” özəl hərbi qrupunun başçısı Yevgeni Priqojinin ölkənin hərbi rəhbərliyinə qarşı qiyam planlarından xəbəri vardı. Bunu məsələylə bağlı kəşfiyyat məlumatlarından agah ABŞ rəsmiləri “New York Times” qəzetinə deyib.

Rəsmilərin sözlərinə görə, onlar Ukraynadakı müharibəyə başçılıq etmiş general Sergey Surovikinin Proqijinin ötən həftəsonu hərəkətlərinə kömək edib-etmədiyini öyrənməyə çalışırlar.

Surovikin orduda çəkisi olan liderdir, ötən il Ukraynanın əkshücumundan sonra döyüş zonasında müdafiənin möhkəmləndirilməsinə kömək edib. Onu yanvarda vəzifədən çıxarsalar da, müharibə əməliyyatlarında nüfuzunu saxlayır, əsgərlər arasında populyardır.

Priqojin iyunun 24-də qüvvələrinin Rostov-na-Don şəhərini tutduğunu, Moskva üzərinə yürüşə başladıqlarını elan edib. Ancaq bir gün sonra Belarus lideri Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə razılaşma əldə olunub. Priqojin qiyamı dayandırıb, hazırda onun Belarusda olduğu bildirilir.

Amerika rəsmilərinin sözlərinə görə, digər rusiyalı generalların da Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyini güclə dəyişdirmək cəhdini dəstəkləməsinin əlamətləri var. ABŞ-ın indiki və keçmiş rəsmiləri deyirlər ki, Priqojin hakimiyyətdəkilərin onun köməyinə gələcəyinə inanmasaydı, belə bir qiyama başlamazdı.

Surovikin vəzifədən kənarlaşdırıla bilərmi

Qəzet yazır ki, əgər general Surovikinin ötən həftəsonu hadisələrində əli olubsa, bu, Rusiya ordu rəhbərliyindəki çəkişmələrin ən son əlaməti olar. Prezident Vladimir Putin Ukraynada müharibə başlayandan Priqojin Müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovla ədavət aparır, onları vaxtaşırı müharibənin gedişatına, əsgərlərin sursatla təchizatına görə tənqid edir.

İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Priqojinə və dəstəsinin üzvlərinə “silahlı qiyam” ittihamlarının ləğv olunduğunu açıqlayıb. Ancaq Putin Surovikinin Priqojinə birbaşa kömək göstərməsinə dəlil tapsa, onu komandanlıqdan uzaqlaşdırmaqdan başqa yolu qalmır, rəsmilər və təhlilçilər belə deyirlər.

Amma təhlilçilər onu da deyirlər ki, Putin indilik, qiyamı təkcə Priqojinin boynuna yıxmağa meyllidir.

“Putin adamları dəyişməyə həvəsli deyil. Amma əgər gizli xidmət Putinin masası üzərinə sənədlər qoysa və bəzi sənədlərdə Surovikinin adı keçsə, vəziyyət dəyişə bilər”, – Karnegi Rusiya Avrasiya Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Baunov söyləyib.

Priqojinin həyatda olmasının səbəbi

Elə aparıcı Amerika rəsmiləri Priqojinin həyatda olmasını da general Surovikinlə onun arasında ittifaqla izah edirlər.

General Surovikin cümə günü qiyamla bağlı məlumat yayılan kimi ona qarşı çıxıb, video müraciətində Ukraynadakı Rusiya əsgərlərini mövqelərini qorumağa, qiyama qoşulmamağa çağırıb.

Amma bir keçmiş rəsmi bu mesajı “girov videosu”na bənzədib, general Surovikinin bədən dilinin onun keçmiş müttəfiqini rahat pisləmədiyini göstərdiyini deyib.

Ötən ilin oktyabrında Ukraynadakı müharibəyə baş komandan təyin olunan Surovikin bu il yanvarın 11-də vəzifədən kənarlaşdırılıb. Onun yerinə Gerasimov, Surovikin isə ona müavin təyin olunub.

XS
SM
MD
LG