Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

Putin: 'Ermənistan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Biz nə etməliydik ki?..'


Qarabağın statusu əsas məsələ idi, amma Ermənistanın özü onu Azərbaycanın bir hissəsi kimi tanıdı.

Rusiya mediası yazır ki, bunu oktyabrın 5-də Valday klubunda keçirilən plenar iclas zamanı Rusiya prezidenti Vladimir Putin deyib:

“2022-ci ilin payızında Praqada Mişelin, daha sonra Fransa prezidenti Makronun və AFR kansleri cənab Şoltsun sədrliyi ilə Ermənistan və Azərbaycan liderləri toplaşmışdılar. Onların orada imzaladıqları bəyanatdan belə çıxırdı ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Üstəlik nümayəndə heyəti rəhbərləri, Ermənistan rəhbərləri Azərbaycan ərazisini kvadrat kilometrlərlə bəyan edirdilər ki, bura sözsüz Qarabağ da daxildir. Onlar vurğulayırdılar ki, Azərbaycanın suverenliyini vaxtilə SSRİ-yə daxil Azərbaycan SSR-in sərhədləri daxilində tanıyırlar. Məlumdur ki, Azərbaycan SSR-ə Qarabağ da daxil idi. Mahiyyətcə, Qarabağın statusundan ibarət başlıca, mütləq şəkildə əsas məsələ həll olunub”.

Putin əlavə edib ki, bu məsələ barədə ilk dəfə mediadan xəbər tutub.

“Kim danışsa da, Mişel sussun”

O bildirib ki, Qarabağdakı son hadisələr Ermənistanın bu bölgəni Azərbaycan ərazisi kimi tanımasının nəticəsi idi:

"Qarabağ Azərbaycanın tərkibinə rəsmən keçib. Müasir Ermənistan dövlətinin mövqeyi belədir. Biz daha nə etməliydik ki?..”

Putin qeyd edib ki, Azərbaycanın orada öz Konstitusiyasına uyğun qayda yaratması vaxt məsələsi idi.

Rusiya prezidenti Avropa Şurasının rəhbəri Şarl Mişelin “Rusiyanın erməni əhaliyə xəyanət etməsi” barədə bəyanatı ilə bağlı kobud rus xalq məsəli ilə “kim də danışsa, o susmalıdır” deyib.

Putin izah edib ki, Rusiya son 15 il ərzində Ermənistana dəfələrlə kompromisə getməyi, Qarabağ ətrafındakı 7 rayondan beşini Azərbaycana qaytarmağı təklif edib:

“Amma bizim qarabağlı dostlarımız hər dəfə deyirdilər: yox, bu, bizə müəyyən hədələr yaradar”.

“Bizim orda adamlarımız həlak olub”

Valday forumunda moderatorun az qala bütün ermənilərin Qarabağı tərk etməsinə dair sualına cavab verən Putin deyib:

"Biz onları dəstəkləyirdik. Bizim orda onları qoruyan, humaitar dəstəyi təmin edən adamlarımız həlak olub”.

Putin vurğulayıb ki, Rusiya sülhməramlılarının mandatına yalnız atəşkəsi təmin etmək daxil idi.

Rusiya prezidenti xatırladıb ki, Qarabağda hərbi əməliyyat vaxtı minlərlə adam Rusiya sülhməramlılarına pənah gətirib:

"Qaldı ki...biz kömək etməyə hazırıq. Ermənistan bizim müttəfiqimiz olmaqdan çıxmayıb. Əgər orda humanitar məsələlər varsa, biz əlbəttə dəstək verməyə, bu adamlara kömək etməyə hazırıq. Bu özlüyündə aydın məsələdir”.

Rusiya prezidenti Avropa ölkələrini də Qarabağ ermənilərinə dəstək verməyə çağırıb:

“Qoy heç olmasa indi, başqa cür deyə bilmirəm, Dağlıq Qarabağdakı doğma yerlərindən çıxmış bu bədbəxt adamlara humanitar yardım göstərsinlər”.

O əlavə edib ki, ümumilikdə uzunmüddətli perspektivdə bu adamların taleyi barədə düşünmək lazımdır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.

XS
SM
MD
LG