Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:53

Məhkəmələr köçkünləri zəbt olunmuş evlərdən çıxarır


Mənzil 154
Mənzil 154

«... Cavabdehlər zəbt etdikləri mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar...».

3 il əvvəl Suraxanı rayon Məhkəməsinin Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 15, mənzil 154 ünvanındakı köçkün ailənin həmin evdən çıxarılması ilə bağlı Qətnaməsində belə qeyd olunub. Sumqayıt sakini və mübahisəli evin mülkiyyətçisi olan Oqtay Məmmədovun Bakıdakı bir köçkün ailəyə qarşı iddiası beləcə təmin edilib. Ancaq 3 il keçməsinə baxmayaraq, qətnamə icra olunmur. İndi mülkiyyətçi köçkün ailənin evi boşaltmamasından, ailə isə başqa yerdə evlə təmin olunmamasından narazıdır.

«HARA GEDƏK, DEMİRLƏR»

Köçkün Elmira Əhmədova deyir, həmin mənzildə 1994-cü ildən məskunlaşıblar:

***Buna da bax-'Bütün qışı qarın üstündə çadır qurub qaldıq'

«Zəngilanın işğalından sonra Bakıya gəldik, qalmağa yerimiz yox idi. Bu binanı tapdıq, bu mənzilində məskunlaşdıq. Bina yarımçıq tikilmişdi, bizdən əvvəl artıq köçkünlər məskunlaşmışdı. Bəzi yerlərini elə köçkünlər özləri daşla, kəsəklə örtüblər. Köçkünlər yaşadığı üçün sonralar da tikintisi davam etmədi. 3 il əvvəl bir nəfər gəldi ki, bu evin sahibiyəm».

Əlqərəz, evin sahibi məhkəməyə müraciət edib, məhkəmə də ev sahibinin konstitusion, mülkiyyətçi hüquqlarını bircə-bircə sadalamaqla hüquqlarını təmin edib. Ancaq qətnamədə 6 üzvü olan köçkün ailənin aqibəti ilə bağlı heç nə yazılmayıb. Elə köçkün ailəni narahat edən də bu olub. Elmira xanım davam edir: «Eləcə deyirlər, zəbt eləmisiz, çıxmalısız. Başa düşdük, yarımtikili olub, evlər sahibsiz olub, biz də küçədə qalmamaq üçün girib yaşamışıq. Bizi çıxarırlar, ancaq hara gedək, demirlər. Belə çıxır ki, əşyalarımızı toplayıb gedib küçədə yaşamalıyıq».

Yarımtikili
Yarımtikili

HEYDƏR ƏLİYEVİN BİR FƏRMANINA GÖRƏ...

Hüquqşünas Vaqif Alıyev deyir, köçkünlərin zəbti ev sahibi Oqtay Məmmədovun konstitusion hüquqlarının, Mülki Məcəllənin, həmçinin beynəlxalq müqavilələrlə tanınan və qorunan hüquqlarının kobud pozulması deməkdir:

***Buna da bax-Oğuzdan şikayət: 'Qurd-quşa yem olmamağa çalışırıq'

«Uzun illər idi ki, Azərbaycan məhkəmələri keçmiş prezident Heydər Əliyevin bir fərmanına görə mülkiyyətçilərin bu hüquqlarını pozur və ikibaşlı qərarlar çıxarırdılar. Qətnamələrin sonunda qeyd etdikləri bir cümləylə mülkiyyətçiyə dağ çəkirdilər. O cümlə belə idi: «Qətnamə zəbt edənin köçkün düşdüyü evin yerləşdiyi ərazi işğaldan azad olunandan və zəbt edən köçkün ailəsi həmin yerə qayıdandan sonra icra oluna bilər». Avropa Məhkəməsinin Azərbaycan hökumətinə tövsiyələrindən sonra bu absurd cümlə sonradan çıxarılan qətnamələrdə görünmür. O ki qaldı köçkün ailənin taleyinə, məhkəmələr həmin Qətnamələrdə köçkünlərin yerləşdirilməsini vəzifə kimi «Qaçqınkom»un üzərinə qoymalıdırlar».

Hüquqşünasın sözlərinə görə, qətnamənin icrasının yubanmasına səbəb də sənəddəki boşluqdur.

DAHA BİR NEÇƏ AİLƏ VAR

Suraxanı icra şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Əhmədovlar ailəsinə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, ailə mənzili boşaltmır: «Mülkiyyətçi ilə bərabər dəfələrlə getmişik. Mülkiyyətçi evin ona qaytarılmasını tələb edir, köçkün ailəsi isə həm mülkiyyətçi, həm də icra məmurları ilə qarşıdurma yaratmağa çalışır».

Suraxanı rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ünvandan binada təkcə Əhmədovların yox, daha bir neçə ailənin də evdən çıxarılmasına dair məhkəmə qətnamələri var. Ancaq gərək Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi (Qaçqınkom) həmin ailələri yaşayış yeri ilə təmin etsin. Bu səbəbdən də mülkiyyətçi ilə zəbt edənlər arasında qarşıdurmalar yaranır. «Qaçqınkom»dansa, hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

İcra hakimiyyətindən o da bildirilib ki, hazırda Əhmədovlarla mülkiyyətçi arasındakı mübahisəyə dair Suraxanı məhkəməsində daha bir məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG