Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:49

İranda edam olunan qadınların sayı artır


Paxşan Əzizi
Paxşan Əzizi

İranda humanitar yardım işçisini, əmək hüquqları fəalını, siyasi aktivisti birləşdirən nədir?

Onların dördü də qadındır, son aylar İranda dövlətə qarşı silahlı qiyamda ittiham olunurlar ki, bunun da cəzası ölümdür.

Sosial işçi Paxşan Əzizi və əmək hüquqları fəalı Şərifə Məhəmmədi artıq ölümə məhkum ediliblər. Siyasi fəal Varişe Moradi və etirazçı Nəsim Qulami Simiari isə hökmü gözləyirlər.

Simiaridən savayı, digər qadınlar İrandan kənarda fəaliyyət göstərən kürd müxalifət qruplarının üzvləri olmaqda ittiham olunurlar. Əzizi və Moradi İranın daim əzilən kürd azlığının üzvləridirlər.

2022-ci ilin görünməmiş etirazlarından bəri ölümə məhkum edilərək edam olunan qadınların sayı artıb. Həmin il kürd əsilli Məhsa Əmininin polis nəzarətində ölməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Şərifə Məhəmmədi
Şərifə Məhəmmədi

Edam qorxusu

Əmək hüquqları fəalı Məhəmmədi iyulda ölümə məhkum edilib. O, müstəqil həmkarlar ittifaqının və qonşu İraqın yarımuxtar kürd vilayətində yerləşən, qadağan olunmuş kürd separatçı təşkilatına üzvlükdə ittiham edilib.

Ailəsi onun istər ölkə daxilində, istərsə də xaricində hər hansı siyasi təşkilatla əlaqəsi olmadığını bildirir.

Məhəmmədinin yaxın qohumu Vida Məhəmmədi AzadlıqRadiosunun fars xidmətinə deyib ki, o, dekabrda həbs olunandan sonra işgəncə görüb, bir neçə ay təkadamlıq kamerada saxlanılıb.

Kürd siyasi fəal Moradi 2023-cü ilin avqustunda həbs olunub. O, Kürdüstan Azad Həyat Partiyasının (PJAK) üzvü olmaqda ittiham edilib. Bu partiya bir sıra ölkələrin terrorçu saydığı Kürdüstan İşçi Partiyasının (PKK) İran qanadıdır.

Varişe Moradi
Varişe Moradi

2023-cü ilin avqustunda saxlanılan Əzizi də PJAK üzvlüyündə ittiham olunsa da, ittihamı rədd edir. O, iyulda ölümə məhkum edilib. Əzizi İraq Kürdüstanında, eləcə də Suriyanın şimal-şərqində kürd azlığının yaşadığı ərazilərdə vətəndaş müharibəsi və "İslam Dövləti" ekstremist qrupuna qarşı müharibənin köçkünə çevirdiyi adamlara kömək edirmiş.

Hökm çıxarılmazdan öncə həbsxanadan məktubunda Əzizi yazıb ki, Suriyada qaçqın düşərgələrində işləmək "illərlə zülm görmüş cəmiyyətə ən böyük mənəvi töhfələrdən biri sayıla bilərdi". O, müxalifət qruplarına üzvlüyünü inkar edir.

Simiari 2022-ci ildə antiisteblişment etirazlarında iştirakda suçlanır, 2023-cü ilin mayında həbs olunub. Həbsxanada işgəncəyə məruz qaldığını, uzun müddətə təkadamlıq kamerada saxlandığını deyir.

"Narazıların susdurulması"

İnsan haqları qrupları dörd qadına qarşı ittihamları qurama sayaraq pisləyiblər.

İranlı fəallar deyirlər ki, dövlətə qarşı silahlı üsyan ittihamını hakimiyyət siyasi məhbuslara və dissidentlərə qarşı istifadə edir.

"İranda səngiməyən qadın hərəkatı ilə üzləşən islam respublikası hakimiyyəti indi də qadınları dar ağacı ilə qorxutmağa çalışır. Bu, narazıları susdurmağı hədəfləyən ümidsiz çabadır", – Nyu-Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzinin (İİHM) icraçı direktoru Hadi Qaemi deyib.

Tanınmış iranlı insan haqları vəkili Səid Dehqanın sözlərinə görə, dörd qadın silahlı qiyamda ittiham olunur, baxmayaraq ki, "onların silahı olmayıb, işdə heç bir silah müsadirə edilməyib, yaxud qeydə alınmayıb". O, həmin qadınların fəaliyyətinin mülki xarakterli olduğunu vurğulayıb.

Fəallar dörd qadının İranda edamlarda artımın növbəti qurbanları olacağından narahatdırlar.

Bu il İranda azı 345 nəfər edam edilib. Bunu Norveçdə yerləşən İran İnsan Haqları qrupu bildirir.

İİHM qeyd edir ki, bu qadınlardan ikisinin kürd olması İslam respublikasının ölkədəki azlıqlara qarşı ölüm cəzasından qeyri-mütənasib istifadəni davam etdirməsinin göstəricisidir.

2022-ci il etirazları zamanı İranın Kürdüstan vilayətində etirazçılara amansız divan tutulub.

Son illər Tehran İranın mühacirətdə fəaliyyət göstərən, terrorçu saydığı kürd qruplarına qarşı səyləri gücləndirib.

XS
SM
MD
LG