Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

Əliyev Ermənistanın ərazi bütövlüyünü tanıdığını deyir


Paşinyan: 'Ermənistan razılaşma mətninin hazırlanmasında iştirak etməyib'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Paşinyan: "Ermənistan razılaşma mətninin hazırlanmasında iştirak etməyib"

Rəsmi Bakı sentyabrın 19-da Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını bəyan edib. Hər iki tərəfdən itkilər var.

Əliyev Ermənistanın ərazi bütövlüyünü tanıdığını deyir

Prezidenti İlham Əliyev sentyabrın 20-də axşam xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib: "Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq".

Bundan öncə Ermənistan rəsmiləri Azərbaycanın belə bir bəyanatı açıq şəkildə dilə gətirmədiyini deyirdilər.

Əliyev əmin olduğunu bildirib ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək: "Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları".

Onun sözlərinə görə, Azərbaycan azad cəmiyyətdir. Hərçənd Azərbaycanın aparıcı müxalifət partiyaları ölkədə insan hüquqlarının qorunması ilə bağlı ciddi problemlərin olduğunu deyirlər. AXCP, Müsavat rəhbərliyi tez-tez bəyan edir ki, ölkədə fundamental azadlıqlar qorunmur.

Sülhməramlıların həlak olduğu xəbər verilir

"Sentyabrın 20-də Canyataq yaşayış məntəqəsi rayonunda Rusiya sülhməramlı kontingentinin müşahidə postundan qayıdarkən Rusiya hərbçilərinin avtomobili atəşə tutulub. Avtomobildəki Rusiya hərbçiləri həlak olublar". /Rusiya Müdafiə Nazirliyi/

Aİ amnistiyaya çağırır

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə danışıb.

Ş.Mişel Qarabağda gücdən istifadə olunmasından kəskin məyusluq bildirib. O, atəşkəsin qorunmasının, Azərbaycanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə etibarlı təminat verməsinin gərəkdiyini vurğulayıb.

Bunu AzadlıqRadiosuna Aİ-nin aparıcı rəsmisi deyib.

Ş.Mişelin sözlərinə görə, Qarabağ erməniləri üçün amnistiya elanı vacibdir. Qarabağdan getmək istəyənlərin ləyaqətli və könüllü çıxışına şərait yaradılmalıdır.

Prezident Əliyev silahlı yerə qoyanlar üçün amnistiyanın nəzərdən keçiriləcəyini bildirib.

Putin Xankəndini ayrıca tərəf kimi göstərir

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Qarabağ probleminin həllini dinc məcraya yönəltmək mümkün olacaq.

Çinin Xarici İşlər naziri Van İ ilə görüşdə o qeyd edib ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə bazasında 2 mindən çox mülki şəxs var, onların yarıdan çoxu uşaqlardır.

"Biz münaqişənin bütün tərəfləri ilə - Yerevan, Stepanakert (Xankəndi) və Bakı hakimiyyətləri ilə sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz deeskalasiyaya nail ola və problemin həllini din məcraya keçirə biləcəyik", - Putin bildirib.

Ərdoğandan BMT tribunasından Azərbaycana dəstək

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatını dəstəkləyir.

O bu bəyanatı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən verib.

Ərdoğan vurğulayıb ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və separatçı bölgə üçün hər hansı başqa status qəbuledilməzdir: "Biz lap əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Amma görürük ki, Ermənistan bu tarixi imkandan tam istifadə etməyib".

Türkiyə prezidenti deyib ki, Ermənistan "Zəngəzur dəhlizi" də daxil, vədlərinə əməl etməlidir.

Paşinyan atəşkəsin onluq olmadığını deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin atəşkəs razılaşmasında iştirak etmədiyini bildirib. Ölkə millətçiləri və digər tənqidçilər 2020-ci il müharibəsindəki itkilərə görə Paşinyanı ittiham edir.

"Ermənistan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Dağlıq Qarabağda atəşkəs bəyanatının hazırlanmasında iştirak etməyib", – Paşinyan televiziya ilə çıxışında deyib.

Baş nazir onu da əlavə edib ki, Qarabağda Yerevanın hər hansı ordusu yoxdur. Bakı "lokal antiterror tədbirləri"ni məhz bu amillə əsaslandırmışdı.

Paşinyan yeni hərbi eskalasiyanın olmayacağına ümidini bildirib. "İndi ən vacib olan məsələ odur ki, Dağlıq Qarabağ ermənilərinin öz evlərində yaşamaq hüququ Rusiya Federasiyası tərəfindən tam təmin olunsun", – Paşinyan deyib.

Hərbi əməliyyatların dayandırılması barədə razılıq...

Hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-si saat 13:00-da "lokal xarakterli antiterror tədbirləri"nin dayandırılması barədə razılıq əldə olunub.

Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Bu məlumata, hələlik, Rusiya Sülhməramlı Kontingentin rəhbərliyi və Qarabağda tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil. Amma Ermənistan Müdafiə Nazirliyi də bəyan edib ki, Qarabağda onların silahlı qüvvələri yoxdur.

Yevlaxda erməni sakinlərlə görüş olacaq

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.

"Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək", - açıqlamada bildirilir.

Qarabağda hərbi əməliyyat dayandırıldı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Xankəndi sülhməramlıların atəşkəs təklifini qəbul edir

Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin atəşkəs təklifini qəbul edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti Qarabağdakı rejimin informasiya qərargahına istinadla məlumat yayıb.

Əhali köçürülür

Rusiya sülhməramlı kontingenti Qarabağın təhlükəli rayonlarından azı 2 min dinc sakini təxliyə edib. Onların yarıdan çoxu uşaqlardır. Bu haqda "İnterfaks" Rusiyanın Müdafiə Nazirliyinə (MN) istinadla xəbər verir.

İki min nəfərin min 49-nun uşaqlar olduğu bildirilir.

Rusiya MN sülhməramlı kontingentin Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə olduğunu vurğulayır. Məlumata görə, 30 müşahidə postunda vəziyyətin sutkaboyu monitorinqi aparılır, atəşkəs rejiminin qorunmasına nəzarət edilir. Nazirlik sentyabrın 19-da günorta 12-dən təmas boyunca atəşkəs rejiminin Azərbaycan tərəfdən çoxsaylı pozuntusunun qeydə alındığını bildirir.

BMT Baş katibi döyüşləri 'dərhal' dayandırmağa çağırır

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda itkilərlə bağlı xəbərlərdən narahatlığını bildirib, hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

"Baş katib döyüşlərə dərhal son qoymağa, gərginliyi azaltmağa, 2020-ci il atəşkəsinə və beynəlxalq humanitar hüquq prinsiplərinə daha ciddi riayət etməyə çağırır", – bəyanatda deyilir.

Quterreşin yerlərdə humanitar vəziyyətdən narahat olduğu, tərəfləri ehtiyacı olanların humanitar yardıma çıxışını asanlaşdırmaq üçün gərəkən tədbirlər görməyə çağırdığı vurğulanır.

Blinken Əliyevə zəng vurub

Sentyabrın 19-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Məlumata görə, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin dialoqa dəvət olunduğunu diqqətə çatdıran Azərbaycan dövlət başçısı əlavə edib ki, "silahın yerə qoyulduğu və tərksilah olunduğu halda" antiterror tədbirləri dayandırılacaq.

ABŞ dövlət katibi yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun dəstəkləndiyini bildirib.

E.Blinken sentyabrın 19-da Ermənistan Baş naziri Nikol Paşinyanla da danışıb.

Yerevan və Bakıdan ekspertlər Qarabağdakı son gərginliyi şərh edir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Rusiya XİN: 'Yerevanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması...'

Rusiya münaqişə tərəflərini qan axıdılmasını təcili dayandırmağa, hərbi əməliyyatları kəsməyə, mülki əhali arasında qurbanların qarşısını almağa çağırıb. Bu haqda Rusiya XİN-nin sentyabrın 20-də yaydığı bəyanatda deyilir.

Moskva ən yüksək səviyyədə üçtərəfli razılaşmaların kompleks icrasını təxirəsalınmaz şəkildə bərpa etməyə səsləyir. Bəyanatda silahlı qarşıdurmanı dayandırmaq, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təminatı üçün mümkün olanı etməyə çağırış yer alıb.

Rusiya XİN qeyd edir ki, rəsmi Yerevanın 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sammitlərdə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın əsas şərtlərini, o cümlədən Rusiya sülhməramlı kontingentinin vəziyyətini dəyişib.

Moskva bildirir ki, Rusiya sülhməramlıları hazırda Qarabağın dinc əhalisinə kömək, o cümlədən tibbi yardım göstərir, onların təxliyəsi ilə məşğul olur.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
  • Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Aİ-nin, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
XS
SM
MD
LG