Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:49

Qırğızıstanda ‘dövlət çevrilişi’ işi üzrə kütləvi həbslər olub


Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) “hakimiyyətin zorla ələ keçirilməsi” işi üzrə 30-dan çox şəxsi saxlayıb.

Onlardan müxalif Eldik Keneş partiyasının lideri Roza Nurmatova da daxil 5 nəfəri DMTK-nın həbsxanasında saxlanır.

Təhlükəsizlik əməkdaşlarının versiyasına görə bu qrup vətəndaş “hakimiyyətdən narazı vətəndaşları öz sıralarına cəlb etmək məqsədilə son bir ildə ölkə boyunca planlı iş aparıb”.

DMTK iddia edir ki, dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı və “ideya ilhamçısı” Eldik Keneş partiyasının sədri Roza Nurmatovadır.

Artıq etiraf etdikləri deyilir

İstintaq materiallarında deyilir ki, “qəsdçilər” qrupuna yüzdən çox vətəndaş cəlb olunub.

Bunlar ölkənin müxtəlif regionlarını və əhalinin müxtəlif təbəqələrini təmsil edirlər. Bu da qeyd olunur ki, sözü gedən şəxslərə konkret tapşırıqlar verilibmiş.

DMTK-nın məlumatında deyilir:

"Qəsdçilər cinayətkar planlarının fəal fazasına ölkədə hər hansı bir narazılığın yaranacağı vaxt keçməli idilər”.

AzadlıqRadiosunun Qırğız xidməti DMTK-nın mətbuat mərkəzinə istinadən bildirir ki, qurumun həbsxanasındakı 5 nəfər artıq qəsd hazırladıqlarını etiraf edib.

Bu da bildirilir ki, şübhəlilərdən “onların cinayətkar niyyətini” isbat edən dəlillər tapılıb.

Lakin DMTK söhbətin hansı dəlillərdən getdiyini açıqlamır.

Prezidentin keçmiş silahdaşı

Bu iş üzrə əsas şübhəli Roza Nurmatova 2012-ci ildə ovaxtkı deputatlar Sadır Japarovun və Kamçıbek Taşiyevin təşkil etdiyi antihökumət mitinqində iştirak etmişdi.

Hazırda Japarov ölkə prezidenti, Taşiyev isə DMTK-nın rəhbəridir.

Nurmatova habelə 2012-ci ildə Japarov tərəfdarlarının qərargahına rəhbərlik edib.

Bişkekdə hakimiyyətin ələ keçirilməsi cəhdində şübhəlilərin kütləvi həbslərinə başlandığı barədə xəbərlər iyunun 5-dən yayılmağa başlamışdı.

Sosial mediada yayılan videolarda adamların küçələrdə həbs olunduğu görünürdü.

XS
SM
MD
LG