Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

Qiyas İbrahimov: 'Hamınız saxtakar, mantiya geyinmiş marionetlərsiz'


"Azərbaycan hakimi". Karikatura. Gündüz Ağayev
"Azərbaycan hakimi". Karikatura. Gündüz Ağayev

"Bir ildi mən həbsdəyəm. Bu bir ildə çox nağıllar danışdılar. İndi də mən sizə nağıl danışmaq istəyirəm. Saxtakar kralın nağılını...", – keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan Qiyas İbrahimovun sözləridir.

"Nida" Vətəndaş Hərəkatının üzvü olan Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən apellyasiya şikayətinə baxılıb. İyunun 5-də Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun vəkili Elçin Sadıqov çıxış edib. O, Qiyasa narkotik ittihamının saxta olduğunu, gənc fəalın işgəncələrə məruz qaldığını bildirib. Vəkilin sözlərinə görə, Qiyas İbrahimova münasibətdə Avropa Konvensiyasının 3 (işgəncələrə, qeyri-insani rəftara məruz qalmamaq hüququ), 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 10 (ifadə azadlığı hüququ), 13 (səmərəli müdafiə vasitələri hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlər üçün tətbiq olunma) maddələri pozulub. Vəkil gənc fəalın barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Buna da bax:​ 'Qiyasın gözlərinin nurunu sönməyə qoymayın'

Qiyas İbrahimov
Qiyas İbrahimov

KABİNƏDƏ DƏ ƏLLƏRİNİ QANDALLAYIBLAR

Daha sonra çıxış üçün Qiyas İbrahimova söz verilib. O bildirib ki, bir ildir həbsdədir, onu məhkəməyə aparıb-gətirirlər: "Mən bu müddətdə çox nağıllar eşitdim. İndi də istəyirəm, mən özüm sizə nağıl danışım. Bir saxtakar kral vardı..."

Bu məqamda hakim Qiyasın saxlandığı şüşə kabinədəki mikrofonu söndürüb, gənc fəalın səsi zalda eşidilməyib. Qiyas mikrofona əl atanda o, yuvasından qopub yerə düşüb. Penitensiar Xidmətin əməkdaşları dərhal kabinədə də Qiyasın əllərini qandallayıblar.

Ardınca prokuror çıxış edərək, Q. İbrahimov haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib:

Buna da bax:​ Ombudsmandan vəkilə cavab gəlib. Amma...

"Apellyasiya şikayətinin əsası yoxdur. İşgəncə ilə bağlı prokurorluğa müraciət olunub. Lakin prokurorluq da o nəticəyə gəlib ki, işgəncə halı olmayıb. Ona görə də cinayət işinin başlanmasından imtina olunub".

“DEYƏK Kİ, BU DÖVLƏT BİZİMDİR”

Qiyas İbrahimovun anası Şura Əmiraslanova
Qiyas İbrahimovun anası Şura Əmiraslanova

Bundan sonra Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası müşavirəyə gedib. Hakimlər gedərkən Qiyas İbrahimovun anası Şura Əmiraslanova onlara səslənib: "Bəsdirin, bu qədər ədalətsizlik elədiniz. Öz balalarınızdan görəsiz. Gün o gün olsun, özünüz və balalarınız elə yerlərə düşəsiniz ki, biz Azərbaycan bayrağını gətirib qarşınızda yelləyək. Deyək ki, bu dövlət bizimdir".

Bir neçə dəqiqə sonra hakimlər geri qayıdıb və Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixilik hökmünün qüvvədə saxlandığını elan edib.

Buna da bax:​ Berlində həbsdəki gənclərə dəstək aksiyası

Qərar elan olunandan sonra Qiyas İbrahimovu məhkəmə zalından çıxararkən o, hakimlərə deyib: "Hamınız saxtakar, mantiya geyinmiş marionetlərsiz..."

Vəkil Elçin Sadıqov AzadlıqRadiosu-na deyib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

XATIRLATMA

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə, həbs olunduqlarını bəyan ediblər.

Buna da bax: Qiyasın anası: 'Son hadisələrdən narahatam...'

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmirlər. Həmin şəxslərin konkret cinayətlərə görə, cəzalandırıldığını bəyan edirlər.

XS
SM
MD
LG