Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:29

Bakının keçmiş baş memarı: 'Lazım olsaydı, Qız qalasını da sökəcəkdik'


Prosedur qaydalara görə, paytaxtda hər hansı binanın sökülməsi və ya tikintisi üçün Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi olmalıdır. Rəy müsbət olarsa, icra başçısı sərəncam verməlidir.

Uzun illər idarənin rəis müavini və Bakının baş memarı olmuş Akif Abdullayev isə deyir ki, o, işlədiyi dövrdə əksinə olub.

Yəni öncə icra başçısı Hacıbala Abutalıbov sərəncam imzalayır, bundan sonra idarə rəy verirdi.

Abdullayev bunu sentyabrın 20-də Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin məhkəməsində şahid qismində dindirilərkən deyib.

Hakimlər onun dediklərinə təəccüblənərək, keçmiş baş memara belə bir sual ünvanlayıblar: "Əgər rəy olsaydı ki, Qız qalası sökülsün, razılaşacaqdınız?"

Abdullayevin cavabı belə olub: "Lazım olsaydı, sökəcəkdik..."

“Möhürü bizə vermirdi”

1976-cı ildən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində işlədiyini deyən Abdullayev vurğulayıb ki, bu idarənin möhürü onlarda yox, Hacıbala Abutalıbovun özündə olurdu.

İdarənin adından verilən rəyləri də o möhürləyirdi:

"2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Abutalıbov baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, ondan xəbərim olmurdu. Heç maraqlanmırdım da..."

Rasim Quliyev Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikintisinə icazə haqda sərəncama görə həbs olunub. Amma o, özünü təqsirli bilmir.

Xatırlatma

Sabiq məmura CM-in 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.

O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib.

2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

XS
SM
MD
LG