Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:47

Azərbaycanda qoyun saxlayanların 8 faizi bütün qoyunların yarısına sahibdir


'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

'Kredit versələr, lap 5 ailəni dolandıraram' (Arxiv. 2019)

Qoyunçuluq Azərbaycan kəndlərində ənənəvi fəaliyyət növlərindən biridir. Niyəsi çox aydındır: Axı qoyunçuluq sektoru önəmli qida və kənd yerlərində ciddi yaşayış qaynağıdır. Di gəl, son illər ölkədə bu sektorda təşviş doğuran hallar baş verir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığına görə, 2016-cı ildə Azərbaycanda qoyun sayı 8 milyonu aşmışdı. Bu, indiyədək qeydə alınan ən yüksək göstərici sayılır. Ancaq sonrakı illərdə bu sayda aramsız azalma gözə çarpır. Ötən il onların sayı 7 milyon 314 minə enib. Bu, 2016-cı illə müqayisədə 700 min başdan çox və ya 9 faiz azalma deməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) araşdırmasına görə, təkcə qoyunların sayı deyil, orta çəkisi də azalmaqdadır. Məsələn, 2000–2010-cu illərdə heyvanların diri çəkisi ortalama 30–36 kq idi və bu da 15–18 kq cəmdək çəkisi anlamına gəlirdi. 2010-cu ildən bəri diri çəki 25-30 kq aralığındadır və cəmdək çəkisi ortalama 12–15 kq-a düşüb. FAO-nun fikrincə, belə geriləmə, çox güman, torpaqdan yararlanma siyasətindəki dəyişiklikdən - yem bitki əkimində istifadə edilən sahələrin azalmasından qaynaqlanır. Həmin sahələr 429 min hektardan 326 min hektara düşüb (sahə 25 faiz azalıb). Fermerlər yem bitkiləri çatışmazlığını qoyun istehsalında böhran doğuran problem sayırlar. Həmin dövrdən bəri ölkədə pambıq əkinlərinin sahəsində artım gözə çarpır. Elə bu üzdən, müstəqil ekspertlər hökuməti plansız əkin siyasəti aparmaqda günahlandırırlar.

Başqa problemlər də var

Bu problemlər də qoyunçuluğun irəliləməsinə əngəl törədir:

- aşırı istifadəyə görə otlaq torpaqlarının deqradasiyası;

- hökumətin yüksək səviyyəli kənd təsərrüfatı üçün daha çox torpaq ayırmağa yönəlik siyasəti;

- Ermənistan torpaqları işğal etdiyindən otlaqların yetərsiz qalması;

- iqlim dəyişikliyindən doğan problemlər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fikrincə, Azərbaycanda baytar xidmətlərinin keyfiyyət baxımından yarıtmazlığı da ciddi problemdir. Araşdırmalar üzə çıxarıb ki, hazırda baytar xidmətinin səviyyəsi heyvanların əsas xəstəliklərinin qarşısını almağa, onları müəyyənləşdirib nəzarət etməyə imkan vermir. Bu problemlə yanaşı, elmi araşdırmalar yetərincə dəstəklənmir, nəticədə yenilik və texnologiya üstünlüklərindən istifadə məhdudlaşır.

Yeni ixrac imkanları

Rəsmi statistika Azərbaycanda son bir neçə ildə 75–80 min tona yaxın quzu əti istehsal edildiyini göstərir. Beləcə, bu ətlə özünütəminat 98 faiz səviyyəsinə çatır. Amma müstəqil araşdırıcılar özünütəminatla bağlı rəqəmlərə şübhə ilə yanaşırlar və buna əsasları da var. Axı xaricdən ətlik üçün gətirilib ölkədə yarım ildən bir ilədək bəslənəndən sonra kəsimə verilən heyvanlar da yerli istehsal kimi qeydə alınır. Üstəlik, bu sahənin inkişafı ölkənin ixrac gəlirlərini də artıra bilər, ancaq hələ artımdan söhbət getmir.

Dünyada quzu əti idxalının 61 faizi Avropa Birliyi və Yaxın Şərq regionlarının payına düşür. Bu bazarlarda quzu ətinin qiyməti digər ət növləri ilə müqayisədə daha yüksəkdir. Hazırda Azərbaycandan Avropa Birliyinə quzu əti ixracı olmasa da, Yaxın Şərq regionuna, az da olsa, ixrac var. Azərbaycandan fərqli olaraq Qazaxıstan və Qırğızıstan kimi ölkələrin Yaxşın Şərq ölkələrinə ixracı yetərincə yüksəkdir. Bu baxımdan, Azərbaycanda qoyunçuluq sektorunun inkişafı artan daxili tələbatın ödənilməsini və idxalın azaldılmasını, eləcə də Yaxın Şərq ölkələrinə ixrac imkanlarının araşdırılmasını hədəf götürməlidir. Qida məhsullarına güvən və onların keyfiyyət məsələləri də daxili bazarda get-gedə daha çox önəm qazanır.

Qoyunçuluqla bağlı əsas problemlər

Azərbaycanda 184 min ev təsərrüfatında qoyun yetişdirilir. Onların 80 faizində qoyun sayı 50-dən azdır və bu 80 faiz ev təsərrüfatındakı qoyun sayı ölkədəki bütün qoyunların 35 faizi qədərdir. Ən çox qoyuna sahib olan ev təsərrüfatları – bütün qoyun saxlayan ev təsərrüfatlarının 8 faizi ölkədəki bütün qoyunların təxminən yarısına - 46 faizinə sahibdir. Bu rəqəmlər ölkədə bir çox sahədə olduğu kimi, heyvandarlıq sahəsində də ciddi sərvət bərabərsizliyinin göstəricisidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tədqiqatına görə, kiçik və böyük təsərrüfat sahibləri arasında digər resurslar baxımından da bərabərsizliklər var. Tədqiqatın nəticələrinə görə, böyük sürü sahibləri elmi üsullardan yararlansalar da, kiçik fermerlər elmi idarəetmə metodları haqqında məlumatlı deyillər, çünki həmin biliklərin yayılma sistemi yox səviyyəsindədir.

Dövlətin profilaktik və müalicəvi baytarlıq xidmətləri çox yeri əhatə etmədiyindən heyvanlar arasında ölüm və xəstəlik halları yüksək səviyyədədir. Özəl baytarlıq dükanlarının əsas vaksinlərə məhdud çıxışı bu problemi daha da ağırlaşdırır. Digər tərəfdən, fermerlərin əksəriyyəti ödənişsiz olması gərəkən baytarlıq xidmətlərinə ayrıca ödəniş etməyə məcbur qalır.

Heyvandarlıqla məşğul təsərrüfat sahibləri bildirirlər ki, yüksək keyfiyyətli damazlıq qoçların çatışmaması da onların əsas problemlərindən biridir. Üstəlik, ölkədə baytar xidmətləri göstərən kadr sayı da nəzərdə tutulan normadan 40 faiz azdır. Bütün bunlar gözə alınsa, demək, ölkədə baytarlıq xidmətlərini keyfiyyət və əhatə dairəsi baxımından artırmaq üçün ciddi işlərin görülməsinə ehtiyac var.

Kənd təsərrüfatı sektoruna, özəlliklə heyvandarlığa ayrılan kreditlərin məhdudluğu və mövcud şərtlərin hamıya uyğun olmaması da bu sahədə fəaliyyət göstərənlərin işini çətinləşdirir. Bu baxımdan, Azərbaycanda heyvandarlıqla bağlı güzəştli kredit imkanlarının yaradılması da durumu yaxşılaşdıra bilər.

XS
SM
MD
LG