Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Eldar Mahmudovun qohumunun cəzası iki dəfə azaldıldı


Beytulla Hüseynov
Beytulla Hüseynov

"Rabitəçilər işi" üzrə həbsdəki 6 keçmiş məmurdan dördü azadlığa buraxıldı...

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə suçlanıb həbs olunan məmurların cəzası xeyli azaldılıb. Söhbət Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovdan gedir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər birinə 13 il həbs cəzası verilmişdi. Amma apellyasiya məhkəməsi V.Zeynalovun cəzasını 4 ilə, B.Hüseynovun cəzasını isə 7 il 6 aya endirib. Noyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində bu haqda qərar verilib.

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

Qərara əsasən, “Rabitə işi” üzrə həbsdə olan və 3 ildən 11 ilə qədər cəza alan daha dörd nəfər - “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin təsisçisi və direktoru Namazalı Məmmədov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev, “Azərpoçt” MMC-nin sabiq rəhbəri Qəmbər Bəybalayev və "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov isə azadlığa buraxılıb. Onlara CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub.

Adları çəkilən sabiq məmurlardan N.Məmmədova 11 il, E.Məmmədova 10 il, A.Mustafayevə 5 il, Q.Bəybalayevə isə 3 il həbs cəzası verilib.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

“SADƏCƏ, PREZİDENT QARŞISINDA GÜNAHKARAM”

Noyabrın 7-də məhkəmədə qərardan öncə prokuror çıxış edib. O, apellyasiya şikayətlərinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

V.Zeynalov prokurorun çıxışına qısaca belə reaksiya verib: “Mənim qanun qarşısında heç bir günahım yoxdur. Sadəcə, prezident qarşısında günahkaram”.

Ardınca hakimlər kollegiyası qərar vermək üçün müşavirəyə gedib.

Buna da bax: 'Rabitəçilər işi': 'Mən qazandıqlarımı tək yesəydim...'

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də həbslər həyata keçirilib. İlk həbs olunan isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Beytulla Hüseynov olub. O, MTN işi üzrə dindirməyə çağrılıb və ardınca həbs olunub. Bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ümumilikdə 11 nəfər həbs olunub. Onlardan beş nəfəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq, azadlığa çıxdı. Birinci instansiya məhkəməsinin hökmündən sonra azadlığa buraxılanlar arasında “Aztelekom”un keçmiş rəhbəri Məhəmməd Məmmədov da vardı.

“Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanırlar. İttihama görə, onlar nazirliyin tabeliyində olan qurumlarda təmir-tikinti zamanı xərcləri qəsdən şişirdib, qiymətləri bir neçə dəfə baha göstərməklə, tenderlərdə özlərinə yaxın şirkətlərin qalib göstərməklə dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaiti mənimsəyiblər. Bu iş üzrə dövlətə dəymiş ümumi ziyanın məbləği 153 milyon göstərilib.

Birinci instansiya məhkəməsində bu işə baxılarkən vurulmuş ziyandan B.Hüseynov 10 milyon, V.Zeynalov isə 3 milyon manat ödəyib.

XS
SM
MD
LG