Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

Bayraq meydanı işi: 6 milyonluq sövdələşmə


Rəşad Məmmədov
Rəşad Məmmədov

►"Rəşad Məmmədovla 6 milyona razılaşdıq, gedib ondan birdəfəyə həmin vəsaiti götürdüm.

Notarial qaydada Zabil Salmanova 4 milyon 700 mini verdim. Qalan pulu da digər obyekt və iki otaqlı mənzilin sahibinə verdim"

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan İsfəndiyar İsfəndiyarov Arzu Məmmədovun təqsirləndirildiyi cinayət işində 6 milyon manatlıq alqı-satqıdan söhbət gedir.

Cinayət işinin materiallarına görə, Rəşad Məmmədov Nizami küçəsi, 44 ünvanında birinci mərtəbəni almaq istəyib. Orada da həm mənzil, həm də müxtəlif obyektlər yerləşib.

Təqsirləndirilən İsfəndiyar İsfəndiyarov bu işdə vasitəçi olub və bütövlükdə birinci mərtəbəni onun üçün 6 milyon manata ala biləcəyini deyib. Mənzil və obyekt sahiblərilə də İsfəndiyar İsfəndiyarov danışıb.

Bu iş üzrə zərərçəkmiş qismində tanınan Zabil Salmanov da həmin obyektlərdən birinin sahibidir. İş materiallarında onun şikayət ərizəsi var ki, qarşı tərəf şərtlərə əməl etməyib və onu aldadıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 7-də keçirilən məhkəmə iclasında İsfəndiyar İsfəndiyarov dövlət ittihamçısının bu haqda suallarını cavablandırıb. O bildirib ki, Zabil Salmanovun 236 kvadrat metrlik obyektini 4 milyon 700 min manata ondan almaq barədə razılaşıblar.

“6 MİLYONA RAZILAŞDIQ”

"Rəşad Məmmədovla 6 milyona razılaşdıq, gedib ondan birdəfəyə həmin vəsaiti götürdüm. Notarial qaydada Zabil Salmanova 4 milyon 700 mini verdim. Qalan pulu da digər obyekt və iki otaqlı mənzilin sahibinə verdim", - İsfəndiyar İsfəndiyarov bildirib.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

Dediyinə görə, rahat olsun deyə, həmin əmlakları bibisi oğlu Arzu Məmmədovun adına alqı-satqı ediblər. Arzu Məmmədovdan sonra isə həmin daşınmaz əmlak Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədovanın adına rəsmiləşdirilib. Amma bir müddət sonra Səbinə Məmmədova ilə Arzu Məmmədov arasında olan alqı-satqı müqaviləsi məhkəmə yolu ilə ləğv olunub. İsfəndiyar İsfəndiyarov bildirdi ki, bu addım Rəşad Məmmədovun öz istəyilə atılıb. Çünki o, sonradan həmin əmlakları qayınanası Elmira xanımın adına keçirmək istəyib: "Məhkəmə yolu ilə alqı-satqı ləğv olunandan sonra əmlaklar yenidən Arzu Məmmədovun adına qayıtdı. Bundan sonra artıq Elmira xanımla alqı-satqı edildi. Bilsəydim ki, bu məsələyə görə bu boyda biabırçılıq olacaq, elə əvvəldən Arzunun yox, birbaşa xanımın adına keçirərdim...", – İsfəndiyar İsfəndiyarov bildirib.

“DEDİ Kİ, “SUMMA” BÖYÜKDÜR”

Digər təqsirləndirilən Arzu Məmmədov ifadəsində deyib ki, özünü dələduzluq ittihamı üzrə təqsirli bilmir: "İsfəndiyar dayım oğludur, ziyalıdır, onun hər çağırışına həmişə cavab vermişəm. Dedi ki, belə bir iş var, "summa" böyükdür deyə, başqasına etibar eləyə bilmirəm, mən də razılaşmışam".

O, istintaqa ifadələrini tam təsdiqləməyib. Həmin ifadələrdə həm Rəşad Məmmədovun, həm də İsfəndiyar İsfəndiyarovun əleyhinə xeyli məqamlar var.

"Ailəm ağır xərçəng əməliyyatı keçirmişdi, özüm həbs olunandan iki gün sonra iflic oldum. O vəziyyətdə desəydilər ki, "yaz, filankəsi mən öldürmüşəm”, onu da yazacaqdım. Elə bir şey olmayıb ki, biz oturub əvvəlcədən plan quraq ki, Zabil Salmanovu aldadacağıq", - Arzu Məmmədov qeyd edib.

“O ÜZLƏŞMƏ YADIMDA DEYİL”

Arzu Məmmədovun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib. Amma bundan əvvəl onunla Rəşad Məmmədov arasında üzləşmə keçirilib. Həmin vaxt Arzu Məmmədov Rəşad Məmmədovun əleyhinə danışıb.

Bugünkü dindirmə zamanı Rəşad Məmmədov ondan həmin üzləşmədə dediklərinin həqiqət olub-olmadığını soruşub. Arzu Məmmədov suala belə cavab verib: "O üzləşmə yadımda deyil".

Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha çox pul vəsaiti verməklə, 200 min manatdan artıq vəsaiti israf edib.

XS
SM
MD
LG