Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Nazirin jurnalistin ölümüylə bağlı məktubu üzə çıxdı


Oqtay Şirəliyev
Oqtay Şirəliyev

►Döyülüb öldürülmüş Rasim Əliyevin anası cinayət işinin materialları ilə tanış olub

Jurnalist Rasim Əliyevin ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı mərhumun yaxınlarını qane etməyib. Jurnalistin anası Teyfurə Əliyeva və zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev dekabrın 18-də gün ərzində Bakı şəhər Prokurorluğunda cinayət işinin materialları ilə tanış olublar.

“HƏKİMLƏRİN HEÇ BİR GÜNAHI YOXDUR”

Bu barədə AzadlıqRadiosuna açıqlama verən Əsabəli Mustafayev bildirib ki, 7 cildlik materialları oxuyublar, Rasimin döyüldüyünü əks etdirən videogörüntüyə baxış keçiriblər, bəzi sənədlərin surətini götürüblər.

Əsabəli Mustafayev istintaqdan narazı qaldığı məqamlarla bağlı yaxın günlərdə prokurorluğa vəsatətlər təqdim edəcək:

"İstintaqda müəyyən çatışmazlıqlar olub. Xüsusilə, həkimlərin məsuliyyəti məsələsi bizi qane etmir. Bizi təəccübləndirən əsas məsələlərdən biri səhiyyə naziri Oqtay Şirəliyevin işin içindəki məktubu oldu. Məktubda göstərilib ki, Rasim Əliyevə xəstəxanada bütün lazımi tibbi xidmətlər göstərilib. Yəni onun ölümündə həkimlərin heç bir günahı yoxdur. Biz isə öz mövqeyimizdə qalırıq ki, Rasim Əliyevin ölümündə həkimlərin də məsuliyyəti var. Bu və digər məsələlərlə bağlı vəsatətlərimizi dekabrın 21-də prokurorluğa təqdim edəcəyik".

Cavid Hüseynov
Cavid Hüseynov

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərə verilən ittihamlarla bağlı da onları qane etməyən məqamlar var ki, bu barədə də vəsatəti olacaq.

“VAXTINDA HEÇ NƏ ELƏMƏDİLƏR”

Jurnalistin anası Teyfurə Əliyeva da vəkillə həmfikirdir. Zərərçəkmiş AzadlıqRadiosuna bildirib ki, iş materialları ilə tanışlıq zamanı gördüyü sənədlərdən sonra həkimlərin onları aldatdığına bir daha əmin olub:

"Məsələn, işin içində rentgen müayinəsinin nəticəsi var. Orada Rasimin ciyərində qansızma olduğu göstərilib. Amma həkimlər bizə demişdi ki, ciyəri təmizdir. Deməli, lazımi yardım göstərməməkləri bir yana, üstəlik, bizi aldadıblar. Vaxtında bilsəydim, götürüb başqa xəstəxanaya aparardım. Gecə saat 1-ə qədər heç nə eləmədilər, iş-işdən keçəndən sonra əməliyyata apardılar, bu da nəticəsi..."

Teyfurə Əliyeva deyir ki, onları narazı salan digər məqam iş üzrə təqsirləndirilən şəxslərdən biri olan futbolçu Cavid Hüseynova verilən ittihamın yüngül olmasıdır. Zərərçəkmiş hesab edir ki, onun məsuliyyəti təkcə cinayəti bilib xəbər verməməklə məhdudlaşdırılmamalıdır.

Jurnalist Rasim Əliyev "Facebook"da "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən status yazdıqdan sonra avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb.

O, avqustun 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub ki, onların arasında Cavid Hüseynov da var. Digər beş nəfərdən fərqli olaraq, futbolçu jurnalistin döyülməsində yox, cinayəti bilib xəbər verməməkdə ittiham olunur.

XS
SM
MD
LG