Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

'Ramiz Mehdiyevi atam qədər istəmişəm...'


Rasim Məmmədov Prezident İlham Əliyevə "Baku Steel Company" MMC-nin Sumqayıt boruyayma zavodunda görülən işlərlə bağlı məlumat verir. 2017
Rasim Məmmədov Prezident İlham Əliyevə "Baku Steel Company" MMC-nin Sumqayıt boruyayma zavodunda görülən işlərlə bağlı məlumat verir. 2017

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodunun) Müşahidə Şurasının sabiq sədri Rasim Məmmədov "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallıdan şikayətçi olduğunu açıqlayıb. O, sentyabrın 12-də öz məhkəməsində iddia edib ki, Zeynallı uzun müddət ondan pul tələb edib. Bir gün öncə həbs olunan Zeynallı isə işadamından pul almasıyla bağlı ittihamları təkzib edib.

"Mən elə ifadə verməmişəm"

"Əvəz Zeynallı neçə illərdir özümə və ailəmə qarşı mənəvi terrorla məşğuldur. Dəfələrlə pul tələb edib. Mənim həbsimdən sonra da əməllərindən əl çəkməyib. Loğman və Nurəddin Zülfüqarlıdan pul alıb haqqımda şər-böhtan yazırdı. Türkiyə xüsusi xidmət orqanlarına məktub göndərmişdilər ki, guya Türkiyədə Loğmanın oğurlanmasını sifariş eləmişəm...", – Məmmədov belə deyib. Əvəz Zeynallının bu ittihamlara münasibəti bəlli deyil. (İş adamları Loğman və Nurəddin Zülfüqarlı qardaşları "Bakı Elektroştamp", "Bakı Poladtökmə" və bir sıra başqa müəssisələrin sahibləri olublar, həbs olunublar, həbsdən çıxdıqdan sonra Türkiyəyə köçüblər – red.)

Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Dövlət ittihamçısı təklif edib ki, təqsirləndirilən şəxsin dedikləri araşdırılması üçün prokurorluğa göndərilməlidir. Çünki cinayət xarakterli hərəkətlər barədə məlumat verir.

Təqsirləndirilən keçmiş zavod rəhbəri öncə ifadə vermək istəməyib, vəkilləri ilə məsləhətləşə bilmədiyini, hazırlanmış ifadəni oxumadığını deyib. Bu üzdən hakim onun istintaqdakı ifadəsini elan etmək istəyib.

"O, mənim ifadəm deyil. Mən elə ifadə verməmişəm", – Məmmədov etiraz edib. Bundan sonra o, məhkəmədə ifadə vermək istədiyini açıqlayıb.

Zavodu tam alıb

O bildirib ki, 2008-ci ilin noyabr-dekabr aylarından "Baku Steel Company" MMC fəaliyyətə başlayıb. Əvvəl onun bu zavodda payı cəmi 25 faiz olub. Sonradan 15 milyona 50 faizini alıb. Bir müddət də keçib, qalan 25 faizinə görə də 7.5 milyon verib və zavodu tam alıb.

Məmmədovun dediyinə görə, o zaman qalan 75 faizi ona satanlar əcnəbilər olub: "Ayda 3-4 milyon gəlir onlar üçün maraqlı deyildi. Onda dedilər ki, "Balaxanı Oil" yatağına maraqları var. Dedilər ki, onu almağa kömək eləyim, "Baku Steel"dəki paylarını satacaqlar mənə. Qalan payı almaq məsələsi ilə əlaqədar İsrailin baş naziri ilə gedib görüşmüşdüm".

Məmmədovun sözlərinə görə, "Balaxanı Oil" məsələsi ilə bağlı o zaman Dövlət Neft Şirkətinin prezidenti (hazırda iqtisadiyyat nazirinin müavini-red.) olan Rövnəq Abdullayevlə görüşüblər, detalları razılaşdırıblar. İşadamı iddia edir ki, öncə 300 milyona razılaşdırılıb, sonra məbləğ 350 milyona, daha sonra 400, ardınca da 450 milyona qalxıb. Məbləğin dəyişməsi, razılaşmanın baş tutmaması müəyyən narahatlıq yaradıb. Rövnəq Abdullayev, hələlik, bu məsələni şərh etməyib.

Zavodun rəsmi sahibi kimi sənədlərdə başqasının adının rəsmiləşməsi ilə bağlı suala cavab verən təqsirləndirilən şəxs deyir ki, bütün dünyada bu üsuldan istifadə olunur. Onun sözlərinə görə, bu yol daha rahatdır.

100 milyondan artıq pul xərclədiyini deyir

Məmmədov iddia edir ki, "Baku Steel Company"nin dirçəlməsi üçün 100 milyondan artıq pul xərcləyib, ondan sonra işlətməyə başlayıb.

"2016-cı ildə prezident də zavodun açılışında iştirak elədi. Prezident həmişə mənim fəaliyyətimdən razı qalıb. Mən yediyim qaba, oturduğum stola tüpürməmişəm. Deyirlər ki, "xəyanət eləyib". Kimə xəyanət eləmişəm? Mən prezidentə yalan danışmamışam, xəyanət etməmişəm", – Məmmədov bildirib.

O vurğulayıb ki, istintaq təcridxanasında ona yaxşı şərait yaradılması haqda iddialar da əsassızdır. Valideynlərini, övladlarını 19 aydır görmədiyini deyən keçmiş zavod sahibi Sumqayıtdakı "Azərboru" zavodunu almasından da danışıb. Deyir ki, buna görə 2 milyon pul verib. Həmin vaxt sözügedən zavod çox pis vəziyyətdə olub: "Prezidenti aldadırdılar ki, köhnədir, lazım deyil. Beləcə məhv eləyirdilər. Kredit götürüb o zavodu aldım. Mənə qədər ora talan edilmişdi. Mən oksigen zavodunu tikməsəydim, xəstəxanalar oksigen balonunu haradan alacaqdı?".

"Üç nəfər arasında danışığımız olub"

Məmmədov ötən məhkəmə iclaslarından birində demişdi ki, 2011-ci ildə Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Əyyubovla aralarında razılaşma olub. O, bu dəfə Mehdiyev və Əyyubovla münasibətlərindən də danışıb: "Ramiz Mehdiyevi atam qədər istəmişəm. Pis günündə də yanında olmuşam. Xəstəxanada yatanda yanında qalmışam. Bəylər Əyyubova da atam kimi yanaşmışam".

Məmmədov etiraf edib ki, satış qiymətləri, əldə olunan vəsaitlərlə bağlı rəsmi sənədlərdə göstərilən rəqəmlər fərqli olub. Rəsmi sənədlərdə olmasa da, başqa qeydlərdə hər şey olduğu kimi yazılıb. Niyə məhz bu cür olmasıyla bağlı prokurorun sualına isə belə cavab verib: "Onda gərək bütün sistemi dəyişəsiz. O sualı mənə yox, sistemə verin. Guya indi başqa cür işləyirlər?".

Özünün qazancına gəlincə, Məmmədov deyir ki, "Baku Steel Company"dən maaş almayıb. Ümumi qazancdan ona pay çatıb: "İlk gün dediyim kimi, pul bölünüb. Üç nəfər arasında danışığımız olub. Bölgüdə mən də öz payımı götürmüşəm".

Mehdiyev: "Kim nə danışır, danışsın"

Bəylər Əyyubov bu məsələni şərh etməyib. Ramiz Mehdiyev bugünlərdə "Unikal" saytına açıqlamasında deyib ki, Məmmədovun səsləndirdiyi fikirlərə münasibət bildirmək istəmir: "Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək".

Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb. Hələ 2012-ci ildə Bakıda fəaliyyət göstərən metal zavodlarının ələ keçirilməsi ilə bağlı şikayətlər yayılıb. Bu müəssisələrə kütləvi şəkildə idmançı görkəmli gənclərin gətirilərək orda fəaliyyətin dayandırıldığı bildirilirdi.

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli, Zülfüqarlı qardaşları onlara məxsus müəssisələrin əllərindən alındığını bildiriblər. Bu məsələnin arxasında Rasim Məmmədovun dayadığı deyilsə də, özü adının hallanmasını yanlışlıq saymışdı.

Məmmədovun məhkəməsi sentyabrın 16-da davam edəcək.

185 milyon manatlıq mənimsəmə və israfetmə

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israfında ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. O, özünü təqsirli bilmir. Məmmədova irəli sürülmüş ittihamlar üzrə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Xural TV"nin rəhbəri Əvəz Zeynallı sentyabrın 10-da saxlanılıb. Ona qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. O, Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda suçlanır. Zeynallı özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

"Xural TV"nin rəhbəri ilə yanaşı, vəkil Elçin Sadıqov da həbs edilib. O isə pulun alınmasında vasitəçilikdə suçlanır. Sadıqov da özünü təqsirli bilmir və həbsini vəkillik fəaliyyəti ilə əlaqələndirir. Vəkil bildirib ki, həbsinin əsl səbəbi siyasi motivlərlə həbs olunan ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

XS
SM
MD
LG