Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:28

Rumıniya Moldova sərhədinə  qoşun yığmadığını deyir


Rumıniya Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu
Rumıniya Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu

Rumıniyanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Buxarestin Moldova ilə sərhəddə guya qoşun cəmləşdirməsi barədə sosial mediada yayılmış onlarca post Kremlin Ukraynaya qarşı təcavüzlə birlikdə apardığı “saxta xəbərlər” kampaniyasının bir hissəsidir.

Nazirliyin fevralın 28-də yaydığı bəyanatda deyilir:

"Biz hamıya xatırladırıq ki, belə sensasiyalı və vahimə yaradan xəbərlərin səhihliyi mütləq rəsmi mənbələrlə tutuşdurulmalıdır”.

Moldova Aİ və NATO üzvü olan Rumıniya ilə Ukraynanın arasında yerləşir. Moldova və Ukrayna arasında sərhədin uzunluğu 1200 kilometrdir.

Rusiya Moldovanın separatçı Dnestryanı bölgəsində sülhməramlı adı ilə 1000-dək əsgər yerləşdirib.

Rusiya bundan əvvəl belə bir uydurma ilə çıxış etmişdi ki, guya Ukrayna Dnestryanıya müdaxilə etməyi planlaşdırır.

Rusiyanın bu iddiaları Moskvanın 2014-cü ildə Krımı ilhaq etdiyi kimi Dnestryanını da işğal etməyə hazırlaşmasından narahatlıq yaradıb.

Twitter postu

Moldovanın qərbyönlü prezidenti Maya Sandu və Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə bəyan etmişdilər ki, Rusiya Dnestryanıya mümkün müdaxiləsinə haqq qazandırmaq üçün Moldovanın içərisində sabitsizlik yaratmağı planlaşdırır.

Geoinsider adlı bir Twitter hesabı fevralın 26-da küncündə platformanın mavi rəngli “yoxlanılıb” nişanı ilə Moldova sərhədinə doğru yürüşə çıxdıqları iddia olun Rumıniya əsgərlərinin fotosunu yaymışdı.

Şəkil sözündə yazılmışdı: “Rumıniya Moldova ilə sərhəddə antitəyyarə sistemləri yerləşdirib. Sərhəddə Rumıniya tankları və zirehli texnikası da var”.

ABŞ-ın Massaçussets ştatında yerləşdiyini və “bütün dünyadan geosiyasi və hərbi xəbərlər yaydığını” iddia edən hesab hazırda silinib.

Buna baxmayaraq həmin post onadək Twitter hesabından yüzlərlə dəfə repost edilib.

Bu postlardan birində hətta Rumıniya qoşunlarının artıq Moldovada olması iddia olunur.

Rumıniya Müdafiə Nazirliyi bildirir ki...

AzadlıqRadiosuna verdiyi bəyanatda Rumıniya Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu həmin postlardakı iddiaları rədd edib və bildirib ki, “Rumıniya qoşunlarının və antitəyyarə sistemlərinin dislokasiyasında heç bir dəyişiklik baş verməyib”.

Moldovanın böyük bir ərazisi II Dünya Müharibəsinədək Rumıniyanın bir hissəsi idi.

Bu ərazi sonradan SSRİ tərəfindən işğal olunaraq sovet sosialist respublikasına çevrilib.

Rumıniya və Moldova ortaq tarix, dil və mədəniyyətə malikdir.

Spinu AzadlıqRadiosuna deyib ki, Rumıniya hərbiyyəsi Ukrayna müharibəsi başlanandan bəri saxta xəbərlər dalğasını dəf etməyə çalışır.

İş o yerə çatıb ki, Müdafiə Nazirliyi özünün Inforadar adlı antidezinformasiya platformasını yaradıb.

Nazirlik fevralın 27-də yaydığı məlumatda bildirir ki, sözü gedən saxta postda istifadə olunmuş foto Milli Gündə - 2022-ci ilin 1 dekabrında Alba İuliya şəhərində keçirilən hərbi paradda çəkilib.

Bu ayın əvvəllərində Sandu ilə Polşada görüşən ABŞ prezidenti Co Bayden (Joe Biden) Vaşinqtonun Moldovanın suverenlik və ərazi bütövlüyünə güclü dəstəyini ifadə etmişdi.

XS
SM
MD
LG