Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:24

Rusiya neftin qiymətini qaldıra biləcəkmi?


Əksər Qərb ekspertləri Rusiya, Səudiyə və OPEC arasında hər hansı sövdələşmənin baş tutacağına inanmırlar

Neft qiymətləri son birja satışında 8 faiz yüksələrək 36 dollara yaxınlaşıb.

Ekspertlərin fikrincə, qiymətin qəfil tərpənişi Rusiya energetika nazirinin bəyanatı ilə bağlıdır. Aleksandr Novak bildirib ki, neft hasilatının azaldılması məsələsini müzakirə etmək üçün OPEC və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazırdır.

Reuters agentlyinin məlumatına görə, Aleksandr Novak “istənilən formatda” danışıqlara hazır olduğunu, habelə Səudiyyə Ərəbistanın hasilatı 5 faizədək azaltmaq təklifi ilə çıxış etdiyini bidlirib.

Bir sözdən oynayan neft

“The Financial Times” burada incə bir məqama toxunub: Söhbət Səudiyyənin hər hansı yeni təklifindən gedir, yoxsa əvvəlki təkliflərdən?

Qəzet yazır ki, Səudiyyə və Rusiya onsuz da 18 aydan bəridir ki, neft qiymətlərinin uçurumdan xilas edilməsi üçün məsləhətləşmələr keçirirlər, konkret nəticə isə yoxdur.

Aleksandr Novak
Aleksandr Novak

OPEC-in əsas oyunçusu Səudiyyə əvvəllər də dəfələrlə bildirib: neft hasilatını azalda bilər, lakin yalnız o halda azalda bilər ki, qeyri-OPEC ölkələri, konkret deyilərsə Rusiya da öz hasilatını azaltsın.

Rusiya energetika nazirinin son bəyanatı barədə Səudiyyə nə təkzib, nə də təsdiq cavabını verib.

Qərb agentlikləri bildirirlər ki, məhz Səudiyyənin konkret cavabdan qaçmasından sonra Brent markasından olan neftin qiyməti təkrar 34 dollara düşüb. Bundan əvvəl Novakın bəyanatı neftin qiymətini az qala 36 dollara qaldırmışdı.

Ekspertlər nədən şübhəlidirlər?

Məhz bu səbəbdən də bir çox nüfuzlu Qərb firmaları və ekspertləri, Rusiyanın sadəcə olaraq qiymətlərə xəbərlərlə təsir etmək cəhdlərindən şübhələnirlər.

Onların fikrincə, Rusiyanın məqsədi qiymətləri qaldırmaq yox, onların dinamik enişini əngəlləməkdir.

Çünki neft qiymətlərinin düşməsinə səbəb olan əsas şərtlər hələ də yerindədir: Neftin ən böyük alıcısı Çinin alıcılıq qabiliyyəti düşüb, ABŞ neftinin hasilatı azalmır, neft ağzınadək dolu anbarlara axmaqda davam edir. Üstəlik bu faktorlara ikisi də əlavə olunub: İraq hasilatı sabitləşdirib, İran isə sanksiyalar qaldırıldıqdan sonra bazara gəlir.

Rusiyanın özü ilə bağlı şərt də var. Bundan əvvəl hasilatı azaltmağın çətinliyini iddia edərkən Rusiya bildirirdi ki, havaların şaxtalı olduğu bir vaxtda Sibir yataqlarında neft hasilatının dayandırılması texniki baxımdan mümkün deyildir. Başqa sözlərlə, Sibirin şaxtalı havaları da yerində qalır.

Rusiyadan gələn siqnallarda şübhəli olan başqa bir məqam da bəyanatların hansı səviyyədə səslənməsidir.

Rusiyanın istehsala görə ikinci böyük şirkəti Lukoilun rəhbərlərindən biri bəyan etmişdi ki, şirkət neft hasilatını ixtisar etməyə hazırdır, əgər Moskvadan siyasi dəstək olsa. Başqa sözlərlə bu o deməkdir ki, hasilatı azaldıb-azaltmamaq məsələsi Lukoil-da yox, Kremldə həll olunur.

Londonda çıxan “The Telegraph” qəzeti də ötən cümə axşamı neft qiymətlərinin 8 faiz artmasını Rusiyanın Səudiyyə ilə mümkün danışıqları barədə xəbərlərlə bağlayır.

Qəzet yazır ki, Riyadla Moskva arasında hər hansı razılaşma OPEC-lə onun rəqibi arasında on ildən bəri ilk saziş kimi qiymətləndirilə bilərdi.

Moskva “sentimentlə” oynayır

Bununla yanaşı “The Telegraph” yazır ki, Moskva və Riyad arasında yaxınlaşma, hələlik neft qiymətlərinə dair razılaşmanın əldə ediləcəyi məsafəyə çatmayıb.

Capital Economics xammal araşdırmaları mərkəzindən Julian Jessop deyib ki, Səudiyyə bəlkə də əlaqələndirilmiş hasilat ixtisarına razı olardı, lakin o, çətin Rusiyanı etibarlı tərəfdaş kimi görsün.

Təzə bir şey yoxdur. Bu sadəcə olaraq Rusiyadan gələn xəbər dalğasıdır. Səudların nəsə etmək istədiklərini göstərən heç bir əlamət yoxdur

Jessop da bildirir ki, Rusiya hazırda istəsə də, neft kranlarını bağlaya bilməz, çünki Sibirin şaxtalarında dayandırılan quyularda sonradan hasilatı bərpa etmək son dərəcə çətin texniki məsələdir.

Barclays Capital firmasının ekspertləri isə bildirirlər ki, Rusiya və Səudiyyə və ya OPEC arasında hər hansı bir görüşün real nəticə verəcəyinə və hasilatın azalacağına inanmırlar. Onlar bu qənaətdədirlər ki, Moskva sadəcə olaraq “bazar sentimenti”ni dəyişməyə cəhd göstərir.

Bununla yanaşı, iqtisadiyyatları neftdən son dərəcə asılı olan Rusiya və Səudiyyənin ara-sıra indikinə bənzər siqnalları gəlir.

Amerikanın CNBC şəbəkəsinin saytındakı məqalənin sərlövhəsi də əlamətdardır: “OPEC və Rusiya arasında neft razılaşmasına ümidlər sıfır qədər zəifdir”.

“Təzə bir şey yoxdur. Bu sadəcə olaraq Rusiyadan gələn xəbər dalğasıdır. Səudların nəsə etmək istədiklərini göstərən heç bir əlamət yoxdur” – deyib Citigroup-un direktorlarından Edward Morse.

Rusiyanın “bədaətən” bəyanatı

Moskvadakı Macro-Advisory firmasından Chris Weafer isə deyib ki, Səudiyyənin belə bir görüşə maraqlı olduğunu düşünmür, çünki Riyadın əsas hədəfi ABŞ və onun şist istehsalçılarıdır.

İranın neft platforması
İranın neft platforması

​Onun fikrincə, hasilatın real ixtisarı üçün ABŞ-ın da bu prosesdə iştirakı həlledicidir.

“Mən düşünmürəm ki, Rusiya və ya Səudiyyə öz hasilatlarını sist sənayesinin xeyrinə azaltsınlar” – deyib ekspert.

Bloomberg saytı Weafer-ə istinadən yazır ki, Rusiya naziri Novakın “bədaətən verdiyi bəyanat” sadəcə neft qiymətlərini “dəstəkləmək” üçündür.

IHS şirkətinin sədr müavini Daniel Yergin isə hesab edir ki, hazırkı vəziyyətdə hasilatın ixtisarına dair hər hansı danışıqlarda İran da masanın arxasında olmalıdır.

Bu arada OPEC-in sözçüsü də Səudiyyə Ərəbistanın hasilatı 5 faiz azaltmağa hazır olduğu barədə hər hansı bəyanatından xəbərsiz olduğunu söyləyib.

Yergin deyib ki, yaranmış vəziyyətdə iqtisadiyyatları tamamilə neftdən asılı olan ölkələr real çıxış yolunu hasilatı azaltmaqda yox, artırmaqda görürlər.

Məsələn neft gəlirlərindən 95 faiz asılı olan İraq hasilatı bu həftə, günə 4 milyon barrelə çatdırıb.

Körfəz suya getməz

Weafer isə bildirir ki, Rusiya, OPEC və Səudiyyə Ərəbistanı arasında görüşlər ola bilər və belə görüşlər vaxtaşırı baş verir, lakin indi bu danışıqların hər hansı konkret nəticə verəcəyi real deyil.

“Bu Rusiya tərəfindən yaradılmış farsdır” – deyib Again Capital-dan John Kilduff.

Ekspertlər deyirlər ki, ABŞ nefti istehsalının da azaldığını göstərən əlamətlər yoxdur. ABŞ anbarlarında hazırda 1, 2 milyard barrel neft var.

Onların fikrincə, indi başlıca problem neftin hasilatı yox, onun anbarlanmasıdır.

Bəzi mənbələrdən alınan xəbərlərdə deyilir ki, guya Moskva Səudiyyəyə əvvəlcə onun hasilatı azaltmasını təklif edib və özünün bu prosesə sonradan qoşulacağını vəd edib.

“The Wall Street Journal” yazır ki, Körfəz ölkələri çətin, bu sayaq sövdələşməyə razılaşsınlar, çünki artıq bir dəfə, 2000-ci illərdə Moskva buna bənzər vədini yerinə yetriməyib.

XS
SM
MD
LG