Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

AB Rusiya qazından asılılığını qat-qat azaltsa da, ondan tam imtina etməyə hazır deyil


Macar işçilər qaz klapanlarına və qaz təzyiqinə nəzarət edirlər.
Macar işçilər qaz klapanlarına və qaz təzyiqinə nəzarət edirlər.

Ötən ilin payızında Kreml Avropa Birliyi (AB – rəsmi mediada Avropa İttifaqı – Aİ kimi də yazılır- red.) vətəndaşlarının qarşıdan gələn qışı çox üzüntülü keçirəcəyi proqnozunu verirdi. Rusiya Avropaya təbii qaz təchizatını kəsəndən bəri Moskva və kremlyönlü media sevinə-sevinə Rusiya qazı olmadan Avropanın qaranlıq və donmuş bir yerə çevriləcəyini, avropalıların yataqlarında donub öləcəklərini deyirdi.

İnanılmaz irəliləyiş var, ancaq…

AzadlıqRadiosunun müxbiri Elitsa Simeonovanın məqaləsində deyilir ki, enerji qiymətləri qalxsa da, Moskvanın bütün qorxunc proqnozlarına baxmayaraq, AB donmadı. Havaların nisbətən mülayim keçməsi və qaz ehtiyatlarının öncədən toplanıb saxlanması, özəlliklə ABŞ-dan maye qaz idxalının artırılması avropalılara çox əl tutdu. AB insanları istehlakı azaltmağa və səmərəliliyi artırmağa çağırdı, külək və günəş kimi yenilənə bilən enerji qaynaqlarına daha çox güvənməyi seçdi. "Avropa Birliyi ötən ilin fevralından bəri özünün Rusiya qazından asılılığını azaltmaq yönündə inanılmaz irəliləyiş əldə edib", - Nyu-Yorkdakı Kolumbiya Universiteti Qlobal Enerji Siyasəti Mərkəzinin aparıcı tədqiqatçısı Akos Loş AzadlıqRadiosuna belə deyib. Ekspertlərin fikrincə, bu, uzunmüddətli perspektivdə AB-nin enerji güvənliyindən ötrü faydalı olsa da, Rusiyanın enerji məsələlərindən parçalanmış AB-nin tam kəsilib atılması xeyli daha çətin olacaq. Axı AB-də ölkələrin təkcə enerji ehtiyacları deyil, Kremllə münasibətləri də bir-birindən çox fərqlidir. "Coğrafiya, müqavilə öhdəlikləri və bəzi hallarda siyasi çıxarlar üzündən qalan yanacaq axınlarını qapatmaq çətindir", - Loşun sözləridir.

"Rusiya həmişə enerjidən şantaj aləti kimi yararlanır"

Ötən ilin fevralında Rusiya Ukraynaya hücum edəndə AB Rusiya qazından çox asılı idi və Birliyin toplam qaz idxalatının 40 faizini Rusiya təmin edirdi. AB-nın rəsmi statistika idarəsi – "Eurostat"ın bilgisinə görə, 2021-ci ildə Rusiya, məsələn, Macarıstanın təbii qaz ehtiyacının 95 faizini, İspaniyanın ehtiyacının 10 faizdən azını ödəyirdi. Bu anlamda AB-də ən böyük idxalatçı həmin il Rusiyadan 55 milyard kubmetr təbii qaz alan Almaniya idi. Ölkənin qaz idxalatının 65 faizdən çoxu Rusiyadan nəql edilirdi.

İşçi Yamal yarımadasındakı Bovanenkovo qaz yatağında idarəetmə paneli otağında monitorlara baxır
İşçi Yamal yarımadasındakı Bovanenkovo qaz yatağında idarəetmə paneli otağında monitorlara baxır

Fevral hücumundan öncə Rusiyanın AB-yə qaz ixracının artacağı gözlənilirdi. "Şimal axını-2" qaz kəmərinin tikintisi bitmək üzrə idi. "Şimal axını-1" kimi bu yeni kəmər də Baltik dənizinin altından keçməklə Rusiya qazını Almaniyaya çatdırmaq üçün tikilmişdi. Kəmərin tikintisini Rusiya dövlət şirkəti "Qazprom" və Avropanın bir neçə enerji şirkəti maliyyələşdirmişdi. Rusiya qazından aşırı asılılığın gətirdiyi geosiyasi risklərlə bağlı xəbərdarlıqlara blok daxilində çox da önəm verilmirdi. "[Rusiya] həmişə enerjidən şantaj aləti kimi yararlanır. Bu, gerçəkdən onların əlində olan ən güclü silahdır", - Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin təhlilçisi Filipp Lausberq belə deyir.

Ukrayna bu şantajın necə işlədiyini çox yaxşı bilirdi: Moskva onilliklər ərzində Kiyevlə ziddiyyət yaşanan zaman həmişə bu yola əl atıb.

AB-nın Rusiyadan qaz idxalı 2022-ci ilin fevralından öncəki səviyyənin 1/3-i qədər azalıb. "Eurostat"ın rəqəmlərinə görə, AB 2021-ci ilin üçüncü rübündə təbii qazının 39 faizini Rusiyadan alıb. İki il ötəndən sonra - 2023-cü ilin üçüncü rübündə bu göstərici 12 faizə enib. Bu, qismən zərurətdən yaranan azalma idi. Ötən il Rusiya Avropadakı bəzi müştərilərinin qaz təchizatını birtərəfli qaydada kəsdi. Nəticədə qaz qiymətləri rekord həddə çatdı. Qazı kəsilən ölkələr arasında Rusiya qazı üçün ödənişləri rus rublu ilə etməkdən imtina edən Bolqarıstan, Polşa, Finlandiya və Niderland da vardı. Pulun rublla ödənilməsi Rusiyanın "dost olmayan" ölkələrə tətbiq etdiyi şərt idi. Bu onun Rusiya Mərkəzi Bankına qarşı Qərbin maliyyə sanksiyalarından yan keçmək cəhdi idi. Ötən il avqustun 31-də Moskva "Şimal axını-1" kəməri vasitəsilə Avropaya qaz satışını dayandırdı. Bunun üç günlük planlı təmir olduğunu desə də, kəmər bağlı qaldı.

Üç əsas yol bağlıdır

Rusiyanın AB-yə qaz nəql edən əsas yollarından üçü 2022-ci ildən bəri bağlıdır. Həmin ilin mayında Ukraynanın qaz nəqli sisteminin operatoru fors-major durum (müqavilə şərtlərini gerçəkləşdirməyin imkansız olduğunu) elan etdi. O, Rusiyanın işğal etdiyi ərazilərdəki infrastruktur üzərində operativ nəzarət imkanının olmadığını bildirərək Soxranovkadan keçən axını dayandırdı. Soxranovka Rusiya qazının Ukraynaya giriş nöqtələrindən biri idi.

Ötən ilin mayında Rusiya, Belarus və Polşanın birgə layihəsi olan, Rusiya qazını Polşa və Almaniyaya nəql edən Yamal-Avropa kəməri fəaliyyətini dayandırdı. Bundan az öncə Moskva Polşaya qaz nəqlini dayandırmış, kəmərin Polşa bölümünə nəzarət edən şirkətə qarşı sanksiya tətbiq etmişdi. İndi Polşa kəmərin özünə aid hissəsindən Almaniyadan qaz idxal etmək üçün yararlanır.

Üzən ekskavatorlar "Şimal axını-2" boru kəməri üçün sualtı xəndək hazırlayırlar. 2018
Üzən ekskavatorlar "Şimal axını-2" boru kəməri üçün sualtı xəndək hazırlayırlar. 2018

Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Berlin hələ qaz nəql etməyə başlamayan "Şimal axını-2" kəmərinin təsdiqi prosesini dayandırdı. 2022-ci ilin sentyabrında isə "Şimal axını-1" və "Şimal axını-2" kəmərlərinin ayrı-ayrı hissələri partlayış nəticəsində istifadəyə yararsız hala düşdü. Ekspertlər bu partlayışların sabotaj olduğu qənaətinə gəlsələr də, xüsusi araşdırma mümkün sabotajı törədənləri üzə çıxaracaq hər hansı dəlil tapa bilmədi.

Bu o deməkdir ki, indi Rusiya qazının Avropaya boru kəməri ilə nəqli yalnız iki xətlə məhdudlaşır. Bunlardan biri "Qazprom" ilə Türkiyənin birgə layihəsi olan, Qara dənizin altından keçərək Rusiya qazını Türkiyəyə, oradan Mərkəzi və Cənub-Şərqi Avropaya çatdıran "Türk axını" kəmərinin Avropa qolu, digəri isə Rusiya ilə sərhəddəki Sudja giriş nöqtəsindən daxil olaraq, Ukraynadan keçən kəmərdir.

"Müqayisədə Rusiya qazı hələ də ucuz başa gəlir"

Bundan başqa, AB-nın təbii qaz istehlakı, demək olar, 18 faiz azalıb. Bu, qismən blokun enerji növlərini şaxələndirmək, səmərəliliyi artırmaq və yenilənə bilən qaynaqlara investisiya yatırmaq yönündə atdığı addımların nəticəsidir. AB 2027-ci ilədək Rusiyadan gələn mədən yanacağından asılılığına son qoymağı qarşısına məqsəd qoyub. Bu plan "REPowerEU" planı adlanır. Avropa Komissiyasına görə, blok öz hədəfinə çatmaq istiqamətində tempini qoruyub saxlayır.

AB Rusiyadan qaz idxalını xeyli azalda bilsə də, ekspertlər blokun Rusiya qazından tam imtina edəcəyini gözləmirlər. Lausberq deyir ki, bəzi Avropa ölkələrinin Rusiya qazını almaqda maraqlı olmasının bir səbəbi bu ölkələrdən çoxunun dənizə çıxışının olmamasıdır. "Onlar üçün maye qaz almaq digərlərinə nisbətən xeyli daha çətindir. Digər səbəbsə Rusiya qazının hələ də müqayisədə ucuz olmasıdır".

XS
SM
MD
LG