Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

İkili vətəndaşların sayı gizli qalıb


2022-ci ilin birinci rübündə 6 min 300-dək azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.
2022-ci ilin birinci rübündə 6 min 300-dək azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.

Rusiyada yaşayan və bu ölkənin vətəndaşlığını alan azərbaycanlılar da səfərbərliyə cəlb edilir. Hazırda Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa imkan vermir.

Bəs əvvəl Azərbaycan, sonra isə Rusiyaya getdikdən sonra həmin ölkənin vətəndaşlığını alan insanların ilkin vətəndaşlığı ləğv edilirmi?

Qanunda yazılanlar…

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna 2014-cü ildə edilmiş dəyişiklərdə deyilirdi ki, xarici dövlətin vətəndaşlığını almış Azərbaycan vətəndaşları bir aya bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər. Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab olunur. Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil.

Statistika

İkili vətəndaşlığı olan şəxslərlə bağlı Azərbaycanda rəsmi statistika sonuncu dəfə 2017-cı ildə açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, Azərbaycanda 2016-cı ildə ikili vətəndaşlığı olan 7 min 956 şəxs müəyyənləşdirilib.

Son rəsmi statistikaya görə, 2021-ci ildə 944 nəfər Azərbaycan vətəndaşlığından çıxıb. 2020-ci ildə isə bu göstərici 561 nəfər idi.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə isə, 2022-ci ilin birinci rübündə 141.5 minə yaxın xarici vətəndaş bu ölkənin vətəndaşlığını alıb. Onlardan Azərbaycandan olanlar 4.5 faiz (6 min 300 nəfərə yaxın) təşkil edir.

Dövlət Miqrasiya Xidməti
Dövlət Miqrasiya Xidməti

İnzibati və ya cinayət məsuliyyəti aradan qaldırılıb

Azərbaycan Dövlət Miqrasiya Xidmətindən "Turan"a bildirilib ki, şəxsin ikili vətəndaşlığı varsa, bu, qanun pozuntusu sayılmır: "Ancaq Azərbaycan vətəndaşı olan şəxs hər hansı ölkədən vətəndaşlıq alırsa, 1 aya bu barədə məlumat verməlidir".

Qurumdan qeyd olunub ki, əvvəllər bu məlumat verilmədiyinə görə vətəndaşlar məsuliyyət daşıyırdılarsa, 2014-cü ildə müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra bu, aradan qaldırılıb. Yəni, xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu barədə məlumat vermədiyi təqdirdə Azərbaycan İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə məsuliyyət daşımırlar: "İnzibati və ya cinayət məsuliyyəti aradan qaldırılsa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər".

"Onlar barədə heç bir məlumat yoxdur"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, ən çox belə hal Rusiyada yaşanır: "Azərbaycan vətəndaşları kütləvi şəkildə gedib orada qalırlar, vətəndaşlığını dəyişirlər və onlar barədə heç bir məlumat yoxdur".

Onun sözlərinə görə, əvvəl Azərbaycan vətəndaşı olub başqa ölkənin vətəndaşlığını alan, sonra isə yenə Azərbaycan vətəndaşlığına qayıtmaq istəyən şəxslər üçün proses çətin olacaq: "Çünki ölkədə ikili vətəndaşlıq tanınmır və belə olan halda hüquqi prosedur asan olmayacaq. Bəzi ölkələrdə isə həmin prosedur asanlaşdırılıb - şəxs əvvəllər həmin ölkənin vətəndaşı olubsa, indi də vətəndaşlığını bərpa etmək istəyirsə, bu, həmən edilir".

B.Süleymanlı
B.Süleymanlı

"Bu, statistika üçün problem yaradır"

B.Süleymanlı deyir ki, digər ölkənin vətəndaşlığını alması barədə xəbərdarlıq etməyən insanların məsuliyyətdən azad olunması anlaşılmazlıqlar yaradıb: "Adam bilir ki, məsuliyyəti yoxdur və iki ölkənin pasportu ilə gəzir. Həmçinin bu, statistika üçün problem yaradır. Yəni, adam vətəndaşlıqdan çıxıbsa və bu barədə xəbər verməyibsə, o, bütün statistik məlumatlarında Azərbaycan vətəndaşı kimi qeyd olunur. Gərək onda bütün prosedurlar şəffaflaşsın".

Onun fikrincə, bu da Azərbaycan hökumətinə sərf etmir: "Çünki hazırda seçkilər zamanı onların adları seçici siyahılarına salınır. Vətəndaşlıqdan çıxma ilə bağlı statistika şəffaflaşsa, bu da şəffaflaşmalıdır. Bu isə hökumətə sərf etmir. Məhz ona görə də nə qədər adam gedib, nə qədər vətəndaşlıq itirib kimi məlumatlarla bağlı vəziyyəti status-kvo kimi saxlayırlar".

Yeri gəlmişkən, Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslərlə bağlı Dövlət Statistika Komitəsi (DSK) ilə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatları da üst-üstə düşmür. MSK-nın bu il açıqladığı statistikaya görə, ölkədə təqribən 6 milyon 400 min seçici var. DSK-nın məlumatına görə isə, Azərbaycanda yaşı 18-dən yuxarı insanların sayı bu rəqəmdən təqribən 1 milyona yaxın çoxdur.

Azərbaycan vətəndaşları ölkədən gedir, amma rəsmi statistikaya görə, əhali artımı davam edir.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Rusiya altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra da Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan isə sanksiyalara qoşulmayıb.

Son aylar Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Rusiya Prezidenti Vladimir Putin də sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib

Bu müharibə nəticəsində on minlərcə insanların həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG