Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:53

Ukraynadakı müharibədən Azərbaycan da qazanır


Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Kremldə Baykal-Amur magistralının (BAM) tikintisinin 50 illiyi münasibətilə dəmir yolu sənayesi veteranları və işçiləri ilə görüşdə.
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Kremldə Baykal-Amur magistralının (BAM) tikintisinin 50 illiyi münasibətilə dəmir yolu sənayesi veteranları və işçiləri ilə görüşdə.

Aprelin 22-də Azərbaycan və Rusiya prezidentləri Kremldə görüşərkən mövzu nə Qarabağ idi, nə Ukrayna, nə də İran. Görüşün rəsmi səbəbi 1974-cü ildə tikintisinə başlanan Baykal-Amur Magistralının (BAM) 50-ci ildönümü idi. Vaxtilə bu layihənin rəhbəri o zaman SSRİ Nazirlər Soveti sədrinin müavini çalışan Heydər Əliyev olub.

50 il sonra Heydər Əliyevin oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Moskvada BAM-ın veteranları ilə görüşürlər. Putin BAM-ın təməlinin qoyulmasını "Şərqə üz tutmanın", yəni Qərbin dominantlığında olan iqtisadiyyatdan qurtulmanın ilkin versiyası adlandırır.

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, BAM tədbiri bir qədər qurama bəhanə idi. Rusiyanın "Kommersant" qəzetinin qeyd etdiyi kimi, dəmiryolun ildönümü ilə bağlı əsas tədbirlər iyulda keçiriləcək.

Qalib Azərbaycan?

"Rusiyanın iki il öncə Ukraynaya tammiqyaslı hücuma başlamasının Qafqaz üçün geosiyasi nəticələri olub və Azərbaycan öz təbii ehtiyatları və strateji mövqeyi baxımından, bu nəticələrin, demək olar, hamısından qalib kimi çıxıb.

Ukrayna Azərbaycanı Avropadan ötrü daha önəmli edib. Avropanın Rusiyadan əvvəlki asılılığından qurtulmaq üçün Azərbaycanın həm enerji qaynaqlarına, həm də qərb-şərq tranzit yolları üzərindəki mövqeyinə ehtiyacı var. Qərbin sanksiyaları fonunda Rusiyanın özünün Azərbaycanın şimal-cənub tranzit yolları üzərindəki mövqeyinə hətta bundan da kəskin ehtiyacı var.

Rusiyanın Ukraynada işinin çətinə düşməsi onun 2020-ci ildə İkinci Qarabağ savaşının yekununda Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişini qüvvədə saxlamaq qabiliyyətini azaltmışdı. 2 min Rusiya sülhməramlısı bölgədə olsa da, Azərbaycan etnik ermənilərin yaşadığı bölgələrdə irəliləyərək ötən ilin sentyabrında Dağlıq Qarabağ üzərində tam nəzarətini bərpa edə bilmişdi. Bu, Ermənistanı ənənəvi Rusiya güvənlik təminatına arxayınlıq yolundan uzaqlaşdıraraq onun Qərblə daha sıx münasibətlər qurmasına yol açıb.

Rusiya sülhməramlıları vaxtından bir ildən çox əvvəl Dağlıq Qarabağı tərk etməyə başlayıblar.
Rusiya sülhməramlıları vaxtından bir ildən çox əvvəl Dağlıq Qarabağı tərk etməyə başlayıblar.

Əliyevin Moskvaya uçması Azərbaycanın ulduzunun ən parlaq, Rusiyanınsa Qafqazdakı mövqeyinin ən sönük durumda olduğu dövrə təsadüf edir. Əliyevin səfərindən bir həftə öncə Rusiyanın Qafqazdakı nüfuzunun azaldığını göstərən daha iki hadisə baş verib.

Əvvəlcə Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını təsdiqləyib. Daha öncə onların Qarabağdan çıxışının 2025-ci ilin noyabrında baş verəcəyi razılaşdırılmışdı. Daha sonra Ermənistanla Azərbaycan işğal olunmuş ərazilərin bəzi hissələrinin heç bir kənar qüvvənin, o cümlədən Rusiyanın vasitəçiliyi olmadan Azərbaycana geri qaytarılması haqda razılığa gəldiklərini açıqladı. Bu vaxtadək Rusiya sərhəd demarkasiyası məsələlərində mühüm rol oynayırdı", - məqalədə belə deyilir.

Müəllif iki liderin çıxışlarında bu hadisələrin heç birinə toxunulmadığını yazır. Əvəzində Əliyevlə Putin dəmir yolları və digər iqtisadi əlaqələri müzakirə ediblər.

İqtisadi gündəm öz işlərini, Rusiya da daxil, hər hansı xarici qüvvənin müdaxiləsi olmadan yönəltmək istəyən Azərbaycanın maraqlarına uyğun idi.

Yeni logistikanın formalaşdırılması?

Moskva üçün əsas layihə "Şimal-Cənub" Tranzit Dəhlizidir (INSTC). Bu mühüm yol Rusiyadan İranın İran körfəzindəki limanlarınadək uzanan dəmir, gəmi və quru yollarından ibarətdir. Bu yolun ən güvənli bölümü Azərbaycandan keçir: Azərbaycan həm Rusiya, həm də İranla sərhədləri olan və bu iki ölkəni dəmir yolları ilə bir-birinə bağlayan tək ölkədir.

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi təşəbbüsü çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolunun inşası.
"Şimal-Cənub" Nəqliyyat Dəhlizi təşəbbüsü çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolunun inşası.

INSTC uzun zamandan bəri müzakirə olunsa da, Ukrayna müharibəsi və Qərbin Rusiyanı iqtisadi baxımdan təcrid etmək cəhdləri fonunda xüsusilə aktuallaşıb.

Ötən ilin mayında Rusiya və İran İran-Azərbaycan sərhədindəki Astaradan İranın şimalındakı Rəşt limanına çəkilən dəmir yolunun tamamlanması haqda saziş imzalayıb. Bu, Sankt-Peterburqla İran körfəzini birləşdirən yolun sonuncu çatışmayan dəmir yolu parçasıdır.

2016-cı ildə Azərbaycan bu yolu İranla birlikdə qismən maliyyələşdirməyə razılıq vermiş, iki il sonra isə İrana qarşı beynəlxalq sanksiyalar üzündən bu layihəni kənara qoymuşdi. İndən belə Rəşt-Astara xəttinin tikintisini Rusiya maliyyələşdirəcək.

Putin dəfələrlə INSTC-dən dünya iqtisadiyyatının Qərb dominantlığından uzaqlaşdırılması planlarının əsas elementi kimi danışıb. BAM-ın ildönümü bu məsələni bir daha vurğulamaq üçün fürsət oldu.

"BAM öz miqyası və tarixi önəminə görə Rusiya-Azərbaycan əməkdaşlığının başqa bir istiqaməti – "Şimal-Cənub" Nəqliyyat Dəhlizi ilə müqayisə oluna bilər", - BAM veteranları ilə görüşdə Putin belə deyib. Onun fikrincə, INSTC Avrasiya və Qlobal Cənub ölkələrinin iqtisadi və sosial inkişafının gücləndirilməsi üçün yeni logistikanın formalaşdırılması demək olacaq.

Azərbaycansa INSTC-dəki rolu ilə bağlı çox danışmır. Tədbirdə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev reportyorları Azərbaycanın öz dəmir yollarını yeniləməsi barədə bilgiləndirib. O deyib ki, belə yeniləmələr Azərbaycana öz yükdaşımalarını iki dəfədən çox artırmaq imkanı verəcək.

Etnik ermənilər Rusiya sülhməramlıları və Azərbaycan sərhədçilərinin nəzarətində olan Laçın keçid məntəqəsində yük maşını ilə Dağlıq Qarabağdan Ermənistana köçürlər.
Etnik ermənilər Rusiya sülhməramlıları və Azərbaycan sərhədçilərinin nəzarətində olan Laçın keçid məntəqəsində yük maşını ilə Dağlıq Qarabağdan Ermənistana köçürlər.

Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi

"Chatham House" beyin mərkəzinin tədqiqatçısı Lorens Broers deyir ki, ağır gücdən regional nəqliyyat layihələrinə keçilməsi bir növ Rusiyanın Qafqazda strateji geri çəkilişi kimi qavranmalıdır.

"Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi… Bakı üçün əhəmiyyətli strateji qələbə deməkdir. Regional güclər, özəlliklə Rusiya və İran Cənubi Qafqazda yeni strateji ekvilibrium yaratmaqdan ötrü birgə çalışır. Bu, Rusiya üçün birtərəfli hegemonluqdan sonrakı növbəti ən yaxşı variantdır…", - Broers X-də belə yazıb.

Rusiyanın Qafqazda Putin-Əliyev görüşündə toxunulmayan daha bir gedişi var: Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi.

Yolun çəkilməsi 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs sazişində əksini tapıb. Bu sənədə görə, Rusiya sərhəd keşikçiləri yol boyu güvənliyi təmin etməli idi.

Ancaq o zamandan bəri atəşkəs razılaşmasının, demək olar, hər iki müddəasından biri pozulub və bu razılaşma, rəsmən olmasa da, əslində, ölüdür. Ermənistansa Rusiyanın gözündə özünə qarşı etibarın azalması fonunda özəl şirkətlər və beynəlxalq təşkilatların simasında təhlükəsizlik imkanları axtarışındadır.

"Postsovet məkanında ən etibarlı lider"

Ancaq Rusiyanın xarici İşlər naziri Sergey Lavrov yanvar ayında 2020-ci il razılaşmasının Rusiyanın sözügedən yolun güvənliyi məsələsində iştirakı ilə bağlı müddəasını xatırladıb.

Azərbaycan öz ictimai bəyanatlarında Rusiya variantını dəstəkləməyə davam etsə də, pərdə arxasında Rusiyanın ortadan qalxmasına çalışmış ola bilər.

"Hər iki tərəfdə Rusiya ilə bağlı skeptisizm var", - müstəqil azərbaycanlı təhlilçi Fuad Şahbazovun sözləridir.

"Dəhliz məsələsində israr edən Rusiyadır, axı təhlükəsizlik örtüyü altında burada uzun müddət qalmaq istəyir. Azərbaycan bunu ucadan demir, ancaq o da rusların [nəqliyyat yollarını qorumasını] görmək istəmir", - yenə F.Şahbazovun fikridir.

Əliyev fevralda Münxen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Hər ikisi rusca səlis danışsa da, həmkarı ilə ingilis dilində danışan Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayıb və deyib ki, "biz işğal və ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu çox yaxşı anlayan ölkəyik".

Bununla yanaşı, ifrat millətçi rus siyasətçi Leonid Slutski bu yaxınlarda Əliyevi "postsovet məkanında ən etibarlı lider" adlandırıb.

XS
SM
MD
LG