Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:49

Bir düzəlişlə antikorrupsiya araşdırmalarına necə son qoymalı


Korrupsiya. Foto illüstrasiya
Korrupsiya. Foto illüstrasiya

Rusiyada yüksəkvəzifəli məmurların, onların ailə üzvlərinin və dövlətin qoruduğu digər şəxslərin əmlakı barədə məlumatlar məxfiləşdirilə bilər.

Daşınmaz və digər əmlak haqqında məlumatlar ictimaiyyətə açıq olan dövlət reyestrlərindən çıxarıla bilər. «Dövlət mühafizəsi haqqında» Qanuna düzəlişlərin siyahısında bu məzmunlu düzəliş də var. Dövlət Duması layihəni ikinci oxunuşdan qəbul edib.

Bununla da, cəmi bir düzəliş maddəsi məmurlara öz əmlaklarını gizlətmək imkanı verəcək. Üstəlik, bu maddə bilavasitə səsvermə ərəfəsində peyda olub. Həmin maddədə deyilir: «Dövlət mühafizəsi obyekti [olan şəxslər] və onların ailələrinin şəxsi məlumatlarının qorunmasının təmin edilməsi».

MƏLUMATLAR REYESTRDƏN ÇIXARILIR

Beləliklə, həm hökumət üzvləri, həm baş prokuror, həm İstintaq Komitəsinin rəhbəri, həm də Rusiyada dövlət sirri predmeti sayılan qeyri-müəyyən sayda insanın əmlakı barədə məlumat antikorrupsiya araşdırmaları üçün bağlı olacaq.

Bəs bu qanun qüvvəyə mindikdən sonra Aleksei Navalny-nın Korrupsiya ilə Mübarizə Fondunun araşdırmaları necə aparılacaq? Necə olub ki, bu qədər vacib qanun dəyişikliyinə heç kim fikir verməyib? Bundan sonra hüquq müdafiəçiləri və korrupsiyayla mübarizə aparanlar necə hərəkət edəcəklər?

Korrupsiya məsələlərini araşdıran «Transparency International – Rusiya» təşkilatının rəhbərinin müavini Ilya Shumanov deyir ki, əvvəllər də reyestrlərdə məlumatların gizlədilməsi halları de-fakto mövcud idi. İndi isə bu bilgilər rəsmi qaydada, hüquqi əsaslarla reyestrlərdən çıxarılacaq.

Ilya Shumanov
Ilya Shumanov

PUTIN KİMİ SEÇƏRSƏ...

İndi belə çıxır ki, prezident Vladimir Putin-in seçdiyi, barəsində dövlət mühafizəsi haqda sənəd imzaladığı hər kəsin əmlakı barədə məlumatlar reyestrlərdən çıxarılacaq.

«Üstəlik, biz həmin şəxslərin tam siyahısını bilmirik. Çünki dövlət mühafizəsində olan şəxslərin tam siyahısı gizli məlumatdır», – Shumanov deyir.

Onun sözlərinə görə, onun təmsil etdiyi qurum Rosreyestr-dəki məlumatlardan yararlanaraq antikorrupsiya monitorinqi gerçəkləşdirir, Rusiya Federasiyasının məmurlarına məxsus əmlakın, obyektlərin kimin mülkiyyətində olmasını dəqiqləşdirir, onların gəlir bəyannamələrin həqiqiliyini yoxlayır və antikorrupsiya araşdırmaları aparır. Bundan başqa, onlar iş gedişində sistemi sınaqdan keçirmiş olurlar. Bu isə sadə adamlara onun nə dərəcədə düzgün işlədiyini, nə dərəcədə etibarlı olduğunu anlamaqda kömək edir:

«Hesab edirəm ki, Rusiya siyasi isteblişmentinin yüksəkvəzifəli fiqurları da daxil olmaqla, hər hansı məlumatların orada olmaması reyestrin etibarlılığını artırmayacaq».

XÜSUSİ İCAZƏ GƏRƏKƏCƏK

Shumanov deyir ki, bundan sonra belə məlumatları əldə etməkdən ötrü dövlət mühafizə orqanlarının, yəni Federal Mühafizə Xidmətinin xüsusi icazəsini almaq lazım olacaq. O hesab edir ki, adi məmurların da bu məlumatlara çıxışı məhdudlaşdırılacaq. Ona görə hansısa şəxslərin gizli məlumatları əldə edərək araşdırmaçılara ötürməsi çox çətin olacaq.

Shumanov hesab edir ki, polis, hüquq-mühafizə orqanları, vergi işçiləri də öz işlərində ilkin analiz üçün Rosreyestr-dəki məlumatlardan yararlanırdılar. Ancaq indi ilkin analiz zamanı bu məlumatları əldə etmədikdə, onlar belə bilgilərin mövcudluğu faktını görməzdən gələcəklər.

«Əslində, bəzi jurnalistlər bu düzəlişlərə diqqət yetiriblər. Qanun bu düzəlişlərsiz qəbul olunacaqdı. Ancaq iyunun 8-də Dövlət Dumasının Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi qanun layihəsinin mətninə öz düzəlişlərini əlavə edib. Yəni bu, son dərəcə təcili təşəbbüsdür və o qəbul olunub. Buna görə də, təbii ki, heç bir ictimai müzakirə keçirilməyib və necə olubsa, bütün bunlara qətiyyən əhəmiyyət verilməyib», – I.Shumanov deyir.

XS
SM
MD
LG