Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Qərb Rusiyanı koronavirus dezinformasiyasında ittiham edir


Avropa İttifaqının daxili sənədlərindən birində deyilir ki, Rusiyanın kremlyönlü mediası Qərb ölkələrində “ictimai inamı sarsıtmaq” məqsədilə koronavirus barədə dezinformasiyalar yayır.

Martın 16-na aid bu sənəd Avropa Xarici Əlaqələr Xidmətinin strateji kommunikasiya bölümündə hazırlanıb.

Sənəddə deyilir ki, Kremlə bağlı medianın koronavirusa dair yaydığı dezinformasiya Qərb ölkələrində yaranmış səhiyyə böhranını daha da dərinləşdirmək, xüsusilə də ictimai və dövlət səhiyyə xidmətlərinə ictimai etimadı sarsırmaq məqsədi güdür.

Bu sənəddə vurğulanır ki, koronavirus pandemiyası Rusiya dövlət mediasının gündəlik mövzusuna çevrilib.

Bəzi hissəsləri mətbuata sızmış bu sənəd haqqında şərh verərkən Kremlin sözçüsü Dmitry Peskov martın 18-də iddiaları “əsassız itthamlar” adlandırıb.

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin StratCom adlı işçi qrupu yanvarın 22-dən bəri Rusiya mediasından koronavirusla bağlı 80 dezinformasiya topladığını bildirir.

6,8 milyon paylaşım

Bu sənəddə qeyd olunur ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən ispanca RT telekanalı yanvarın 1-dən martın 12-dək Facebook, Twitter və Reddit kimi sosial platformalarda virus barədə 6, 8 milyon paylaşım edib.

Aİ-nin dezinformasiya monitorları bildirirlər ki, kremlyönlü mənbələrin tatikası dəyişib.

İndi onlar özlərinin yaratdıqları dezinformasiyalardan daha çox, İran və Çindən, habelə ABŞ-dakı ifrat sağçı qruplardan qaynaqlanan qəsd nəzəriyyələrini qabardırlar.

Monitorlar bildirirlər ki, bu taktika kremlyönlü mediaya istənilən an yaxasını bu dezinformasiyalardan kənara çəkmək imkanı verir.

Onlar bir növ “başqalarının dediklərini” yaydıqlarını iddia edirlər.

Putin xeyir, kapitalizm şərdir

Dezinformasiyalardan bəzilərinə görə koronavirusun yayıcıları miqrantlardır və COVID19 Birləşmiş Ştatlarlarda, Britaniyada və ya Çində süni yolla yaradılmış “bioloji silahdır”.

Aİ monitorları diqqəti belə bir məqama çəkirlər ki, Kreml dezinformasiyaları beynəlxalq auditoriyaya müxtəlif dillərdə çatdırır.

İtaliyaya aid dezinformasiyalarda belə bir ehtimal təlqin edilir ki, milli və beynəlxalq hakimiyyət orqanları pandemiya qarşısında gücsüzdürlər.

Başqa dezinformativ materiallarda isə “dünyanın axırı” barədə söhbətlər aparılır və pandemiyaya görə kapitalist sistemi ittiham olunur.

Moskvadan qaynaqlanan dezinformasiyalarda habelə Rusiya və Putinin koronavirusa qarşı mübarizəsi təqdir edilir.

Hesabatda bu da qeyd olunur ki, müşahidə sosial media şirkətlərinin dezinformasiyaların qarşısını almaqda xeyli fəallaşdığını göstərib.

XS
SM
MD
LG