Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:35

Savaş və basqılarla da olsa, Putin 6 il daha iqtidarda qalmağa hazırlaşır


Sual səsvermədə kimin qalib gələcəyi deyil, bunun ölkə və onun hüdudlarından kənarda nə demək olacağıdır.
Sual səsvermədə kimin qalib gələcəyi deyil, bunun ölkə və onun hüdudlarından kənarda nə demək olacağıdır.

Rusiyada prezident seçkiləri qorxunc olaylar fonunda keçirilir: Ukraynaya qarşı qanlı savaş sürür, müxalifətə qarşı repressiyalarsa siyasi debat müstəvisindən çıxaraq məhkəmə zalına köç edib. Prezident Vladimir Putinin ən tanınmış opponent isə ölüb.

25 ilə yaxındır hakimiyyətdə olan Putinin 15-17 mart tarixlərində Kremlin sərt nəzarəti ilə keçiriləcək seçkidən sonra daha 6 il hakimiyyətdə qalacağına heç kimin şübhəsi yoxdur.

AzadlıqRadiosunun müxbiri Robert Koulsonun məqaləsində deyilir ki, nəticəsi öncədən bilinsə də, bu seçki Rusiyadan ötrü əlamətdardır. Kreml bu seçkini xalqın Putinin ətrafında sıx birləşməsinin və Ukraynadakı müharibəni, ölkə daxilindəki repressiyaları və Qərblə qarşıdurmanı dəstəkləməsinin əlaməti kimi qələmə verməyə çalışır. Ölkənin, əsasən, həbsə atılmış və mühacirətə məcbur edilmiş müxalifəti öz varlığını duyurmaq və ölkənin avtoritarizm və hərbiləşməyə yuvarlanmasına xalqın əksəriyyətinin qarşı olduğunu göstərmək istəyir.

"Bu… daha çox savaşla bağlı xalq səsverməsidir"

"Bu, Putinlə bağlı xalq səsverməsidir. Hətta daha çox savaşla bağlı xalq səsverməsidir. Putin dünya düzənini dəyişmək üçün Ukrayna ilə, Qərblə və bütövlükdə dünya ilə apardığı müharibəyə gurultulu dəstək istəyir", - Praqadakı Karl Universitetinin Rusiya tarixindən dərs deyən professoru Sergey Medvedevin sözləridir.

Rusiyalı siyasi təhlilçi İvan Preobrajenski seçkini "Putinin yenidən təyin edilməsi üzrə xüsusi əməliyyat" adlandırır: "Bunu seçki adlandıra bilməyimiz mümkün deyil. Əhalinin əksər hissəsi də bunu çox gözəl anlayır".

"Qolos" müstəqil seçki monitorinq qrupu seçkiyə qatılan digər namizədlərin "özlərini, heç olmasa, gerçəkdən namizəd olmaq və səs toplamaq istəyirmiş kimi aparmadıqlarına" diqqət çəkir. Öncəki seçkilərdə kütləvi saxtakarlıqları sənədlərşdirdiyi üçün Rusiyada yasaqlanan "Qolos" hazırkı seçki kampaniyasını postsovet dövrünün "ən boş" kampaniyası adlandırıb.

Moskvanın küçələrindən birində Putinin kartondan şəkli
Moskvanın küçələrindən birində Putinin kartondan şəkli

Siyasi təhlilçi və Putinin keçmiş spiçrayteri Abbas Qallyamov "The Associated Press"ə müsahibəsində deyib ki, bu seçkidə "bir neçə cavab variantı olan sual bir dixotomik sualla əvəzlənib – siz Putinin lehinə, yoxsa əleyhinəsiniz?".

İşğal ərazilərində elektron səsvermə olacaq?

Moskva bu il Ukraynanın Rusiya işğalı altında olan ərazilərində də seçki keçirir. İşğalçı administrasiyaların həmin ərazilərdə yerli xalqın səsini əldə etmək üçün basqı taktikasından yararlanması barədə xəbərlər yayılır. Kreml Moskvanın özünə birləşdirməyə iddialı olduğu, ancaq işğal edə bilmədiyi ərazilərdə xalqı elektron səsverməyə təhrik edir.

Rusiyanın Ukrayna ərazisində seçki keçirməsi beynəlxalq konvensiyalar baxımından qanunsuzdur. Fevralın 20-də Estoniya, Latviya və Litva birgə bəyanat yayaraq Ukraynanın işğal edilmiş yerlərində səsvermə keçirilməsini "beynəlxalq hüququn, BMT Xartiyasının, eləcə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud pozulması" adlandırıb.

Təhlilçilər Ukraynanın döyüş zonasında seçki keçirilməsinin Kremlin nəticələri saxtalaşdıraraq Putinin qələbə imkanlarını artıra bilməsi üçün əsas alət olduğunu deyirlər.

Vətəndaş Təşəbbüsü Partiyasının prezidentliyə namizədi Boris Nadejdin Mərkəzi Seçki Komissiyasının iclasında
Vətəndaş Təşəbbüsü Partiyasının prezidentliyə namizədi Boris Nadejdin Mərkəzi Seçki Komissiyasının iclasında

"Razılaşmasam da, həvəslə onlara səs verərdim"

Bu il Mərkəzi Seçki Komissiyası Putinin xəttindən gerçəkdən fərqli mövqe ortaya qoyan iki mümkün namizədin seçkiyə qatılmasını yasaqlayıb. Onlardan biri jurnalist Yekaterina Dunstova, digəri parlamentin keçmiş deputatı Boris Nadejdindir. Təhlilçilər onların müharibə əleyhinə mövqelərinin xalq arasında ciddi coşqu doğurduğunu, hətta insanların Nadejdinin namizədliyinin qeydə alınmasını tələb edən petisiyanı imzalamaq üçün uzun növbələrə durduğunu deyir, onların namizədliklərinin qarşısının alınmasını da buna bağlayırlar.

"Mən Nadejdin, ya da Duntsovanın dedikləri ilə razılaşmaya bilərəm, ancaq mən onlara həvəslə səs verərdim", - mühacirətdə olan müxalif siyasətçi Olqa Sidelnikova belə deyir.

Nadejdin və Duntsovanın bu qədər dəstək görməsi Rusiyada Putin və onun siyasətinə qarşı narazılığın artmaqda olduğunu göstərən tək amil deyil. Moskvada güclü polis nəzarəti olsa da, martin 1-də Aleksey Navalnının dəfninə minlərlə insan gəlmişdi. Orduya səfərbər edilən əsgərlərin ailələri, aylardır, ard-arda etiraz aksiyaları keçirir. Yanvar ayında Başqırdıstanda minlərlə insan tanınmış yerli fəal Fail Alsınovun həbsinə etiraz edib. Təhlilçi Abbas Qallyamov bunu "qəzəb yükünün və rejimin zəifləməsi təsəvvürünün artması" ilə əsaslandırıb.

Aleksey Navalnı Moskva Şəhər Dumasına seçkilərdə müstəqil namizədlərə dəstək mitinqində.
Aleksey Navalnı Moskva Şəhər Dumasına seçkilərdə müstəqil namizədlərə dəstək mitinqində.

"Putinsiz günorta"

Belə olaylardan cəsarətlənən müxalifət liderləri "Putinsiz günorta" adlı seçki taktikasını təbliğ etməyə başlayıblar. Onların sözlərinə görə, bu taktika Putinə qarşı olan hər kəsin martın 17-si günorta saat 12 tamamda seçki məntəqələrinə gəlməsini və beləcə, tam qanuni kütləvi şəkildə "Putinsiz günorta" gününü nümayiş etdirməsini nəzərdə tutur.

"Günorta etirazı hər kəsə özünü …istədiyi kimi ifadə etmək imkanı verir. Əsas məsələ vaxt və məkan birliyidir… Seçicilər seçki məntəqələrinə gələndən sonra istədikləri kimi hərəkət edə - səs verməyə, bülletenlərini korlaya, yaxud səslərini digər üç namizəddən birinə verə bilərlər", - ideyanın müəllifi, Sankt-Peterburqdan olan keçmiş deputat Maksim Reznikin sözləridir.

Navalnı ölümündən öncə paylaşdığı son sosial media postlarından birində "Putinsiz günorta" ideyasını dəstəkləmişdi: "Bu, ölkənin əhvalının güclü nümayişi ola bilər. …Bu, Putin əleyhinə evinizin düz yanında baş verən ümumrusiya etirazı olacaq. Hər kəs hər yerdə iştirak edə bilər. Milyonlarla insan iştirak edə bilər və on milyonlarla insan onları görəcək".

"Gerçəkdən vacib məsələ…"

Di gəl, müxalif cəbhədə bir çoxları bu cür simvolik jestlərin faydasına şübhə edir. Onlar deyirlər ki, Kreml uzun növbələri xatırladan bu görüntünü asanlıqla Putinə dəstək əlaməti kimi qələmə verə bilər.

"Gerçəkdən vacib məsələ ertəsi gün – martin 18-də nə baş verəcəyidir", - Rusiya parlamentinin yuxarı palatasının keçmiş üzvü Aleksey Manannikov Facebook-da belə deyib.

"Eyni adamlar, həmişə olduğu kimi, yenə gedib tank və dron yığacaqlar, cəbhəyə hərbi texnika daşıyan konvoyları sürəcəklər, yeni silahlar düzəltməyə davam edəcəklər və çekist xuntaya savaşı yenə sürdürməsi üçün vergi ödəyəcəklər, yoxsa evdə oturacaqlar? Ya, bəlkə, küçəyə çıxıb müharibəyə etiraz edəcəklər?", - yenə Manannikovun sözləridir.

Seçkinin sonucuna heç bir şübhə olmasa da, ardınca nə baş verəcəyi çox da aydın deyil.

Putin fevralın 29-da xalqa müraciətində müharibə mövzusunu görməzdən gələrək sosial proqramların genişləndirilməsi, infrastrukturun inkişafı və iqtisadi inkişaf kimi bahalı təşəbbüslərdən danışıb.

Ancaq tənqidçilər müharibənin və Qərblə düşmənçiliyin sürməsi fonunda bu yanaşmanın gerçəkçi olmadığını deyirlər. Onların fikrincə, Putinin növbəti 6 illik prezidentliyi dövründə cəmiyyətin hərbiləşdirilməsinin daha da artması, o cümlədən orduya çağırışların genişləndirilməsi və vergilərin çoxaldılması gözlənilir. Putin 2022-ci ilin sentyabrında elan etdiyi qismən səfərbərliyi xalqın dəstəkləmədiyini görüncə, yeni səfərbərlik elan etməkdən çəkinir. Üstəlik, hökumətin internetə çıxışla bağlı yeni məhdudiyyətlər gətirəcəyinin, Rusiyanı Qərbdən daha çox təcrid etmək üçün başqa addımlar atacağının siqnalları gözə dəyməkdədir.

XS
SM
MD
LG