Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:44

Rusiyanın Ukraynadakı müharibəyə səfərbərlik maşını necə işləyir: AzadlıqRadiosunun araşdırması


Özəl şirkətlər səfərbərlik məsələsində vacib, ancaq az başa düşülən rol oynayır.
Özəl şirkətlər səfərbərlik məsələsində vacib, ancaq az başa düşülən rol oynayır.

Rusiya hərbi komandanlığı və siyasi rəhbərliyinin canlı qüvvə sayını artırmağa çalışdığı heç kimə sirr deyil. Birləşmiş Ştatlarda aparılan hesablamalara görə, Ukraynaya hücumun başlanmasından bəri Rusiya tərəfindən ölən və yaralananların sayı 315 mini keçib. Britaniya rəsmilərinin hesablamalarına görə isə, bu say 400 mindən yuxarıdır. Bu say SSRİ-nin 10 il ərzində Əfqanıstanda verdiyi ümumi itkidən çoxdur.

Kremlin ikinci dəfə səfərbərlik elan edərək xalqı yenidən şoka salmamaq üçün əlindən gələni etməsi də sirr sayılmır.

Ancaq hərbi çağırış qurumlarının bu artan itkilər fonunda və səfərbərlik elan etmədən canlı qüvvə sayını necə qoruyub saxladığı müşahidəçiləri çox düşündürür.

AzadlıqRadiosunun rus xidmətinin araşdırma qolu olan "Sistema"nın yeni təhqiqatı göstərir ki, özəl şirkətlər bu məsələdə vacib, ancaq az başa düşülən rol oynayır.

Araşdırmalara görə, hücumun ilk aylarında hərbi komandanlıq Ukraynaya göndərmək məqsədilə könüllüləri cəlb etmək üçün müxtəlif üsullar tapmağa çalışdı. Yevgeni Priqojinin "Vaqner" özəl hərbi şirkəti bu cür kampaniyaların çoxunda əsas rol oynayırdı. 2023-cü ilin iyununda Priqojinin qiyam qaldırmasından, iki ay sonra isə müəmmalı ölümündən sonra "Vaqner"in Müdafiə Nazirliyinə birləşdirildiyi deyilir. Ancaq "Vaqner"in məhbusları ordu sıralarına cəlb etmək praktikasından hələ də istifadə olunduğu bildirilir.

Putin 2022-ci ildə səfərbərlik elan etdiyi zaman məqsədinin orduya 300 min əsgər cəlb etmək olduğu düşünülürdü. O zaman həm birbaşa çağırış vərəqələrindən, həm də ehtiyat zabitləri şirnikləndirmək yolundan istifadə edilirdi. Putinin bu əmri Rusiya cəmiyyətini o qədər şoka saldı ki, yüz minlərlə adam Gürcüstan, Ermənistan və Orta Asiyaya qaçdı. Çox sayda ixtisaslı və bacarıqlı insanın ölkədən getməsi nəticəsində Rusiyanın iş bazarında gərginlik yarandı.

Sankt-Peterburqdakı hərbi komissarlığın qapısına asılmış elanda tikinti sənayesindən xidmətə qoşulan kişilərin 400 min rublu necə ala biləcəkləri izah olunur.
Sankt-Peterburqdakı hərbi komissarlığın qapısına asılmış elanda tikinti sənayesindən xidmətə qoşulan kişilərin 400 min rublu necə ala biləcəkləri izah olunur.

Yoxsul regionlarda yüksək maaş, güzəşt və bonuslar təklifi…

Məcburi çağırış üsulundan yayınan hökumət orduya əsgər toplamaq üçün yüksək maaş, güzəşt və bonuslar təklif etməyə başladı. Yoxsul regionlarda bonuslar, veteranlara və ölənlərin ailələrinə təklif olunan güzəştlər real illik maaşlar fonunda çox yüksək görünməyə başladı.

Ancaq hökumət canlı qüvvə sayının artırılması məsələsində özəl şirkətlərə də təzyiq göstərib.

"Sistema" aşkar edib ki, "Rusiya Dəmir Yolları" kimi iri dövlət şirkətləri Ukraynada vuruşmağa göndərmək üçün adam yığmaqdan ötrü daxili və xarici hedhanter şirkətlərinin köməyindən istifadə ediblər. Məqsəd yüksək ixtisaslı kadrları, məsələn, mühəndisləri göndərmədən regional və federal hökumətlərin qoyduğu kvotaları doldurmaqdır.

Sankt-Peterburqda reklam lövhələri və vebsaytlar müqaviləli əsgərlərin elanları ilə doludur.

Sankt-Peterburqun əsas enerji şirkətlərindən biri olan "Yuqo-zapadnaya CHPP"nin əsas səhifəsi istifadəçiləri iri popap bannerlə qarşılayır. Bannerdə sizə işçi kimi qeydiyyatdan keçməyə və sonra Ukraynada vuruşmağa getməyə dəvət edirlər. Şirkət Müdafiə Nazirliyinin verdiyi məbləğdən əlavə 405 min rubl (4 min 550 dollar) təklif edir.

Yol təmiri və tikinti şirkətləri də…

Yol təmiri və tikinti şirkətləri də aktiv şəkildə orduya əsgər toplamaqla məşğuldur. Bu sahədə işləyənlərdən biri AzadlıqRadiosuna bildirib ki, şəhər hökumətinin departamenti sayılan Sankt-Peterburq Tikinti Komitəsi 400 min rubl (4 min 500 dollar) bonus təklif edir.

Priqojinin qiyamından sonra "Vaqner"in qanuni statusu havadan asılı qalmışdı. Ancaq ekspertlər qurumun idarəçiliyi və hərbi iyerarxiyasının Müdafiə Nazirliyinə birləşdirildiyini bildirirlər.

Özünü keçmiş "Vaqner" və ya onun muzdlusu kimi qələmə verənlər şirkətin adından, loqolarından, habelə "Orkestr" kimi adlardan istifadə edərək orduya əsgər toplamağa davam ediblər.

Hindistandan hərbi xidmətə qəbul edilənlər "Orkestr" bayrağı ilə.
Hindistandan hərbi xidmətə qəbul edilənlər "Orkestr" bayrağı ilə.

"Orkestr"in ilk dəfə 2024-cü ilin fevralında yayılmağa başlayan elanları xarici vətəndaşlara ünvanlanıb. Sosial mediada paylaşılan fotolara inansaq, bu qrupun topladığı döyüşçülər arasında hindistanlılar üstünlük təşkil edir.

"Orkestr"in bir əməkdaşı AzadlıqRadiosuna bildirib ki, qrupun topladığı əcnəbilərə müharibənin ilk aylarında ağır itkilər verən 810-cu dəniz piyadaları briqadasının zabitləri təlim keçir.

2024-cü ilin fevralında Rusiyanın mərkəzi hissəsində yerləşən Voljsk şəhərində insanları Nijne-Voljsk boru zavodunda işləmək üçün müraciət etməyə çağıran vərəqələr paylanırdı. Müəssisə Müdafiə Nazirliyinin ödədiyi maaşdan əlavə 250 min rubl (2 min 740 dollar) məbləğində birdəfəlik bonus təklif edir, dostunu da özü ilə gətirənə əlavə 50 min rubl (550 dollar) söz verirdi.

"Çox yaxşı kampaniyadır, dostunu 50 minə sat"

"Çox yaxşı kampaniyadır, dostunu 50 minə sat", - bir istifadəçi Voljskun sosial media çatında yazmışdı.

Məqalədə qeyd edilir ki, Tatarıstanın, Yaroslavlın regional hökumətləri, habelə Samarada "Avtovaz" zavodu və Voloqdada "Roskosmos" da əlavə bonus vəd edərək işçi toplamağa çalışır.

İş yerləri saxta olsa da, sistem ciddi təşkil olunub. Potensial əsgər şirkətlə sövdələşdikdən sonra Müdafiə Nazirliyi ilə müqavilələri imzalamaq üçün yerli hərbi qeydiyyat idarəsinə yönləndirilir. Şəxs fikrini dəyişdirdiyi təqdirdə heç bir ödəniş almır və, ehtimallara görə, cəzalandırılır.

AzadlıqRadiosunun müxbiri Daniil Belovodyev və "Sistema"nın hazırladığı məqalədə yazılıb ki, bu sxemlərdə iştirak edən qurumların sayı çoxdur, bunlar, əsasən, özəl sənaye şirkətləri, dövlət müəssisələridir. Göründüyünə görə, IT şirkətləri və banklar bu sxemlərə qoşulmayıb.

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Ekspertlər deyirlər ki, şirkətlərin bu cür sxemlərdə iştirak etmək üçün motivasiyaları müxtəlifdir. Bəzi şirkətlər Ukraynada döyüşməyə adam toplamaq əvəzində vergi güzəştləri, bəziləri isə qrant alır.

"Rusiya Dəmir Yolları" şirkətinin əməkdaşı Alla Pronina deyir ki, qurum prosesdə iştirak etməklə özünün ixtisaslı kadrlarını müharibəyə göndərməkdən qurtulmuş olur: "Şirkətlərdə təlimi çox vaxt aparan mühəndislər var. Şirkətlər müharibəyə müəyyən sayda könüllü verməlidirlər... Bu sizin üçün yaxşı bonus olur, şirkət də öz mühəndislərini göndərməli olmur".

"Uzunmüddətli planlaşdırma yoxdur"

Rusiya ordusu üzrə ekspert, hazırda ABŞ-da Tafts Universitetinin Ftetçer adına Hüquq və Diplomatiya Məktəbində dərs deyən Pavel Luzin deyir ki, bu sistem böyük ehtimalla region rəhbərləri və qubernatorların özfəaliyyətidir: "Bunda heç bir uzunmüddətli planlaşdırma yoxdur".

Luzinin sözlərinə görə, əlavə imtiyazlar vədi ilə orduya qəbul "çox da ağıllı olmayan, əxlaqi prinsiplərdən yoxsul adamlar" üçün nəzərdə tutulub.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayıb. Milyonlarla dinc sakin öz evlərindən didərgin düşüb.

XS
SM
MD
LG