Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:01

Kremlin ilhaq oyunu və azalan kompromislər


Moskva yaxınlığında yeni səfərbər olunanlara təlim keçilir
Moskva yaxınlığında yeni səfərbər olunanlara təlim keçilir

"Bu o demək olardı ki, Şimali Koreya, Pakistan, yaxud hər hansı yerdən əlində nüvə silahı olan istənilən bir dəli və ya diktator, sadəcə, ‘İstədiyimi eləyin, yoxsa nüvə müharibəsi başlayacaq’ deyə biləcək"

Rusiya Prezidenti Vladimir Putin ötən ay Ukraynanın dörd regionunun ilhaqını elan edərkən onların daha müzakirə mövzusu olmayacağını bildirdi. O, Rusiyanın həmin ərazilərin müdafiəsi üçün hər bir vasitəyə əl atacağını dedi. Çoxları onun bu sözlərini nüvə hədəsi kimi qəbul edirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski dərhal cavab verərək bildirdi ki, Putin hakimiyyətdən gedənədək Rusiya ilə heç bir siyasi danşıqlardan söhbət gedə bilməz. O həmçinin Ukraynanı tezliklə NATO-ya qəbul etməyə çağırdı.

Müharibəyə baxış dəyişir?

Putin Ukraynadan yeni torpaqlar qoparmağa çalışmaqla müharibəyə baxışı dəyişir. Yəni, bundan sonra müharibə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi kimi deyil, Rusiyanın öz ərazisini “düşmən” NATO-dan müdafiə etməsi kimi görülməlidir.

“Ancaq real həyat bu fantaziyaları dağıdır”, – ABŞ-ın Nyu Cersi ştatında yerləşən Seton Hall Universitetində Rusiya və Avropa tarixindən dərs deyən Nataniel Nayt (Nathaniel Knight) söyləyir.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00


Putinin nüvə hədələri Qərblə Rusiya arasındakı qarşıdurmanı daha da gücləndirib.

"Bu hədələrə yeganə düzgün reaksiya Ukraynaya hərbi yardımı artırmaqla onun müharibəni udmasına və hər vəziyyətə hazır olmasına kömək etməkdir. Ukraynaya dəstəyin hər hansı formada zəifləməsi yanlış olardı və biz bunu görmürük”, – hazırda Vaşinqtonda yerləşən MakKeyn İnstitutunun (McCain Institute) tədqiqatçısı, Dövlət Departamentinin keçmiş rəsmisi Deyvid Kramer AzadlıqRadiosuna (RFE/RL) deyib.

Qələbə mümkündürmü

Kiyev və Qərb Moskvanın ilhaq oyununu beynəlxalq hüququn kobud pozulması adlandıraraq rədd edirlər və ciddi qəbul etmək istəmirlər. Ancaq təhlilçilər bu hərəkətin bundan sonra münaqişədə, az qala, bütün kompromis imkanlarının qarşısını kəsərək yalnız dramatik nəticələrə yer qoyduğunu deyirlər.

İnsan haqları fəalı, ABŞ-da yerləşən Totalitar İdeologiya Araşdırmaları Mərkəzinin rəhbəri Yuri Yarım-Aqayev deyir ki, Rusiya üçün “Putinin güc və populyarlığını artıra biləcək yeganə mümkün uduş ssenarisi blitskriq” olardı.

“Əgər Rusiya bir neçə gün ərzində və böyük itkilər vermədən Kiyev hökumətini devirə bilsəydi, bu, Putinin Rusiya daxilindəki güc və populyarlığının artırılmasına doğru addım olardı... Ancaq hesab edirəm ki, Rusiya üçün qələbə praktik olaraq mümkün deyil”, – o deyir.

Mümkün ssenarilər

Putin fevralın 24-də suveren dövlətin ərazisinə hücum edərkən Rusiya ordusunun bir neçə gün ərzində Ukrayna hökumətini devirəcəyini düşünürdü. Amma Rusiya ordusunun Kiyev istiqamətində irəliləyişi dayandırıldı və bir çox təhlilçilər ikinci cəhdin alınması ehtimalının çox az olduğunu və ya heç olmadığını düşünürlər.

“Ya Putin udacaq və ilhaqı Ukraynayla Qərbə qəbul etdirəcək, ya da dağıdıcı məğlubiyyətlə üzləşəcək ki, hadisələrin gedişatı ən çox bunun baş verəcəyini düşünməyə əsas verir. O daha əvvəl geri çəkilməli idi”, – Nayt deyir.


Putinin ilhaq fəndi Qərbin manevr imkanlarını da daraldır və Moskva ilə kompromis fikrini daha xoşagəlməz edir. Buna görə də özünə “realist” deyən və Qərbi Ukraynanın suverenliyini qurban vermək bahasına da olsa Rusiyayla danışıqlara getməyə çağıranların səsi, əsasən, kəsilib.

“Əlbəttə, ABŞ-da hər hansı mümkün nəticəni nüvə müharibəsindən üstün tutanlar var. Ancaq hesab edirəm ki, hər kəs bunun çox təhlükəli presedent olduğunu anlayır. Bu o demək olardı ki, Şimali Koreya, Pakistan, yaxud hər hansı yerdən əlində nüvə silahı olan istənilən bir dəli və ya diktator, sadəcə, ‘İstədiyimi eləyin, yoxsa nüvə müharibəsi başlayacaq’ deyə biləcək. Bu dözülməz olardı”, – Nayt deyir.

Almaniya misalı

Onun sözlərinə görə, Qərb üçün belə bir presedentin qarşısını almaq II Dünya müharibəsində Almaniyanın üzləşdiyi kimi, yəni, Rusiyanın tam məğlub edilməsi demək ola bilər. “Bura rəhbərliyin tam dəyişdiriməsi, hazırda baş verənlərin iştirakçılarının hamısının kənarlaşdırılması üçün xüsusi növ filtrasiya və ya lüstrasiya da daxildir”, – o deyir.

Yarım-Aqayev də buna bənzər ssenari səsləndirib. O eyni zamanda nəhəng təzminatlardan və "Gürcüstanın Cənubi Osetiya və Abxaziya, habelə Moldovanın Dnestryanı bölgələri də daxil olmaqla, bütün digər ərazilərin qaytarılması və nüvəsizləşdirmədən” də danışır.

"Hə, Putin səfərbərlik elan etdi. Ancaq bu onun təsəvvüründə canlandırdığı səfərbərlik olmadı”, – deyə Kramer nəhəng sayda Rusiya vətəndaşının səfərbərlik elanının ardınca ölkəni tərk etməsinə eyham vurub.

Daha böyük repressiyalar?

İllərin amansız repressiyalarına baxmayaraq, bu miqyasda narazılıq Putini diqqətini yalnız hakimiyyətdə qalmağa yönəldə bilər. Bunun isə daha böyük repressiyalarla nəticələnməsi mümkündür.

"Bu halda, ola bilsin ki, səfərbərlik hərbi problemlərin praktik həlli deyil, sadəcə, cəmiyyət üzərində nəzarətin yeni səviyyəsidir”, – Rutgers Universitetində dərs deyən sosioloq Sergey Yerofeyev söyləyir.

"[Putin] qoşunlarını [Ukraynadan] geri çəkib ölkə daxilində nəzarət və terroru gücləndirə, təhlükəli saydığı adamlardan yaxa qurtarmaq üzərində çalışa bilərdi. Mən təkcə elitanı yox, adi insanları, kütləvi repressiyaları nəzərdə tuturam. Məncə, bunlar realist ehtimallardır. Putin küncə qısılmayıb", – o deyir.

Naytsa deyir ki, Ukraynada həlledici uğursuzluqlar Rusiyada mərkəzi hakimiyyətin zəifləməsinə səbəb ola, xaosla nəticələnə bilər.

“Rusiya dövlətinin süqutu qorxunc ehtimaldır”, – o deyir. Nayt Putinin uzun illər özünü ölkədə sabitliyin yeganə qarantı kimi qələmə verməyə çalışmasına və alternativ inkişaf yollarını kəsməklə məşğul olmasına diqqət çəkir.

Yarım-Aqayev Rusiyada vəziyyətin get-gedə daha çox “inqilabiləşdiyini” deyir. Ancaq onun sözlərinə görə, bu inqilab zorakı hal almaya da bilər. Yəni, bu halda “inqilab” dövlət strukturlarında, hakimiyyətə gələnlərin siyasətlərində dəyişikliklər formasında üzə çıxa bilər.

XS
SM
MD
LG