Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Rusiya çoxlu texnika itirib, amma hələ döyüşə bilər


Ukraynada vurulmuş Rusiya tankı
Ukraynada vurulmuş Rusiya tankı

Rusiya Ukraynadakı döyüş meydanlarında hərbi texnika sarıdan böyük itkilər verib, onun silah-sursat istehsalı sanksiyalara görə xeyli məhdudlaşıb, amma Moskvanın müharibəni davam etdirmək üçün kifayət qədər ehtiyatı var.

Bu barədə Vaşinqtondakı Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzinin yeni hesabatında deyilir.

Hesabatda deyilir ki, Rusiyanın tank, artilleriya qurğuları, yük maşınları, dronları üzrə itkiləri 10 minə yaxınlaşır.

Qeyd olunur ki, Rusiya bu müharibədə xüsusilə də çox sayda tank itirib:

"Müxtəlif qiymətləndirmələrə görə Moskva müharibənin birinci ili ərzində 1845-dən 3511-dək tank itirib”.

Hesabat müəllifləri qeyd edirlər ki, tank itkilərinin əsas hissəsi istismara 2013-cü ildə verilmiş modernləşdirilmiş Т-72Б3 tanklarının payına düşür.

Hesabatda deyilir ki, Rusiyanın əsas tank istehsalçısı olan Uralvaqonzavod ayda 20 tank buraxır, halbuki Rusiya döyüş meydanında hər ay 150 tank itirir.

II Dünya Müharibəsindən qalma T-55-lər

Bu səbəbdən Moskva onilliklərdir anqarlarda saxlanan T-55 tanklarını yenidən döyüş meydanına buraxmağa məcbur olub.

Bu tanklar istifadəyə ilk dəfə II Dünya Müharibəsindən dərhal sonra verilmişdi.

Hesabatda deyilir ki, Rusiya habelə sanksiyalara görə mühüm komplekt hissələrinə çıxışını itirib. Məsələn müasir nişanalma sistemləri əvvəllər Fransadan idxal edilirdi.

Bundan başqa Rusiya tanklarda istifadə olunan diyircəkli yastıqların (podşipnik) yarısını Avropadan və ABŞ-dan idxal edirdi.

Bunların Çin və İndoneziyadan idxal olunan alternativləri keyfiyyətcə çox geri qalır.

Rusiya ixracı sanksiyalarla qadağan edilmiş yarımkeçiricilərdən korluq çəkir və buna görə də təyyarə, radioelektron mübarizə vasitələri və raketlərin istehsalında çətinliklərlə üzləşir.

Rusiyanın 15 dəfə çox təyyarəsi, 7-8 dəfə çox tankı var

Amma hesabatda vurğulanır ki, Rusiya malik olduğu ehtiyatlara görə Ukrayna üzərindəki üstünlüyünü saxlaya bilir.

Hesabatda qeyd olunur Rusiya Ukraynadan 15 dəfə çox təyyarəyə və 7-8 dəfə çox tanka, 4 dəfə çox PDM-lərə malikdir.

Hesabat müəllifləri belə nəticəyə gəlirlər ki, “sanksiyalar və ixrac qadağanları Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ideal vasitə deyil”.

Bu da qeyd olunur ki, texnika sayında dəfələrlə üstülük Moskvaya müharibəni davam etdirmək imkanı verəcək və Moskva Ukraynanın hansısa məqamda texnika sarıdan korluq çəkməyə başladığı vaxtı gözləyəcək.

Hesabatda vurğulanır ki, Rusiyanın hərbi texnikada say üstünlüyünə son qoymağın yeganə yolu Ukraynanın müasir Qərb silahları ilə təchizatının davam etdirilməsidir.

Bu arada xəbər verilir ki, Ağ Ev Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi barədə qərar qəbul edib. Bu paketə əsasən döyüş sursatı daxildir.

XS
SM
MD
LG