Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

1.6 milyon ukraynalının keçdiyi “filtrasiya mərkəzləri”


Donetskdə plakatlar, 2014-cü il
Donetskdə plakatlar, 2014-cü il

ABŞ Dövlət Departamenti “filtrasiya” əməliyyatlarının “Ukraynanın ayrı-ayrı hissələrində demoqrafik vəziyyəti dəyişmək cəhdi” olduğunu deyib

Rusiya işğal etdiyi cənub ərazilərində Ukrayna cəmiyyəti haqda məlumat toplamaqla məşğuldur. Bu iş "filtrasiya mərkəzləri” vasitəsilə həyata keçirilir. Rusiyanın bu əraziləri ilhaq etmək üçün “referendumlar” keçirməyə hazırlaşdığı düşünülür.

Anasının telefonunu verib

Mariupolda yaşayan Viktoriya Levaşina hazırda Rusiyanın nəzarətində olan bu ərazilərdə “arzuolunmaz” ukraynalıların təmizlənməsi prosesini nisbətən rahat keçirəcəyinə ümid edirdi. Bir tikinti şirkətində mühasibatçı işləyən 60 yaşlı qadının iş yeri və demoqrafik profili narahatlıq yaratmamalı idi.

Apreldə bir gecə Mariupolun yaxınlığında yerləşdirilmiş “filtrasiya mərkəzində” şəxsi yoxlama növbəsi gələndə Levaşina pasport və mobil telefonunu rus məmurlarına verib və pasportun Rusiyaya göndərilməsini gözləyib.

Levaşina rusiyalıların telefonları incələyərək hər hansı şübhəli məlumat tapmağa çalışdığını bildiyindən 84 yaşlı anasına aid cihazı təhvil vermişdi. Bu cihaz isə özününkündən fərqli olaraq demək olar ki, boş idi.

10 illik qadağa

Ancaq Levaşinanın bilmədiyi şey o idi ki, rusiyalılar həm də öz kompüter və telefonlarında onun sosial media profillərini axtaracaqlar. Burada tapdıqları onların xoşuna gəlmədiyi üçün qadını çadıra sorğu-suala çağırıblar.

"Ay şüyüd (“ukrop” rusların ukraynalıların ünvanına işlətdiyi irqçi sözdür), ay Banderaçı (bu sözü ruslar ‘ukraynalı faşist’ mənasında işlədirlər), səni tikə-tikə doğrayacağam”, – deyə Rusiya rəsmisi Levaşinaya qışqırıb. O, qadının öz Facebook avatarına Ukrayna bayrağı əlavə etməsindən qəzəblənibmiş.

Məmur Levaşina üçün Rusiyaya girişin 10 il müddətinə qadağan edildiyini deyib. Daha sonra onun böyrünə təpik vuraraq Lvova “rədd olmasını” tapşırıb. Məmur qadının pasport və telefonunu verib, onu çadırdan çıxarıb və qaranlıqda tək qoyub.

"Mən batdım”, – deyə Levaşina İsraildə yaşayan qohumu Saşaya mesaj yazıb. Müharibədə evini itirən və Ukraynanın nəzarətində olan əraziyə keçmək üçün təhlükəsiz yolu olmayan qadın Moskvadan keçərək İsraildəki qohumlarının yanına getməyə ümid edirdi.

Könüllü gedənlər də var, zorla aparılan da

Levaşinanın “filtrasiya mərkəzində” yaşadıqları təkcə onun başına gəlməyib. Yüzlərlə ukraynalı Rusiyanın işğalı altında olan ərazilərdəki çoxsaylı mərkəzlərdə təhqir və zorakılığa məruz qaldığını bildirib.

İşğal olunmuş ərazilərdə bəzi Ukrayna vətəndaşları Rusiyaya daxil olmaq üçün keçid sənədi əldə etməkdən ötrü bu mərkəzlərə könüllü gəlirlər. Bu adamların Rusiyada yaxın qohumları və dostları yaşayır, bəziləri isə sadəcə, region ərazisində sərbəst hərəkət imkanı əldə etmək istəyirlər. Ancaq bəziləri “filtrasiya mərkəzlərinə” zorla gətirilir.

Ancaq bura necə gəlmələrindən asılı olmayaraq, bütün ukraynalılarla cani kimi davranırlar. Onların barmaq izləri götürülür, şəkilləri çəkilir, şəxsiyyətlərini təsdiq edən sənədlər skən edilir. Onların adı, iş yeri, ailə üzvləri və ünvanı xüsusi məlumat bazasına salınır.

Yoxlama necə aparılır

Bu məlumat toplusu Rusiya üçün dəyərlidir. Ekspertlər deyirlər ki, Kreml işğal etdiyi əraziləri ilhaq etməkdən ötrü "referendumlar" planını həyata keçirməyə başlaya bilər. Rusiya 2014-cü ildə Krımı ilhaq edərkən də referendum görüntüsü yaratmağa çalışıb.

İnsanların telefonlarında Ukrayna ordusu əsgərləri ilə hər hansı ünsiyyətin və ya Rusiyaya qarşı şərhlərin olub-olmaması yoxlanılır. Rusiyalılar telefondakı bütün məlumatları endirib saxlayırlar.

Bəzi adamları isə soyundurub yoxlayırlar. Onların bədənində Ukraynanı dəstəkləyən hər hansı tatunun olub-olmadığını görmək istəyirlər. Bundan başqa, insanların müharibə ilə bağlı fikirlərini soruşurlar. Şübhə oyadanları daha çox sorğu-sual edir və bəzən döyürlər. Onların bəziləri isə yoxa çıxır.

Filtrasiyadan keçməyənlər

Filtrasiya prosesini keçməyən, xüsusən döyüş təcrübəsi olan ukraynalı kişilər həbsə atıla bilər. Onların harada olduğu, sağ qalıb-qalmadığı isə bilinmir. Filtrasiyadan keçməyənlər arasında yerli hökumət işçiləri, fəallar və vətənpərvərlik hisslərini ifadə edənlər də var.

Ukrayna və Qərb rəsmiləri, habelə insan haqları qurumları Rusiyanın filtrasiya mərkəzlərinin münaqişə zamanı davranış standartlarını təsbit edən Cenevrə Konvensiyasını pozduğunu bəyan ediblər.

ABŞ Dövlət Departamenti ötən ay açıqlamasında filtrasiya düşərgələrini müharibə cinayəti adlandırıb və Kremldən bu fəaliyyəti dayandırmasını tələb edib. Bu, müharibənin başlanmasından bəri Rusiya hərbi qüvvələrinin ittiham edildiyi yeganə müharibə cinayəti deyil.

“Filtrasiya” buraxılışı

1.6 milyon ukraynalının filtrasiya düşərgələrində saxlanıldığı, sorğu-sual edildiyi və qeydiyyata alındığı bildirilir.

Bu mərkəzlərin sayının 18-ə çatdırıldığı bildirilir. “Nastoyaşeye vremya” onlardan doqquzunu müəyyən edə bilib. Bu mərkəzlərin ətrafında onlarla yoxlama məntəqəsi, çox sayda Rusiya əsgəri və separatçı yerləşdirilib.

Kiyevdə fəaliyyət göstərən “İnsan Haqları Uğrunda Media Təşəbbüsü” qrupunun üzvü, jurnalist Stanislav Miroşniçenkonun sözlərinə görə, Ukrayna vətəndaşlarının sözügedən “filtrasiya” buraxılışı almadan Rusiya və ya işğal edilmiş ərazilərdə hər hansı hüquqları yoxdur.

Bir çoxları buraxılış məntəqələrində sorğu-sual edilməmək üçün özləri bu mərkəzlərə gedirlər. Ancaq Miroşniçenko deyir ki, rus silahlıları “gec-tez hər bir yerli sakini gəlib çatacaqlar”.

“Demoqrafik vəziyyəti dəyişmək cəhdi”

ABŞ Dövlət Departamenti “filtrasiya” əməliyyatlarının “Ukraynanın ayrı-ayrı hissələrində demoqrafik vəziyyəti dəyişmək cəhdi” olduğunu deyib.

Ukraynanın “Euromaidan SOS” təşkilatından Nataliya Yaşçuk bildirib ki, Xersonda Ukraynanı dəstəkləyən mülki şəxslər kütləvi həbs olunur.

Bu, həmin vətəndaşların Kremlin keçirdiyi “referendumda” iştirakının və deməli, Moskvaya sərf etməyən səslərin qarşısını alacaq. Toplanan sənəd və məlumatlar “səsvermənin” nəticələrini saxtalaşdırmaq üçün də gərəkə bilər.

Levaşinanın əhvalatı xoşbəxt sonluqla bitib. Maripolda bir ravvin onun Ukraynanın nəzarətində olan əraziyə, oradan İsrailə getməsinə yardım edib.

XS
SM
MD
LG