Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:39

Xaricdəki rusiyalıların deportasiya xofu. ‘İnformasiya sahəsi təmizlənir’


Vladimir Voloxonski
Vladimir Voloxonski

Ötən ay Serbiya rəsmiləri Sankt-Peterburq şəhər şurasının üzvü Vladimir Voloxonskinin uzunmüddətli vizasını uzatmaqdan imtina ediblər.

Kremlin Ukraynaya tammiqyaslı hücumunun qəti əleyhdarı olan Voloxonski bir ildən çoxdur ki, Serbiyada yaşayır. O daha iki rusiyalı mühacirlə birlikdə Rusiya Demokratik Cəmiyyətini təsis edib. Cəmiyyət Rusiya Prezidenti Vladimir Putinin siyasətinə qarşı müntəzəm aksiyalar keçirir.

"Onların məni buradan geri göndərəcəklərini düşünmürəm. Nə qədər olmasa, Serbiya normal prosedurlara az-çox əməl edən ölkə kimi qalır və buradan ekstradisiya olunmaq mürəkkəb məsələdir”, – Voloxonski AzadlıqRadiosuna deyib.

Ancaq onun sözlərinə görə, bu yaxınlarda sərhəd əməkdaşları onun xarici ölkəyə səfərindən sonra Serbiyaya yenidən girişinin qarşısını almağa çalışıblar. Vəkili onun içəri buraxılmasına nail olsa da, Voloxonski bu taktikanın dissidentləri hədəfləyən Rusiya təhlükəsizlik qüvvələrinin mümkün gizli təzyiqinin nəticəsi ola biləcəyindən narahatdır.

Müharibənin ilk günlərindən bəri Ermənistan, Qırğızıstan, Qazaxıstan, Serbiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə köçən Rusiya vətəndaşları Moskvanın dissidentlərin qaytarılması üçün hərəkətə keçməsindən əndişələnirlər.

"Əgər bir şəxs “xarici agent” elan edilibsə və ya “ekstremist”, yaxud “arzuolunmaz” damğası vurulmuş hər hansı qurumla əlaqəsi varsa, mən ona ilk imkanda Avropaya getməyi tövsiyə edərdim”, – qadağan olunmuş “Açıq Rusiya” fondunun keçmiş koordinatoru, 2021-ci ildə Gürcüstana qaçmalı olan, hazırda isə Almaniyada yaşayan Artyom Bajenov deyir.

“Bir neçə gizli razılaşma”

Ötən ayın əvvəlində bir neçə kremlyönlü “Telegram” kanalı Kremlin BƏƏ hökuməti ilə “bir neçə gizli razılaşma” əldə etməsi haqda xəbər paylaşıb. Xəbərdə bu razılaşmalardan bəzilərinin "BƏƏ-də gizlənən, bu və ya digər formada FSB-yə maraqlı olan qaçaqlarla” bağlılığından, onların “Rusiya Federasiyasına relokasiya edilməsi ilə bağlı mexanizmlərin aktivləşdirilməsindən” də söz açılır.

"Hələlik, Moskva BƏƏ, Qazaxıstan, Qırğızıstan və Ermənistanla cinayətkar və fəalların qaytarılması mexanizmləri ilə bağlı razılığa gəlib. Tezliklə bu mexanizmlər Türkiyə, Gürcüstan və Monqolustanla da işə düşəcək”, – xəbərdə deyilir. Xəbərdə Serbiya və Tailandla da danışıqların getdiyi bildirilir.

"Ehtimal etmək olar ki, bu yolla prezident seçkiləri ərəfəsində kənardan…əsas namizədə qarşı təhlükələri minimallaşdırmaq üçün informasiya sahəsi 'təmizlənir'”, – xəbərdə daha sonra deyilir. 2024-cü ilin martında Rusiyada prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə Putinin beşinci dəfə namizəd olacağı və qalib gələcəyi gözlənilir. Xəbərdə sözügedən addımların Rusiyanın prezident administrasiyası koordinasiya edilmiş şəkildə atıldığı bildirilir.

Azı 400 min rusiyalı...

Müstəqil demoqraflar Aleksey RakşaYuliya Florinskayanın hesablamalarına görə, 2022-ci ildə Rusiyadan köçənlərin sayı 400 min – 800 min nəfər olub. 100 minədək rusiyalı Gürcüstana, bir o qədər adam da Qazaxıstana köçüb. Azı 50 min adam Serbiyaya, 40 min nəfərsə Ermənistana gedib. 30 mindən artıq adam İsrail, Qırğızıstan və Avropa Birliyi ölkələrinə köçüb.

Praqada yerləşən Karl Universitetinin Boris Nemtsov adına Rusiya Elmləri Mərkəzinin tədqiqatçısı Aleksandr Morozov deyir ki, xaricdə yaşayan rusiyalı dissidentlərin qorxması üçün o qədər də çox səbəb yoxdur.

"Heç bir ölkə siyasi fəalları Rusiyaya təhvil verməyəcək. Hətta ekstremizm ittihamı ilə cinayət işi açılsa belə, bu ağlasığmazdır”, – o, Azadlıq Radiosuna deyib. O əlavə edib ki, dünyada hökumətlər Rusiyanın “ekstremist” və “terrorizm” kimi terminlərdən necə çox istifadə etdiyini bilirlər.

"Kremlin “Telegram” kanallarında gördüyümüz hansısa razılaşmalar haqda şayiələrə isə immiqrasiyaya qarşı tədbirlər kimi baxmaq lazımdır. Böyük ehtimalla, bu sadəcə Putinin insanların ölkədən qaçmasının qarşısını almaq barədə əmrinin nəticəsidir”, – o deyir.

Həbs və deportasiya

İyunun 4-də rusiyalı fəal, “Levoye soprotivlenie” (“Sol müqavimət”) adlı təşkilatın üzvü Alyona Krılova Bişkekdə həbs edilib. Eyni ayda həmin təşkilatın Lev Skoryakin adlı başqa bir üzvü də Bişkekdə saxlanıb. Krılovanın Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir. Skoryakinin vəkilləri isə ekstradisiya qərarına qarşı mübarizə aparırlar. Ona qarşı Rusiyada “xuliqanlıq” ittihamı irəli sürülüb.

İyunun 6-da Bişkek müharibəyə qarşı çıxan rusiyalı fəal Aleksey Rojkovu deportasiya etdiyini boynuna alıb. Rojkov 2022-ci ilin martında Yekaterinburq yaxınlığında hərbi çağırış mərkəzində yanğın törətməkdə ittiham olunur. Ona 15 il həbs cəzası verilə bilər.

“Transparency International” təşkilatının Rusiya qanadının baş direktoru İlya Şumanov Rojkovun deportasiyasını və digər həbsləri “Rusiya rəsmilərinin qırğız hökumətinə təzyiqinin” nəticəsi kimi görür. O, Qırğızıstan hökumətinin Kremlə loyallıq nümayiş etdirmək üçün bu təzyiqlərə boyun əyməyə hazır olduğunu deyir.

Hazırkı “əməkdaşlıq modeli” “hüquq mühafizə orqanları arasındakı əməkdaşlıqdan” ibarətdir. “Özü də biz bunu təkcə Qırğızıstanda görmürük. Buna bənzər hekayələri Qazaxıstan və Ermənistandan da eşidirik”, – o AzadlıqRadiosunun qırğız xidmətinə deyib.

Şumanov onu da söyləyib ki, siyasi fəalları Rusiyaya təhvil verməyə hazır ölkələrin sayı çox azdır. “Çünki bu addım beynəlxalq ictimaiyyətdə mənfi nəticələrə səbəb ola bilər”, – o vurğulayıb.

Rəsmi təzyiq

Ancaq martda rusiyalı mühacir fəal və könüllülərin vətəndaş təşəbbüsü olan “Krasnaya Krışa” (“Qırmızı dam”) adlı qeyri-rəsmi təşkilat Qırğızıstan rəsmilərinin güclü təzyiqi ilə üzləşdiyini bildirib. Qurum Vergi Xidməti və bələdiyyə qurumlarının təzyiqinə məruz qalmasından şikayətlənib. Ən maraqlısı isə budur ki, fəallar Ekstremizmə və qanunsuz miqrasiyaya qarşı dövlət xidmətinin onları deportasiya etməklə hədələdiyini deyirlər.

Qırğızıstan, Rusiya və Qazaxıstan iyunda şəxsi məlumatların mübadiləsi ilə bağlı üçtərəfli saziş imzalayıb. Bu pakta görə hökumətlər bir-birinin tələbi ilə vətəndaşlıq, qeydiyyatda olan əmlak, qanuni öhdəliklər və cinayət qeydləri barədə məlumatları bir-birinə ötürəcəklər.

İnsan haqları fəalları bu müqavilənin təsdiqlənməsindən narahatlıqlarını ifadə ediblər. Onlar bu sənədin rusiyalı dissidentlər və hərbi səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edən gənclər üçün təhlükə olduğuna diqqət çəkiblər. Rusiyanın Qırğızıstandan 85 minədək adamın məlumatlarını istədiyi deyilir. Krılova və Skoryakinin saxlanmasının bu tələblə bağlı ola biləcəyi ehtimal edilir.

“Polis ən azı məni bacardığı qədər qorumağa çalışdı”

Voloxonski deyir ki, Serbiya rəsmiləri Kremli qəzəbləndirə biləcək hər hansı siyasi fəaliyyəti “açıq-aşkar xoşlamır”.

"Şəxsən mənə gəlincə, Serbiyada bir neçə dəfə özümü təhlükədə hiss etmişəm. Keçən qış kimsə qapıma iri “Z” hərfi yazmışdı. Ancaq Rusiyadan fərqli olaraq [burada] polis ən azı məni bacardığı qədər qorumağa çalışdı. Burada etiraz etmək üçün küçəyə çıxsan, polis səni qoruyacaq”, – o deyir.

Alyona Lakomkina 2022-ci ilin mayında, Tver şəhərindəki evində axtarış aparıldıqdan sonra Rusiyanı tərk edərək öncə Qırğızıstana, sonra isə Ermənistana gedib.

Ancaq indi özünü “100 faiz təhlükəsiz” hiss etmədiyini deyir. O düşünür ki, Ermənistanın əksər sərhəd keçid məntəqələrində və ölkənin içində FSB əməkdaşları var.

Deportasiya təhlükəsi ilə üz-üzə olduğunu deyən Lakomkinanın sözlərinə görə, Ermənistanda yaşayan rusiyalı fəalların çoxu əmindir ki, Rusiya tələb etsə, Ermənistan hökuməti onları təhvil verəcək. Ancaq o, Ermənistanın vətəndaş cəmiyyətinə ümid edir. Onun sözlərinə görə, ölkədə “pis bir şeyin baş verməsinə imkan verməyəcək” fəallar var.

XS
SM
MD
LG