Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:38

Rusiyaya qanunsuz aparılan 20 min uşaqdan yalnız 517-si qaytarılıb 


Arxiv fotosu
Arxiv fotosu

Rusiya Ukraynanı tammiqyaslı işğal etməyə başlayandan bu ölkəyə qanunsuz aparılan on minlərlə uşaqdan yalnız 517-si geri qaytarılıb. Açıqlamanı Ukraynanın insan haqları komissarı Dmitri Lubinets verib.

Ukrayna hakimiyyətinin ötən ilin sonuna olan məlumatına görə, azı 19 min 546 uşaq Rusiyaya aparılıb. Bunlar yalnız rəsmi qeydə alınan hallardır, real rəqəmin daha yuxarı olduğu bildirilir.

Hamını qaytarmaq

Yanvarın 14-də Davosda Dünya İqtisadi Forumunda danışan Lubinets bildirib ki, 150-si mülki şəxs olmaqla 2 min 828 nəfər yetkin yaşlı da qayıdıb.

"Vəzifəmiz hamını qaytarmaqdır”, -- deyən Lubinets beynəlxalq ictimaiyyəti “bu yöndə səyləri dərhal artırmağa” çağırıb.

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin martında Rusiya Prezidenti Vladimir Putin və insan haqları komissarı Mariya Lvova-Belova barəsində həbs orderi çıxarıb. Onlar 2022-ci ilin fevralında Ukraynanın işğalı başlayandan ukraynalı uşaqların qanunsuz deportasiyası, adamların Rusiyadan Ukraynaya qanunsuz aparılmasında ittiham olunurlar.

ABŞ və Aİ-nin əksər üzvləri qərarı dəstəkləyib. Amma Macarıstan Aİ-nin birgə qərar verməsinin qarşısını alıb.

Kreml isə məcburi deportasiya ittihamlarını rədd edir, uşaqları əməliyyatlardan “xilas etdiyini”, onları valideynlərinə və qəyyumlara qaytarmağa hazır olduğunu deyir.

BMT donorlara müraciət edir

BMT müharibədən əziyyət çəkən, həmçinin xaricdə sığınacaq axtaran ukraynalıları üçün bu il 4.2 milyard dollarlıq humanitar yardım üçün donorlara müraciət edib.

Ukrayna əhalisinin 40 faizinin, yəni azı 14.6 milyon nəfərin bu il humanitar yardıma ehtiyacı olduğu deyilir. Bunu yanvarın 15-də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) Cenevrədə bildirib.

Müharibə 6.3 milyon ukraynalını xaricə sığınmağa vadar edib. Ötən ilin sonuna Avropada 5.9 milyon ukraynalı qaçqın qeydiyyata alınıb.

İlin əvvəlindən Ukrayna Rusiyanın intensiv hava zərbələrinə məruz qalıb. Bu isə kəskin soyuq hava şəraitində Ukrayna sakinlərinin çətinliklərini daha da artırıb.

BMT 3.1 milyard dolları, yəni ümumi yardımın 75 faizinin Ukraynada yaşayan 8.5 milyon nəfərə, qalan 1.1 milyard dollarını isə başqa ölkələrə sığınan ukraynalı qaçqınlara ayrılacağını bildirir.

XS
SM
MD
LG