Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:33

ABŞ-da Rusiyaya işləməkdə ittiham olunanların məhkəməsi başlanıb


ABŞ-ın Florida ştatında antimüstəmləkə və antiirqçilik mövqeyindən çıxış edən bir qrup fəalın məhkəməsi başlanıb.

Onları Rusiya hökumətinin “qeydiyyatsız agentləri” kimi fəaliyyət göstərməkdə və öz fəaliyyətlərinə başqa amerikalıları cəlb etmək cəhdində ittiham edirlər.

Sözü gedən ABŞ vətəndaşlarından dördü Afrika Xalq Sosialist Partiyasının üzvləridir. Onlardan üçü Uquru adlanan hərəkatın iştirakçısıdır. Bu hərəkat bütün dünya boyunca yaşayan afrikalıların öz müqəddəratını müəyyənetmə hüququ uğrunda mübarizə aparır.

İttihamnaməyə görə partiyanın rəhbəri Omali Yeşitela səkkiz il ərzində Rusiya vətəndaşı – Rusiya Antiqlobalist Hərəkatının” lideri Aleksandr İonovla əməkdaşlıq edib.

FTX ilə əməkdaşlıq

Bu təşkilatın qərargahı Moskvada yerləşirdi və o Rusiya hökuməti tərəfindən maliyyələşdirilirdi.

Müstəntiqlər iddia edirlər ki, İonov öz növbəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX - keçmiş DTK) iki əməkdaşı – Aleksey SuxodolovYeqor Popovun təlimatları ilə fəaliyyət göstərib. Sözü gedən iki FTX əməkdaşına qarşı da ittiham irəli sürülüb.

Florida prokurorluğu iddia edir ki, Yeşitela 2015-ci ildə Moskvaya səfər edib. Bu səfərin pulunu İonov ödəyib. Bundan sonra Yeşitelanın qrupu ABŞ-da FTX-nin tapşırığı ilə aksiyalar keçirib.

Bu aksiyalardan biri də “Afrikalıların Birləşmiş Ştatlarda soyqırımına etiraz” petisiyası idi. Petisiya qrupun adından BMT-yə təqdim olunmuşdu.

Təqsirlərini qəbul etmirlər

2022-ci ildə İonov qrup üzvlərinin San Fransiskoya səfərini maliyyələşdirib. Burada sosial şəbəkələrdən birində rusiyayönlü nəşrlərə məhdudiyyət qoyulmasına qarşı etiraz aksiyası keçirilirdi.

Daha sonralar fəallardan biri İonovun göstərişi ilə ABŞ-ın Rusiya siyasətinə qarşı etiraz etmişdi.

Müttəhimlərin hamısı təqsirlərini qəbul etmirlər və siyasi baxışlarına görə təqib olunduqlarını deyirlər.

Yeşitela iddia edir ki, o Rusiyaya və başqa ölkələrə müxtəlif konfranslarda iştirak etmək üçün səfər edib və nə o, nə də partiyadaşları Rusiyanın göstəriş və nəzarəti altında fəaliyyət göstərməyiblər.

Qrup fəalları bildiriblər ki, İonovun xərclərini Uquru hərəkatına ianə kimi qəbul ediblər.

Təqsirləri sübut olunarsa müttəhimləri xarici agent qanununu pozmaları ilə bağlı on il müddətinə azadlıqdan məhrum edə bilərlər.

XS
SM
MD
LG