Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

Pansionat: 'Burada şərait əlillərin dediyi qədər də kritik deyil'


Arxiv fotosu
Arxiv fotosu

"Suvağı tökülmüş divarların "ayıbını" örtmək üçün üzərinə əski parçaları mıxlamışdılar. Otağın bir tərəfindəki kiçik "tumbuçka"nın böyür-başında tarakanlar qaçışırdı. İlk ağlıma gələn bu oldu ki, görəsən antisanitariya və şəraitsiz vəziyyətdə olan bir palatada hansı müalicədən söhbət gedə bilər..."

Birinci qrup əlil Rəfail Quliyev AzadlıqRadiosu-na danışır ki, bu ilin mayında Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatına göndəriş alanda sevinib. Ancaq bu sevinci çox qısa – elə pansionatın ona ayrılmış palatasının qapısınadək sürüb. Nimdaş görkəmli, təmirsiz, şəraitsiz palatanın başqası ilə dəyişdirilməsini istəsə də, əlilə bildiriblər ki, "olan budur, ya qəbul et, ya da çıx get, başqası gəlsin".

Buna da bax: Şağan qəsəbəsi... Müharibə əlilləri üçün müalicə pansionatı

“DƏRMAN YOXSA, MƏNİ BURA NİYƏ GƏTİZDİRMİSİZ?”

Əlil davam edir:

"Bu palatada aparılan müalicənin effekti barədə danışmağa dəyməz. Qida və dərman rasionu da çox bərbad idi. Sadəcə, dövlət əlilə o qədər cüzi pensiya verir ki, əlil o pensiyadan ayırıb özünə adi bir vitamin də vurdura bilmir. Bu üzdən də tarakanlı, şəraitsiz, divarları suvaqsız palatada bir həftə dözmək qərarına gəldim. Ən azı, mənə vitaminlər vurulacaqdı".

Əlil: “3 ildən sonra düşəsən palataya, deyələr ki, dərman yoxdur”

Goranboydan olan birinci qrup əlil Səfael Qurbanov isə müalicə aldığı Respublika Əlillərin Bərpa Mərkəzindəki dərman qıtlığından danışır. Əlil bərpa mərkəzində stasionar müalicəyə görə nə az - nə çox – düz 3 il növbəsini gözləyib:

Buna da bax:​ Əlil: 'Gərək Əzrayılla 3 illik müqavilə bağlayım'

"Növbəmin çatması xəbərini eşidəndə sevindim, yaxınlarımın köməkliyi ilə Goranboydan Bakıya - Əlillərin Bərpa Mərkəzinə gətirildim. Təmirdən sonra burada ilk dəfə olurdum. Palatalarda hər xəstə üçün ayrıca soyuducular qoyulub. Əvvəlki çətinliklərdən, şəraitsizliklərdən əsər-əlamət qalmayıb. Gəl ki əsas məsələ – dərman yoxdur. Dedim, ay balam, dərman yoxdur, məni bura niyə gətizdirmisiz? 3 il gözləyəsən, növbən çatanda gəlib düşəsən palataya, deyələr ki, dərman yoxdur... Əlillər bura eləcə əl-ayaqlarını uzadıb yatmaq üçün qəbul olunurlar. Dərman qıtlığı olan yerdə hansı effektli müalicədən danışmaq olar?"

HƏYAT YOLDAŞI STULDA GECƏLƏMƏLİ OLUB

Nəhayət, əlilin həyat yoldaşına onun yanında qalmağa icazə verilib, lakin bildirilib ki, Bərpa Mərkəzində çarpayı qıtlığı olduğundan başının çarəsini etsin...

Əlil ikinci problemini həkimlər tərəfindən həyat yoldaşının palatadan çıxarılması zamanı yaşayıb:

"Mən yataq əliliyəm. Həyat yoldaşım rəsmi himayədarımdır. Onun köməkliyi ilə fiziki hərəkət edirəm. Əslində o, himayədarım kimi mənimlə eyni palatada qalmalı, fiziki hərəkətlərim zamanı kömək etməlidir. Ancaq həkimlər bildirdilər ki, Mərkəzin rəhbəri icazə vermir. Onunla əsaslandırdılar ki, əlil çox, palata azdır. Belə çıxır ki, üzr istəyirəm, mən palatada altıma batırmalıyam və evə gedənədək o vəziyyətdə də qalmalıyam".

Buna da bax:​ Atılmışların və ölümünü gözləyənlərin pansionatı

Nəhayət, əlilin həyat yoldaşına onun yanında qalmağa icazə verilib, lakin bildirilib ki, Bərpa Mərkəzində çarpayı qıtlığı olduğundan başının çarəsini etsin. O da əlilin çarpayısının yanında stul qoyaraq gecə-gündüz elə stuldaca yatıb-durub. Dərman qıtlığı və həyat yoldaşına şərait yaradılmaması üzündən o, 21 günlük müalicə kursunu bir həftəyə "başa vuraraq" Bərpa Mərkəzini könüllü tərk edib.

“ŞƏRAİT O QƏDƏR DƏ KRİTİK DEYİL”

Müharibə Əlilləri üçün Müalicə Pansionatından "Qaynar xətt"ə bildirilib ki, gələcəkdə pansionatda əsaslı təmir-bərpa işləri aparılacaq və xidmətin səviyyəsi də artırılacaq. Hələliksə, pansionatda şərait əlillərin dediyi qədər də kritik deyil.

"Cənab nazirdən bu problemlərin həlli üçün müvafiq addımlar atmasını xahiş etmişik"

Respublika Əlillərin Bərpa Mərkəzindən isə "Qaynar xətt"ə bildirilib ki, Mərkəzdə əlillərin müalicəsi üçün yetərincə zəruri dərman preparatı var. Fiziki idarə olunmasında yardıma ehtiyac duyan əlillə birlikdə yalnız bir himayəçinin qalmasına icazə verilir. Bəzən əlillər palatada əlavə qohumların da gecələməsinə icazə verilməsini tələb edirlər.

Buna da bax:​ Əlilin dilemması: dövlət himayəsində yaşamaq, yoxsa təzə evdə?

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən, hələlik, məsələyə münasibət bildirilməyib.

NAZİRƏ MÜRACİƏT OLUNUB, AMMA...

“Azad İstehlakçılar” İctimai Birliyinin nəzdində yaradılmış "Tibbi müayinə, müalicə eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyası"nın rəhbəri Əhməd Rəhmanov deyir, komissiyaya çoxsaylı əlillər tərəfindən şikayətlər daxil olur:

"Komissiyamıza şikayətlər, əsasən, dövlət təminatında olan tibb müəssisələrindən gəldiyindən ictimai təşkilat olaraq laqeyd qala bilmərik. Əlillər tərəfindən qeyd olunan ünvanlara gedirik, yerində araşdırırıq və gördüklərimiz, demək olar ki, şikayətləri təsdiqləyir. Bu il iyulun əvvəlində komissiyamız əmək və əhalinin sosial müdafiəsi nazirinə müraciət edib. Cənab nazirdən bu problemlərin həlli üçün müvafiq addımlar atmasını xahiş etmişik. Ancaq nə cavab almışıq, nə də nəticəsini görmüşük".

Komissiya əlillərin problemi ilə bağlı həm də hüquq-mühafizə orqanlarına müraciət edib. Komissiya üzvləri əlillərə süni problem yaradanlara qarşı qanuni ölçülər götürülməsini tələb ediblər.

XS
SM
MD
LG