Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Ölən gəncin dayısı: ‘Narkozu çox verdilər, ayılmadı’


Arxiv fotosu
Arxiv fotosu

"Bircə narahatçılığımız vardı – birdən narkozu çox verərlər... Son vaxtlar bu səbəbdən ölənlərin sayı artıb. Nədən narahat idiksə, uşaq elə o səbəbdən də əlimizdən getdi".

Bunu "Qaynar xətt"ə bir neçə gün əvvəl həyatını itirmiş 18 yaşlı Səbuhi Əliyevin dayısı Ağasəf Xurşudov deyir.

Buna da bax:​ Sakinlər: 'Yolları qazırlar, xəbərdarlıq nişanları qoymurlar'

“ƏMƏLİYYAT MASASINA GEDİB ÇATMADI”

Salyanın Qızılağac kəndində yaşayan Əliyevlər ailəsinə faciə üz verib. Ailə üzvlərinin iddiasına görə, bu faciəni onlara Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri yaşadıb.

Ailənin gənc üzvü və yeganə övladı olan Səbuhi əməliyyat üçün İnstituta aparılıb və əməliyyata götürülərkən gözlərini əbədi yumub. Gəncin dayısı danışır:

"Səbuhidə onurğa əyriliyi vardı. Apardıq, müayinə etdilər, dedilər, mütləq əməliyyat olunmalıdır. Razılaşdıq, heç əməliyyat masasına gedib çatmadı. Narkozdan getdi... İş orasındadır, əməliyyat qərarı veriləndə elə əsas narahatçılığımız da narkoza görə idi. Naşı anestezioloq olub. Uşağımız heç əməliyyat masasına gedib çıxmadı. Narkozu yüksək dozada verib uşağın axırına çıxdılar".

Buna da bax:​ Köçkünlər: 'Taxta evlər hər an alışa bilər'

ARAŞDIRMA APARILIR

Ailə üzvləri gənc oğlanın həyatını qapatmış həkimlərin cəzalandırılmasını tələb edirlər. Nəsimi Rayon Prokurorluğundan isə "Qaynar xətt"ə bildirilib ki, 18 yaşlı Səbuhi Əliyevin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş vermiş ölümüylə bağlı araşdırma aparılır. Prokurorluqdan o da deyilib ki, gəncin ölümündə həkim, yaxud anestezioloq səhvi varsa, mütləq məsuliyyətə cəlb olunacaqlar.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, Səbuhi Əliyevin ölümündə həkimin yox, anestezioloqun təqsiri var. Çünki 18 yaşlı gənc narkozdan şoka düşüb, reanimasiya şöbəsinə götürülüb, lakin həkimlərin onu həyatda saxlamaq cəhdi uğursuz alınıb.

Buna da bax:​ Nitq qüsurlu uşaqların məktəb problemi

Faktla bağlı Səhiyyə Nazirliyi də araşdırma aparıb. Qurumdan deyilənə görə, 18 yaşlı gənc IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə xəstəxanaya müraciət edib. Əməliyyat zamanı şoka düşüb. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Kim günahkardır, kim yox, Nəsimi rayon Prokurorluğundakı araşdırmalar başa çatdıqdan sonra bəlli olacaq.

XS
SM
MD
LG