Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:50

AzadlıqRadiosunun prezidenti Avropa Məhkəməsinin qərarını alqışlayır


Bloklama
Bloklama

Azad Avropa/Azadlıq Radiolarının prezidenti və icraçı direktoru Stiven Kapus Avropa İnsan Haqları Məhkəməsinin AzadlıqRadiosuna dair iyunun 13-də açıqladığı qərarla bağlı bəyanat verib.

O bildirib ki, təşkilat məhkəmənin qərarını alqışlayır: "İnternet saytımız 2017-ci ildən bəri bloklansa da, Bakının AzadlıqRadiosunun müstəqil jurnalistikasına qarşı hücumları uzunmüddətli problem olaraq qalır. Hökumət 2009-cu ildə FM tezliyindəki radioyayımı qadağan edib, 2014-cü ildə isə büroya reyd keçirərək onu bağlayıb. Bütün bunlara baxmayaraq, AzadlıqRadiosu dolayısı ilə vasitələrdən istifadə edərək korrupsiya, siyasi məhbuslar və seçki fırıldaqçılığı ilə bağlı təhqiqat reportajlarını davam etdirir. Azərbaycan xalqı, bütün başqa yerlərdəki xalqlar kimi, hökumət təbliğatından azad, müstəqil informasiya almaq haqqına malikdir. Biz bu missiyamızda əzmli olacaq, Azərbaycanda azad fəaliyyətimizə icazə verilməsi üçün Bakı üzərinə təzyiqlərimizi davam etdirəcəyik".

Azərbaycan hökuməti azadlıq.org və başqa saytları bloklamağa görə təzminat ödəyəcək

azadlıq.org, anaxeber.az, az24saat.org və xural.com xəbər portallarına Azərbaycan daxilindən girişin bloklanması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (İfadə azadlığı) nəzərdə tutulmuş hüququn pozuntusu sayılıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 13-də açıqladığı qərarda bir neçə məzmuna görə bütün saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Məhkəmənin qərarında bildirilir ki, Konvensiyanın 10-cu maddəsi hər kəsin məlumat və ideyaları almaq, habelə yaymaq azadlığına təminat verir. O, təkcə məlumatın məzmununa deyil, həm də onun yayılma vasitələrinə şamil edilir, çünki sonuncuya qoyulan hər hansı məhdudiyyət mütləq həmin azadlığa müdaxiləni ehtiva edir.

Qərara əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bununla yanaşı, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro verilməlidir.

Ərizəçilər AİHM-ə şikayətləniblər ki, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb.

Hələlik, qərara Məhkəmə-Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Cavad Cavadov
Cavad Cavadov

"İfadə azadlığının pozulması tanınıb"

Vəkil Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu işdə ifadə azadlığının pozulmasını tanıyıb:

"Amma AİHM Konvensiyanın 18-ci (Hüquqlar ilə bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) və 6-cı (Ədalətli məhkəmə hüququ) maddələrinin pozulmasını tanımayıb. Bununla belə hətta Konvensiyanın 10-cu maddəsinin (İfadə azadlığı) tanınması bəs edir ki, hökumətin üzərinə pozuntunun aradan qaldırılması və saytlar üzərindən blokların götürülməsi təmin edilsin”.

Vəkil qeyd edib ki, məhkəmə 18-ci maddənin pozuntusunu tanısaydı daha tutarlı olardı:

“Buna baxmayaraq qərar qüvvəyə mindikdən sonra onun icrasına nəzarəti Avropa Şuarasının Nazirlər Komitəsi həyata keçirəcək və həmin işlərə yenidən baxılması tələb olunacaq. Lakin ümumən Azadlıq Radiosunun Azərbaycanda fəaliyyəti üçün 3 il əvvəl “Media haqqında" qəbul edilmiş qanun ciddi maneələr yaradır”.

Zahid Oruc
Zahid Oruc

"AİHM siyasiləşmiş bir qurumdur"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə "Turan"a bildirib ki, AİHM tamamilə siyasiləşmiş bir qurumdur: "Onların ötən illər ərzində fəaliyyətini daima izləyən bir şəxs kimi deyə bilərəm ki, bu cür mühüm femida idarələrinə böyük dövlətlərin siyasi barmaqları ciddi şəkildə nüfuz edib. O əsnada, bir sıra ölkələrin qarşısına çıxarılan qərarlar məhz geosiyasətdən asılıdır".

Deputatın sözlərinə görə, ədalət mühakiməsi bu gün beynəlxalq təşkilatlarda daha çox pozulur: "Onlar hüquq sistemlərini sağa-sola elastik əyilən rezin dəyənəyə döndəriblər, istədikləri vaxtı onu müxtəlif iqtidarların üzərinə yönəldirlər".

Z.Orucun fikrincə, çox mümkündür ki, adıçəkilən saytlar ilə bağlı daxildə müxtəlif məhdudlaşdırma tədbirlərində hər hansı bir qanunsuzluq olduğu da inkar edilməsin: "Yəni, realdır ki, məhkəmə və ya digər inzibati qərarlar yanlış olub. Bu məsələ ətrafında ölkə içərisində real addımların atılmasının, məsələnin çözülməsinin də həmişə tərəfdarı olmuşuq. Ancaq Avropa arealında öz dəyərlərini pozduqlarına, yad təbliğat apardıqlarına görə onlarla, bəzən yüzlərlə saytı bloklayan elə Avropa Məhkəməsinin yerləşdiyi dövlətlərdir. Nə üçün onda onlar səslərini qaldırmayıblar?! Əsla mənim bu mövqeyimdən Rusiya, yaxud hansısa başqa bir ölkənin informasiya orqanının mənafeyinin müdafiəçisi kimi bizi göstərməsinlər".

Xatırlama

2017-18-ci illərdə Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə bloklanıb. Yerli məhkəmələr qərarlarını qanunvericiliyə dəyişikliklər ilə əsaslandırıblar. Rəsmi qurumların iddiasına görə, həmin saytlarda dərc olunan bəzi yazılar dövlətin təhlükəsizlik maraqları və qanunvericilik ilə ziddiyyət təşkil edib.

Sonradan daha bir çox saytlara da Azərbaycandan giriş məhdudlaşdırıldı.

XS
SM
MD
LG