Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

Scorsese 'İrland'da nəyə yekun vurur


«İrland» filmindən kadr
«İrland» filmindən kadr

BBC yazır ki, Martin Scorsese-nin üç saat yarımlıq «İrland» (The Irishman) filmi ilk baxışdan qanqster filmi olsa da, burada Kennedy-nin qətlindən və Amerika əməkçi hərəkatının daxilindəki korrupsiyadan da söz açılır. Filmdə Amerika kriminal-triller janrının böyük aktyorları Robert De Niro, Harvey Keitel, Joe Pesci və Al Pacino rol alıblar.

Bayağılıq yoxdur

Film Charles Brandt-ın «Eşitdim evləri rəngləyirsən» (I Heard You Paint Houses) adlı memuarları əsasında çəkilib. Film Frank Sheeran adlı qoluzorba və köməkçilərinin həyatının 60 ilini əhatə edir. Veteran aktyorlar personajların gənc vaxtını da oynayır və bu zaman «gəncləşdirmə» texnologiyasından istifadə olunur.

Frank (De Niro) II Dünya müharibəsində vuruşmuş yük maşını sürücüsü, Beynəlxalq Timsterlər Qardaşlığının rəhbəri Jimmy Hoffa-nın (Pacino) şilləvuranıdır. Timsterlər Qardaşlığı əməkçi təşkilat, bir növ həmkarlar ittifaqı sayılır. Joe Pesci sakit «qoçu» Russell Bufalino-nu oynayır.

Scorsese-nin bundan əvvəlki qanqster filmlərində, «Yaxşı oğlanlar» (Goodfellas) və «Kazino»da (Casino) bayağılıq qəsdən qabardılırdı. «Bu filmdə isə həyat tərzi ilə bağlı …əyləncəli bir şey yoxdur», – yazıda deyilir. Müəllif Christina Newland filmin qəhrəmanı Frank Sheeran-ı «Yaxşı oğlanlar»dakı mənfi qəhrəman Henry Hill-lə müqayisə edir. Hill uşaqlıqdan bəri mafiya həyatının güc və parıltısına vurğundur: «Tale elə gətirib ki, Scorsese-nin …adi pərəstişkarları onu yalnız çəkdiyi kriminal filmlərlə assosiasiya edirlər. Əslində isə o, nəfis ədəbi əsərləri canlandırmaqda və dünya kinosu klassikasını yenidən kəşf etməkdə maraqlı olan hərtərəfli sənətkardır. Scorsese-nin əxlaqsız personajlara xüsusi rəğbəti olduğunu deyənlər də var. «İrland» filmi bu düşüncəni bir növ geri itələyir».

«Mənliyi olan» canilər

Məqalədə XX əsrdə çəkilmiş əksər qanqster filmlərində qəhrəmanların mühacir mənşəyinin qabardıldığı vurğulanır: «İrland»dakı Frankın özü çarəsiz şəhər yoxsulluğundan çıxmasa da, onun ətrafı traybalist mühacir keçmişindən qopa bilməyib. Elə «İrland» ləqəbi də onu ətrafındakı italyanlardan fərqləndirmək üçündür».

Müəllif daha sonra filmdə baş qəhrəmana yanaşmanı fransız kinorejissoru Jean-Pierre Melville-in 60-cı illərdə çəkdiyi «Samuray» (Le Samouraï) və «Qırmızı çevrə» (Le Cercle Rouge) filmlərindəki qoluzorba və peşəkar canilərə yanaşma ilə müqayisə edib. Bu filmlərdə onlar əxlaqsız personajlar kimi göstərilir.

İlk Amerika qanqster filmləri mütəşəkkil cinayətkarlığı həllə ehtiyacı olan sosial problem kimi göstərib. Siyasətçilərin və polislərin rüşvətlə satın alınması kimi məsələlərə az toxunulub.

Ancaq bu filmlərin çoxunda mənliyi olan canilər mənliyi olmayanlardan üstün tutulub. Hətta 1912-ci ildə çəkilmiş «Donuz vadisinin muşketyorları» (The Musketeers of Pig Alley) filmi belə, tamaşaçıya «satqınlıq etmə» mesajını verir. ​«Yaxşı oğlanlar»da De Niro-nun oynadığı Jimmy Conway Hill-ə deyir: «Heç vaxt dostlarını satma və həmişə ağzını bağlı saxla». Bu sükutun yaratdığı gərginlik və onun pozulması qorxusu təkcə Scorsese-nin işlərində yox, qanqster filmlərinin çoxunda var.

Ahıllıq

«Qanqster filmlərində zəifliyi də nadir hallarda və yalnız qurbanlarda görürük. «Xaç atası»ndakı (Godfather) Corleone-lər qətl əmri verəndə tamamilə soyuqqanlı görünürlər. Henry Hill cəsədi atanda elə davranır ki, sanki quru təmizləməyə paltar verir», – müəllif yazır.

Ancaq müəllifə görə, «İrland» filmində isə bir neçə məqamda Frank-ın (De Niro) timsalında tərəddüd və zəifliyi sezmək olur: ​«Russell (Pesce) and Frank həbsxanada olsa da, ahıl yaşlarına qədər ömür sürürlər. Hər ikisi təzə çörəyi yemək üçün protez diş taxmalı, çörəyi üzüm şirəsinə batırmalı olur. Bu, onların əvvəlki vaxtlarının güzgüdəki kədərli əksidir. Əvvəllər onlar …bir-biri ilə italyanca danışar, çörək yeyər, qırmızı şərab içərdilər. Filmin sonuna yaxın FTB agentləri Frank-a vəkilinin öldüyünü deyirlər. «Onu kim öldürdü?», – deyə Frank soruşur. Cavabsa belə olur: «Xərçəng»».

Müəllif bu məqamı həm də Scorsese və De Niro-nun artıq yaşlı olması kontekstində nəzərdən keçirir. De Niro bu yaxınlarda ona verdiyi müsahibədə artıq bir də bu komandanın belə bir filmdə bir yerə toplaşacağına şübhə etdiyini deyibmiş: ​«Bu, həm də …Scorsese-nin formalaşmasında böyük rol oynadığı janrda işini yekunlaşdırması deməkdir. Günlərin birində biz yeni Martin Scorsese filmlərinin olmadığı dünyada yaşayacağıq və bu çox kədərlidir».

Güman ki, rejissorun bu qanqster filmini öz məntiqi davamına, ahıl yaş və ölümə qədər uzatması da təsadüfi deyil.

XS
SM
MD
LG