Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Ötən seçki ilə bağlı prokurorluğun araşdırması mübahisə yaratdı


6 noyabr seçkilərindən sonra
6 noyabr seçkilərindən sonra
Respublika Prokurorluğunun Mərkəzi Seçki Komissiyası ilə birgə hazırladığı məlumatdan görünür ki, seçki pozuntularına görə, həm icra hakimiyyəti işçilərindən, həm də komissiya üzvlərindən cəzalananlar var

Ancaq bu cəzalar əsasən işdən çıxarılmalardan və məhkəmə cərimələrindən ibarətdir. Məsələn, üç rayonun icra başçısı, bir rayonun icra başçısının müavini və altı nəfər də icra hakimiyyətlərinin ərazi üzrə nümayəndəsi işdən çıxarılıb. Bundan başqa, 10-dan çox dairə, 100-dən də çox məntəqə seçki komissiyalarının üzvləri dəyişdirilib.


Üstəlik bir neçə komissiya üzvü məhkəmə hökmü ilə cərimə və islah işləri ilə cəzalandırılıb. Bununla belə, nə icra hakimiyyəti işçilərindən, nə də komissiya üzvlərindən həbs edilən var. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev bunu Cinayət Məcəlləsinin tələbləri ilə izah edir: «Cinayət Məcəlləsində hər bir əməlin xarakterinə, təhlükəlilik dərəcəsinə görə cəza nəzərdə tutulub. Əgər bir şəxs əməlinə görə cəriməylə və ya islah işi ilə cəzalanırsa, o demək deyil ki, onun əməliylə bağlı məhkəmə hökmü çıxarılmadı. Ola bilsin ki, şəxs cərimə edilsin, əgər sanksiyada varsa, bu da həmin əməlin hüquqi qiymət alması olacaq».


Azərbaycan Cinayət Məcəlləsinin 161-ci maddəsində seçki sənədlərinin saxtalaşdırılmasına, bilə-bilə səslərin düzgün sayılmamasına, yaxud səsvermənin gizliliyini pozmağa görə məsuliyyətdən bəhs edilir. Ancaq həmin maddəyə görə, cəza kimi yalnız cərimə və iki ilə qədər islah işi nəzərdə tutulur. Məhkəmələr də görünür, məhz qanunun bu tələblərindən çıxış edərək yalnız cərimə və islah işləri ilə kifayətləniblər. Ancaq çox maraqlıdır ki, Cinayət Məcəlləsinin başqa bir maddəsində seçki komissiyalarının işinə mane olmaqdan bəhs edilir. Orada isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Ona görə də müxalifət düşərgəsində belə bir fikir var ki, Azərbaycanın mövcud Cinayət Məcəlləsi seçkini saxtalaşdıranlara nisbətən bu saxtakarlıqlara etiraz edənlərə daha ağır cəzalar nəzərdə tutur. Bu baxımdan, bəzi müxalifətçilər hesab edirlər ki, Cinayət Məcəlləsində dəyişikliklərə ehtiyac var.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bir neçə komissiya üzvü həbs edilsəydi belə, bu baş verən saxtakarlıqlara uyğun cəza olmayacaqdı. Onun sözlərinə görə, əksər dairə və məntəqələrdə qanun pozuntuları baş verib və bu proses ən yüksək səviyyədə idarə edilib: «Əgər beynəlxalq təzyiqlər güclü olsaydı, bu, görülən tədbirləri bir qədər də sərtləşdirə bilərdilər. Məsələn, daha çox adam işdən çıxarılardı, indi heç kəs həbs edilməyib, 10-15 nəfər həbs edilərdi. Ancaq bu saxtakarlıqlara uyğun cəzalar deyil. Çünki bütün bu saxtakarlıqlar bütün ölkədə aparılıb».


Cənab Kərimli deyir ki, hakimiyyət seçki saxtakarlıqlarını araşdırmaq əvəzinə, yenə xalqı və beynəlxalq təşkilatları aldatmaq yolunu tutub.


Hakim düşərgədə isə müxalifətin tənqidlərini qəbul etmirlər. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyir ki, hakimiyyətin hər hansı bir məsələylə bağlı görüntü yaratmasına ehtiyacı yoxdur. Onun sözlərinə görə, əksinə, müxalifət öz məğlubiyyətinin səbəbləri haqqında düşünmək əvəzinə, yenidən ictimaiyyəti çaşdırmaq istəyir. Aydın Mirzəzadə üstəlik seçki saxtakarlıqları ilə bağlı Cinayət Məcəlləsində məsuliyyətin ağırlaşdırılmasına da ehtiyac görmür: «1995-ci ildən bəri Azərbaycanın bütün qanunları Avropa Şurasının tələblərinə uyğun hazırlanır. O cümlədən də Cinayət Məcəlləsi. Belədə isə məhkəmə, prokurorluq orqanları həmin qanunların tələblərinə uyğun fəaliyyət göstərirlər».

Ancaq MDB məkanına daxil olan bir sıra ölkələrin, o cümlədən də Ukraynanın yaxın təcrübəsinə nəzər yetirəndə seçki saxtakarlıqlarına münasibətdə bir qədər fərqli hallar da özünü göstərir. Ukraynada həm prezident, həm də parlament seçkilərini müşahidə edən Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, bu ölkədə seçki pozuntularına görə, bir çox komissiya üzvləri həbs ediliblər. Bununla belə, cənab Məmmədli hesab etmir ki, Azərbaycanda da qanunvericiliyin tələblərinin daha da sərtləşdirilməsi və seçkini saxtalaşdıran komissiya üzvlərinin həbsi mövcud problemləri aradan qaldıra bilər. Anar Məmmədli deyir ki, məhkəmə və prokurorluq orqanlarına qədər ictimai qınaq gücləndirilməlidir: «Mən Azərbaycanda ailələr tanıyıram ki, oğru adama öz qızlarını vermirlər. Oğru adama çox pis baxırlar. Bəs, necə olur ki, biz seçkini saxtalaşdıranlara normal yanaşırıq?»


Anar Məmmədli deyir ki, ən pisi də odur ki, seçki saxtakarlıqlarında böyük təcrübəsi olan insanlar bəzən sonradan mükafatlandırılır və hətta yüksək vəzifələrə çəkilirlər. Onun deməsinə görə, belə hallar da sonradan seçki saxtakarlıqlarında təcrübəsi olan şəxsləri cəmiyyətin hörmətli simalarına çevirir.


XS
SM
MD
LG