Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:53

Hansı partiya prezident seçkisinə gedir, kimin namizədi kimdir?


Milli Şuranın 2013 il prezident seçkisinin nəticələrinə etiraz aksiyası.
Milli Şuranın 2013 il prezident seçkisinin nəticələrinə etiraz aksiyası.

Dekabrın 9-dan Azərbaycanda növbədənkənar prezident seçkisi start götürüb. Seçki fevralın 7-nə təyin edilib.

YAP-ın namizədə İlham Əliyevdir

Siyasi partiyalardan, hələlik, yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak edəcəyini və namizədinin adını açıqlayıb. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, yaxın günlərdə partiyanın İdarə Heyətinin iclası olacaq və prezidentliyə namizəd həmin iclasda irəli sürüləcək.

O qeyd edib ki, artıq prezidentliyə namizəd bəllidir və bu, partiyanın sədri, prezident İlham Əliyevdir. İ.Əliyev 2003-cü ildən Azərbaycan prezidentidir. Bu onun prezidentliyə namizəd kimi artıq beşinci seçkisidir.

Müxalif partiyalar isə, hələlik, seçkilərdə iştirak ilə bağlı qərar vermədiklərini deyir. Onlar tərəddüdlərini ölkədəki çətin durumla əlaqələndirirlər.

S.Həzi
S.Həzi

AXCP: "Vəziyyət əvvəlki seçkilərdən daha ağırdır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna bildirib ki, partiyanın seçki prosesində iştirakı ilə bağlı qərarı şənbə günü, dekabrın 16-da baş tutacaq qurultay verəcək: "Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq və biz prosesə münasibəti qurultayın qərarı ilə bildirəcəyik".

S.Həzinin fikrincə, ilkin şərtlərə baxanda vəziyyət əvvəlki seçkilərdən daha ağırdır: "Seçki təyin olunmamışdan bir neçə gün qabaq ölkənin aparıcı media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və partiya fəalları həbs olunublar. Ölkədə 200-dən artıq siyasi məhbus var".

AXCP bundan əvvəl 2018-ci ildə keçirilən növbədənkənar (6 ay önə çəkilmişdi) prezident seçkisini boykot etmişdi. Onda da bu partiyadan azad və ədalətli seçkilər üçün şəraitin olmadığı açıqlanmışdı.

A.Hacılı
A.Hacılı

Müsavat: "Cəmiyyətin fikirlərini öyrənməyə çalışırıq"

Müsavat başqanı Arif Hacılı da bildirib ki, indiki şəraitdə seçkilərdə iştirakla bağlı müəyyən suallar var: "Müzakirələrimiz davam edir, eyni zamanda, biz cəmiyyətin fikirlərini öyrənməyə çalışırıq, sorğular keçiririk".

Onun sözlərinə görə, sorğunun nəticələri, məsləhətləşmələr və hakimiyyətin bu müddət ərzindəki davranışları partiyanın qərar qəbul etməyində böyük rol oynayacaq: "Sənədlərin təhvil verilməsi üçün yanvarın 8-ə kimi vaxt var. Əgər Müsavat Partiyası seçkilərdə iştirak barədə qərar qəbul etsə, 7-10 gün ərzində biz lazım olan (40 min) imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təhvil verə biləcəyik".

Respublikaçı Alternativ (ReaL) Partiyasında da bu seçkilərlə bağlı məsləhətləşmələrin davam etdiyi açıqlanıb.

E.Nəsirov
E.Nəsirov

YAP-ın Nəzarət-təftiş komissiyasının üzvü, deputat Elman Nəsirovun isə "Turan"a deməsinə görə, müxalif partiyaların davranışları və verdiyi bəyanatları göstərir ki, onlar seçki prosesinə qatılmaqdan çəkinirlər: "İndi Azərbaycan prezidentinin reytinqi ən yüksək səviyyədədir. Azərbaycan xalqı cənab İlham Əliyevə öz xilaskarı, torpaqları işğaldan azad edən müzəffər prezidenti kimi baxır. Bu reallıqda müxalifətin bu davranışlarını başa düşmək olar. Onlar fərqindədir ki, Azərbaycan prezidentinə ümumxalq məhəbbət var. Belə olan vəziyyətdə İlham Əliyevə rəqib olmaq həddindən artıq çox çətindir".

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Azərbaycan Konstitusiyasına 2016-cı ildə edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəl bu müddət 5 il olub.

Azərbaycanda son prezident və parlament seçkiləri vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib. Müxalifətə görə isə, hakimiyyət bu seçkiləri tez-tələsik, vaxtından əvvəl total saxtakarlıqlarla həyata keçirib. Mərkəzi Seçki Komissiyası (MSK) isə açıqlayıb ki, hər iki seçkidə xalqın iradəsi ifadə edilib.

XS
SM
MD
LG