Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Prezident olmaq istəyənlərin şikayətləri var


MSK binası qarşısında aksiya
MSK binası qarşısında aksiya

Bu gün, yanvarın 8-də prezidentliyə namizədlərin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Amma imzalarını hələ də tam toplamayan iddiaçılar var. Onlar bunu müxtəlif maneələrlə izah edirlər.

Yanvarın 6-da da prezidentliyə namizədliyini irəli sürən üç iddiaçı Bakıda MSK-nın binası qarşısında aksiya keçiriblər. Onlardan hüquqşünas Namizəd Səfərov AzadlıqRadiosuna deyib ki, komissiya üzvlərindən heç kimin qəbuluna düşə bilməyiblər.

"Vaxtı uzadırlar..."

Səfərov imza toplamaq üçün az zaman verilməsindən şikayətçidir: "Mən dekabrın 25-də imza vərəqələri almaq üçün sənədlərimi MSK-ya təqdim etsəm də, yalnız dekabrın 31-də imza vərəqələrini ala bilmişəm. Seçki Məcəlləsində yazılıb ki, beş gün ərzində sənədləri yoxlayıb cavab verməlidirlər, ancaq şəxsiyyət vəsiqəsi, diplom və arayış doldurmuşam, vəssalam. Maksimum sənədlərimizi bir saata yoxlayıb imza vərəqələrini vermək olar. Diqqət edin, nə qədər vaxtı uzadırlar, əlbəttə, bu, məqsədlidir".

O, müvafiq məcəllədə imza toplamaq üçün təhsil müəssisələrinin də göstərildiyini xatırlayıb, amma iddiasına görə, onu ali məktəblərə buraxmayıblar: "Ona görə indidən deyirəm: imza toplama mərhələsi tam pozuntularla keçib, komissiyada şikayətlərimizi dinləməyiblər".

Digər iddiaçı Mətləb Mütəllimli də deyib ki, onların müraciətlərinə baxan yoxdur. Üstəlik, onun sözlərinə görə, imza toplanması zamanı maneələrlə üzləşiblər: "Məktəblərdə valideynlərə deyiblər ki, müstəqil namizədlər gələndə imza verməyin. Bizim nümayəndələrimizi çağırıb hədə-qorxu gəliblər. Bəzi seçicilərə polis tərəfindən təzyiq ediblər, onlar da imzalarını geri götürüblər".

"Ölkənin hər yerində Əliyevin şəkilləri yayılıb"

Namizədliyə digər iddiaçı Sarvan Kərimov isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin qeydiyyatının ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib: "Əsas pozuntu ondadır ki, seçki təbliğat-təşviqat mərhələsi başlamadığı halda, ölkənin hər yerində Əliyevin şəkilləri yayılıb. O cümlədən, televiziyalarda hər gün indiki ölkə başçısı təbliğ edilir. Bütün bunlar Seçki Məcəlləsinin 75.2 maddəsinin pozulmasıdır. Təbliğat-təşviqat kampaniyası seçki gününə 23 qalanda başlamalıdır".

Şikayətlərlə bağlı, hələlik, MSK-ın Mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb. MSK indiyə qədər bu növbədənkənar prezident seçkisi prosesində hər hansı pozuntunun olduğunu təsdiqləməyib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov "Turan"a açıqlamasında polislə bağlı deyilənlərə belə münasibət bildirib: "Həmin şəxs iddiaları təsdiq edən xüsusları təqdim edəcəyi təqdirdə araşdırılacaq".

Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən isə sözügedən universitetlərin özləri ilə danışmağı məsləhət biliblər.

'Komandir bizə deyirdi ki, get filankəsə səs ver' – Ordu və həbsxanalarda seçki
Gözlə

No media source currently available

0:00 0:11:56 0:00

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləridir. Bununla bağlı prezident İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

Dekabrın 10-dan namizədlərin irəli sürülməsinə başlanıb. 15-dən çox iddiaçı namizədliyini irəli sürüb. Onlardan, hələlik, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin namizədliyi qeydiyyatdan keçib.

XS
SM
MD
LG