Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:52

Namizəd verə bilməzsən, amma seçkidə səs verə bilərsən?


2018-ci il prezident seçkisi
2018-ci il prezident seçkisi

Azərbaycanda etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə sabah, fevralın 7-nə nəzərdə tutulan növbədənkənar prezident seçkilərində səs verməyin mümkün olacağı bildirilir. Ölkənin yerli saytlarının məlumatına görə, bunu fevralın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib: "Bu barədə aşağı seçki komissiyaları da xəbərdardır. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də səs verə bilərlər".

Seçki Məcəlləsində vaxtı bitmiş vəsiqələrlə bağlı heç bir müddəa yoxdur. Amma məcəlləyə əsasən, namizədin qeydiyyata alınması üçün lazım olan imza vərəqələrində imzasını qoyan vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti də göstərilməlidir. Vaxtı keçmiş şəxsiyyət vəsiqələrin sahibləri imza vərəqələrinə imza atdığı təqdirdə onların imzası etibarsız sayılır.

MSK-dan "Turan"a bildirilib ki, etibarlıq müddəti bitən şəxsiyyət vəsiqəsinin sahibi səsverməyə gələrsə, aşağı seçki komissiyaları qərar üçün MSK-ya rəy verəcəklər: "Bu, tək-tük olan haldır və bunu bir problem kimi hallandırmaq ədalətsizlik olar".

F.Ağamalı
F.Ağamalı

"Orada nə problem var?"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da "Turan"a deyib ki, vaxtı bitmiş şəxsiyyət vəsiqəsi ilə seçkilərdə səs vermək problem deyil: "Seçki günü kiminsə şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitirsə və ya seçkilərdən iki gün əvvəl bitibsə, bu adam gedib seçkilərdə səs verəsi deyil? Orada nə problem var? Həmin şəxsiyyət vəsiqəsidir, həmin insandır".

Deputatın fikrincə, MSK-nın bu yanaşmasında hər hansı qeyri-qanuni, antidemokratik meyl axtarmaq adekvat deyil.

"İlk dəfədir..."

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, ilk dəfədir seçkilərdə bu yanaşma tətbiq olunur.

B.Süleymanlı
B.Süleymanlı

Ekspertin sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının belə qərar vermək hüququ yoxdur: "Şəxsiyyət vəsiqəsi adamın şəxsiyyətini təsdiq edən, dövlətin aidiyyəti qurumunun verdiyi bir sənəddir. Ona görə də ya Daxili İşlər Nazirliyinə müraciət edilməlidir, ya da Konstitusiya Məhkəməsinə müraciət edib həmin vəsiqənin seçkilərdə legitim olub-olmadığını mübahisələndirmək olar".

B.Süleymanlı qeyd edib ki, vətəndaşın şəxsiyyət vəsiqəsinin müddəti bitibsə, sənəd legitimliyini itirir: "Necə ki, digər müxtəlif məsələlərdə vəsiqənin müddəti bitəndə onun vasitəsilə heç bir proseduradan keçmək olmur, səsvermədə də bu eyni qaydada olmalıdır".

Onun fikrincə, bu qərar vətəndaşların seçkilərdə iştirakını təmin etmək üçün verilib: "Alternativ namizədin olmaması və seçkiqabağı proseslər uğurlu olmadığına görə insanların seçkilərə marağı azdır. Ona görə də hətta şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslərə seçkilərdə iştirak üçün yaşıl işıq yandırdılar".

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG