Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:37

Ticarət mərkəzində sahibkar: 'Yağışda, yanğında ziyana düşürük'


"Sədərək" TM qarşısında maşın suda batıb
Gözlə

No media source currently available

0:00 0:10:21 0:00

"Sədərək" TM qarşısında maşın suda batıb (Arxiv. 2019)

Son günlər güclü yağış nəticəsində Bakı ətrafındakı "Binə" və "Sədərək" ticarət mərkəzlərini növbəti dəfə su basıb. Bəzi sahibkarlar deyir ki, hər dəfə ticarət mərkəzlərini su basanda, yaxud yanğın olanda onlara külli miqdarda ziyan dəyir. Onların iddialarına görə, sığorta şirkətləri malları sığortalamaqdan imtina edir. Sahibkarların deməsinə görə, belə cavab alırlar ki, sözügedən ticarət mərkəzlərinin şəraiti buna imkan vermir.

"Kimisi 8, ...kimisi də 20 min ziyana düşüb"

"Sədərək" Ticarət Mərkəzində adının çəkilməsini istəməyən mağaza sahiblərindən biri son günlər baş verənlərlə bağlı AzadlıqRadiosuna bunları deyib: "Bu dəfə xeyli ziyan dəyib. Kimisi 8, kimisi 15, kimisi də 20 min ziyana düşüb. Bu, təxmini hesablamalardır".

Ticarətçilərin sözlərinə görə, çoxunun malları sığortalanmayıb: "Dəfələrlə sığorta şirkətlərinə müraciət etsək də, malımızı sığortalaya bilməmişik. Deyirlər ki, ticarət mərkəzinin yanğına, subasmaya qarşı sistemi standartlara uyğun deyil deyə, yaxın durmuruq".

"Ciddi tədbirlər görüləcək ki, bir daha..."

"Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, subasmanın səbəbi yağan güclü yağışa nasosun gücünün çatmamasıdır: "Qarşıda payız, qış fəsli gəlir və ciddi tədbirlər görüləcək ki, bir daha belə hadisə ilə qarşılaşmayaq".

Sığorta məsələsinə gəldikdə isə, ticarət mərkəzindən əlavə edilib ki, bu işi görənlər də var, görməyənlər də: "Sahibkarlar öz mallarını sığortalamalıdır".

"Binə" Ticarət Mərkəzinin rəhbərliyi ilə isə danışmaq mümkün olmayıb.

"Tələb olunan qaydalar nəzərə alınarsa..."

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) da "Turan"a deyilib ki, zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar: "Daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir... Qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur".

Qurumdan deyiblər ki, hər hansı daşınar və daşınmaz əmlakın sığortalanması üçün sığorta predmetinin təhlükəsizlik qaydalarına riayət etməsi tələb olunur: ""Sədərək" Ticarət Mərkəzində əmlak sığortası ilə bağlı tələb olunan qaydalar nəzərə alınarsa, orada yerləşən əmlaklar sığortalana bilər".

Deputat: "Dövlət buna göz yumursa, o zaman xərcini də elə özü çəksin"
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

"Halbuki başqalarına qan uddurur..."

Hüquqşünas Əkrəm Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda mehmanxanalardan tutmuş, restoranlara qədər elə iri ticarət obyektləri var ki, sənədləri qaydasında deyil: "Yerləşdiyi yerə mülkiyyət hüququ, istifadə hüququ olmur. Sığorta şirkəti də sığortalamağa gələndə bunu görüb imtina edir, çünki belə obyekti sığortalamaq qanunsuzdur".

Ekspertin sözlərinə görə, hansısa ticarət obyektinin sənədləri qaydasında deyilsə, orada avtomatik olaraq təhlükəsizlik normaları tələb olunmur: "Çünki bunu ondan heç kim tələb etmir. Həmin ticarət mərkəzlərindən nəyisə alanda müştəriyə qəbz verilmir. Hətta vergi orqanları ora göz yumur, halbuki başqalarına qan uddurur. Yəni, belə yerlərdə çox məsələlər qanunsuzdur".

Ə.Həsənov çıxış yolunu aidiyyəti orqanların kölgə iqtisadiyyatı ilə mübarizəsində görür.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG