Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Səfirin bacısı tələbəni həbs etdirmək istəyir


BDU
BDU

Tələbə isə dövlət orqanlarının fakültədəki qanunsuzluqları araşdırmasını istəyir...

BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbə Zəka Mirağayevi məhkəməyə verməklə kifayətlənmir, onun həbs olunmasını istəyir. Nigar İsmayılzadənin vəkili mayın 17-də Yasamal Rayon Məhkəməsində bu haqda vəsatət qaldırıb.

Fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edən dekan müavininin iddiasına Yasamal Rayon Məhkəməsində baxılır.

Buna da bax:​ Yaponiya səfirinin bacısının adı gedən məhkəmə

"Başqalarına qarşı da ittihamları davam etdirir"

Tələbənin barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyən vəkil vəsatətini belə əsaslandırıb: "Çünki bu adam azadlıqda qalmaqla başqa dekan və rektorlara qarşı ittihamlarını davam etdirir. Bu, istintaq zamanı həmin şəxsin cinayəti davam etdirməsi deməkdir".

Amma tələbə və onun vəkili Elçin Sadıqov vəsatətə etiraz edib. Elçin Sadıqov bildirib ki, məhkəmə bu işi ümumiyyətlə, icraata götürməməlidir.

Nigar İsmayılzadə isə iddianın icraata götürülməsini istəyib. Dekan müavini deyir ki, onu əsas narahat edən barəsində rüşvət ittihamının səslənməsidir.

Buna da bax:​ BDU 'dekan müavini' olayı ilə bağlı açıqlama verəcək

"Məsələnin kökü Zəka Mirağayevin "Kanal 13"də Nigar İsmayılzadəni "rüşvətxor" adlandırmasıdır. Universitetdə də bu şayiələri yaymaqda davam edir. Müsahibədə Zəka Mirağayevdən soruşurlar ki, "bunu nə ilə sübut edə bilərsiz?" O da cavab verir ki, "alan bəlli, verən bəlli". Belə sübut olar? Bu adam Nigar İsmayılzadə ilə İlqar Əliyevin (2015-ci ilin dekabrında Kürdəxanıdakı istintaq təcridxanasında intihar etmiş MTN polkovniki) tələbə yoldaşı olmasını qlobal hal kimi qələmə verib. Həmin şəxs həbsdə idi və indi rəhmətə gedib, belə şeylər nəyə lazımdır? Bununla Nigar İsmayılzadənin cəmiyyətdə nüfuzunu korlamaq istəyir", - dekan müavininin vəkili belə deyib.

"Mehriban Əliyevaya müraciət etmişəm"

Zəka Mirağayev isə onun adından yayılan bəzi fikirlərə etiraz edib: "Məhkəmə iddianı icraata götürmədən bunlar məni həbs etdirmək istəyirlər. Mən deməmişəm ki, "Nigar İsmayılzadəni vəzifəsindən kənarlaşdırıb, onun yerinə dindar dekan müavini gətirmək lazımdır", bu, ağ yalandır. Mən fakültədə baş verənlərlə əlaqədar Mehriban Əliyevaya müraciət etmişəm. Ondan sonra universitet rəhbərliyi mənim şəxsi işimi qarşı tərəfə verib".

Buna da bax: Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]

Hakim Azər Tağıyev dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddianın icraata götürülüb-götürülməməsi haqda qərarın mayın 18-də elan olunacağını bildirib.

Əgər iddia icraata götürülsə, ona mayın 25-də baxılacaq.

Zəka Mirağayev bir sıra media orqanlarında yayımlanmış müsahibəsində fakültədəki qanunsuzluqlardan, dekan müavininin əməllərindən bəhs edib. O həmçinin bütün bunların araşdırılması üçün Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

Buna da bax:​ Rektor 13 tələbəni qəbul edib

Zəka Mirağayev mediaya ünvanladığı şikayət məktubunda yazır ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

XS
SM
MD
LG