Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

Laçın dəhlizini açmağa gedən 'səlibçilər' Gorusa qayıdıblar


"Səlibçilər" dəstəsinin üzvləri Kornidzorda
"Səlibçilər" dəstəsinin üzvləri Kornidzorda

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, avqustun 8-də Yerevanda hökumət binasının qarşısında aksiya keçirən “Səlibçilər” (Xaçakirner) adlı dəstənin üzvləri avqustun 9-da Syunikə gəliblər.

Bu dəstənin üzvləri hakimiyyətdən Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasını tələb edir, əks halda bunu özlərinin edəcəklərini bildirirdilər.

Onlar avqustun 9-da artıq Həkəri çayı üzərindəki körpünün yanına çatmışdılar. Bu körpüdə Azərbaycanın sərhəd buraxılış postu yerləşir.

Burada Ermənistan polisi onların qarşısını kəsib və onlar bundan sonra Azərbaycanla həmsərhəd Kornidzor kəndinə dönüblər və oradan Gorusa gediblər.

Dəstənin üzvlərindən biri – Ovanes Ovannisyan TikTok-da dərc etdiyi videoda bildirir ki, polis Kornidzorda onların qarşısını kəsərək irəliləmələrinə imkan verməyib:

“Biz gəlib bura çatmışıq, baxın yolumuzu nə qədər adam kəsib. Onlar nə bizim keçməyimizə, nə də ərzaq keçirməyimizə imkan vermirlər. Kim ermənidirsə, kim vuruşubsa, bizə qoşulmalıdır. Onlar bizə qoşulub silah götürməkdənsə, bizə silah çeviriblər, silahlı vəziyyətdə bizi gözləyiblər”.

“Bizə qoşulun, silaha sarılın”

Özlərini “səlibçilər” adlandıran dəstənin üzvləri avqustun 8-də Yerevanın Respublika meydanında aksiya keçirmiş, daha sonra Tiqran Mets küçəsini bağlamışdılar.

Azatutyun yazır ki, polis bir neçə saatdan sonra saxlanan 14 nəfərdən 13-nü sərbəst buraxıb.

Yerevan polisi "Səlibçilər" dəstəsinin üzvünü saxlayarkən
Yerevan polisi "Səlibçilər" dəstəsinin üzvünü saxlayarkən

Onlar Laçın istiqamətində yollanmazdan əvvəl axşamın gec saatlarında Yerevandakı Yerablur hərbi məzarlığında toplaşmışdılar.

Orada dəstənin başçısı Sarkis Poqosyan vətəndaşları onlara qoşulmağa çağırmışdı:

“Mənə belə gəlir ki, bu bizim son şansımızdır, biz bunu etməliyik, geri çəkilməməliyik, artsaxlıları (qarabağlılar-red), doğmalarımızı, ermənilərimizi xilas etmək üçün mübarizə aparmalı, onları tək qoymamalıyıq. Gəlin, nə qədər ki, gec deyil, bizə qoşulun. Yolu açaq və Artsaxa (Qarabağ) yemək çatdıraq ki, adamlar heç olmasa gecəni tox yatsınlar”.

'Ermənistanın sərhəd kəndlərində camaat azərbaycanlıların qayıtmasını gözləyir'. Yuri Manvelyanla söhbət
Gözlə

No media source currently available

0:00 0:12:35 0:00

Bundan əvvəl

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Yerevan bəyan edir ki, Azərbaycanın Laçın yolunu bağlaması Qarabağ ermənilərini ağır vəziyyətə salıb, orada ərzaq və dava-dərman çatışmır.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bundan əlavə rəsmi Bakı Qarabağ erməniləri üçün humanitar yardımın Ağdam yolu ilə gətirilməsini təklif edib.

Bu təklif bir sıra beynəlxalq rəsmilər tərəfindən də dəstəklənib, amma separatçılar Ağdamdan gətiriləcək yardımından imtina edirlər.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG