Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:25

Fəhlə: 'DTX-ya çağrılanda bildim ki, şirkətlərim varmış...'


Səlim Müslümov
Səlim Müslümov

Sabiq nazirin işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Ona görə də şahidlər bu qurumda dindirilib

Müharibədə həlak olan və yaralananların ailələri üçün ev tikintisiylə bağlı tenderlərin qalibi olmuş şirkətlərin rəhbərləri deyir ki, nə şirkətdən xəbərləri var, nə tenderlərdən, nə də evlərdən. Belə şirkətlərdən biri – “Şəki Construction” MMC-nin rəhbəri Bəylər Musayev deyir ki, suvarma idarəsində işləyib.

“Mən fəhlə adamam. Dedilər ki, “bu kağızı imzala, işlə əlaqədardır”, mən də imzaladım. Bu şirkətlə heç bir əlaqəm olmayıb. İndi bilirəm ki, şirkət şəhid ailələri üçün evlər tikirmiş...” - Musayev bunu sentyabrın 26-da keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində deyib.

Musayevin adına olan şirkət dəfələrlə bu nazirliyin tenderlərində qalib elan olunub.

“Kim nə tikib xəbərim yoxdur…”

“Tunar-M” şirkətinin rəhbəri İlqar Mustafayev də bənzər fikirlər səsləndirib. Deyir ki, özü də bilmədən böyük bir şirkətin rəhbəri olub:

“Mən Şəkidə suvarma sistemində işləyirdim. 2014-cü ildə dedilər ki, “səni qaynaqçı işinə götürəcəyik, bu kağıza qol çək”. Mən də çəkdim. Belə bir iş başıma gəldi, savadsız adamam, nə bilim. 2020-ci ildə məni DTX-ya çağıranda bilmişəm ki, şirkət rəhbəriyəmmiş. Kim tikib, nə tikib, heç nədən xəbərim yoxdur”.

“Dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz”

Sabiq nazirin işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Ona görə də şahidlər bu qurumda dindirilib.

Bu şəxslərin dediklərinə məhkəmədə Müslümov heç bir reaksiya verməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Protez zavodunda fəhlə işləmiş İbad İsmayılov birdən birə 3 şirkət sahibi olub – “Tala-Tikinti”, “Tala-1” və “Tala-2” MMC-lər. Onun sözlərinə görə, şirkətlərin yaradılması təklifi nazirliyin Tikinti idarəsinin rəisi Natiq Əzizovdan gəlib:

“Zaqatalanın Tala kəndindənəm, adıma üç şirkət açdılar. Şirkətləri kəndimin adına açdım. Əvvəl şirkətlərin üçü də mənim adıma idi. Sonradan tender keçiriləndə dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz, ona görə birini yoldaşımın adına elədik”.

Hər evə görə 6 min

Bu şirkətlər də Qarabağ döyüşçülərinin ailələri üçün evlər tikməklə məşğul olub. İsmayılov iddia edib ki, ümumilikdə 22 ev tikintisi layihəsində qalib olub. Hər evə görə isə nazirliyin Tikinti idarəsinin rəisinə 6 min manat pul verib:

“Ümumilikdə 132 min manat pul vermişəm...”

Tikinti idarəsinin rəisi Natiq Əzizovun tələbə yoldaşı olmuş Pərviz Qarayev isə nazirlikdə necə şöbə müdiri təyin olunması və yaxınlarının adına şirkətlər yaradılmasından danışıb. O deyir ki, əvvəllər bizneslə məşğul idi. Tələbə yoldaşı Əzizovun sayəsində nazirliyə gəlib çıxıb, təsərrüfat şöbəsinin müdiri təyin edilib. Onun yaxınlarının adına 17 şirkət açılıb və tenderlərdə qalib elan edilib:

“Mənim firmalarla birbaşa əlaqəm olmayıb...”

Sabiq nazir bu şahidin də dediklərinə cavab verməyib. Ümumiyyətlə, Müslümov məhkəməsində səslənən fikirlərin heç birinə münasibət bildirmir.

Sabiq nazirin işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb.

DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazirə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG