Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

Senat komitəsi Rusiyanın seçki müdaxiləsinə şübhə etmir


Senat Kəşfiyyat Komitəsinin sədri
Richard Burr
Senat Kəşfiyyat Komitəsinin sədri Richard Burr

ABŞ Senatının Kəşfiyyat Komitəsi hər iki partiya tərəfindən dəstəklənən hesabatında Rusiyanın 2016-cı il seçkisinə Donald Trump-a kömək üçün müdaxilə etdiyinə dair Amerika kəşfiyyatının gəldiyi nəticənin dəstəkləndiyi təsdiq edilib.

Aprelin 21-də təqdim olunmuş sənəddə deyilir ki, ABŞ kəşfiyyatının 2017-ci ildə açıqladığı hesabatda Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyi barədə gəldiyi nəticə şübhə doğurmur.

Bu da qeyd edilir ki, kəşfiyyat belə bir nəticəyə “məntiqi əlaqələndirmənin və yaxşı təhlil edilmişkəşfiyyat materiallarının” əsasında gəlib.

Hesabatda deyilir ki, bu kəşfiyyat qiymətləndirməsi “yaxşı təhlili yanaşmanı”, habelə “kəşfiyyat icmasından tələb olunan qərəzsiz və yüksək peşəkar işi” əks etdirir.

ABŞ kəşfiyyatının 2017-ci il tarixli hesabatında deyilirdi ki, Rusiyanın sözü gedən müdaxilədən məqsədi Amerika ictimaiyyətinin demokratik prosesə inamını sarsıtmaq, demokrat namizəd Hillary Clinton-u gözdən salmaqla onun seçilmək imkanlarına ziyan vurmaq olub.

Kəşfiyyatın “yüksək peşəkarlığı” təriflənir

Senat Kəşfiyyat Komitəsinin respublikaçı sədri Richard Burr deyib ki, komitə kəşfiyyat orqanlarının gəldiyi nəticəni mübahisələndirmək üçün heç bir əsas tapmayıb.

Senator əlavə edib ki, Rusiya müdaxilə cəhdlərini bugün də davam etdirir:

"Kəşfiyyat orqanlarının gəldiyi ən mühüm nəticələrdən biri də budur ki, Rusiyanın aqressiv müdaxilə cəhdlərinə “yeni normal” kimi baxmaq lazım gəlir. Bu xəbərdarlıq sonrakı üç ilin hadisələri ilə tədsdiqlənib. Rusiya və onun təqlidçiləri cəmiyyətdə xaos və narazılıq yaratmaq məqsədilə informasiyadan getdiklcə daha çox silah kimi istifadə etməyə çalışırlar”.

Richard Burr əlavə edib ki, qarşıdan 2020-ci ilin prezident seçkisinin gəldiyi bir vaxtda düşmən müdaxilələrə həmişəkindən daha sayıq yanaşmaq mühümdür.

Komitənin demokrat üzvü Mark Warner də ABŞ kəşfiyyatının yüksək peşəkar və qərəzsiz yanaşmasını təqdir etdiyini deyib.

Senator bildirib ki, 2016-cı ilin uğurlu müdaxiləsinin Rusiyanı 2020-ci il seçkisinə də müdaxilə etməyə həvəsləndirəcəyinə heç bir şübhə yoxdur.

Komitə bunu da bildirib ki, Kremlin müdaxilə cəhdlərinin Rusiya prezidenti Vladimir Putin tərəfindən “təsdiqləndiyini və müxtəlif aspektlərinin” yönləndirildiyini göstərən “spesifik kəşfiyyat məlumatları” aşkar olunub.

Hesabatda belə bir qətiyyət ifadə olunur ki, Putin və Rusiya hökuməti bu seçkidə Trump-a aşkar şəkildə rəğbət bəsləyib.

Sənəddə deyilir ki, Moskva keçmiş sovet respublikaları üzərində sınaqdan çıxarılmış metodologiyadan istifadə edib.

Putinə aid hissə məxfi saxlanır

AzadlıqRadiosu xəbər verir ki, 158 səhifəlik hesabatın “Putinin rolu” adlanan fəslində onlarca səhifə məxfiliyin saxlanması üçün qara mürəkkəblə boyanmışdı.

Burr deyib ki, ABŞ kəşfiyyatının metod və vasitələrinin məxfiliyinin saxlanması üçün belə bir senzuraya ehtiyac olub.

Maraqlıdır ki, hər iki partiya tərəfindən dəstəklənən Senat hesabatından fərqli olaraq Konqresin Kəşfiyyat Komitəsindəki respublikaçılar kəşfiyyatın müdaxiləyə dair gəldiyi nəticələrə şübhə ilə yanaşıblar.

Nümayəndələr Palatası komitəsinin 2018-ci il tarixli hesabatında deyilir ki, kəşfiyyat Rusiyanın Trump-ın namizədliyini dəstəklədiyini əsaslı şəkildə sübuta yetirə bilməyib.

Beş hesabatdan dördüncüsü

Aprelin 21-də açıqlanmış sənəd Senatın Kəşfiyyat Komitəsinin Moskvanın seçki müdaxiləsinin araşdırılmasına həsr edilmiş 5 hesabatından dördüncüsüdür.

Bundan əvvəlki hesabatlarda komitə kəşfiyyatın erkən qiymətləndirmələrini qəbul və təsdiq etmişdi.

Beşinci və sonuncu hesabatda söhbətin araşdırmanın əks-kəşfiyyat aspektindən gedəcəyi gözlənilir.

Bura habelə Trump kampaniyası rəsmilərinin Rusiya əməliyyatçıları ilə bağlarına dair iddialar da daxildir.

Keçmiş xüsusi prokuror Robert Mueller keçən il açıqladığı hesabatda belə bağların olduğunu göstərən dəlillərinin olmadığını bildirmişdi.

XS
SM
MD
LG