Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

AHİK sədrinin məhkəmədə dindirilməsi tələb olunur: 'Stadionları öz mülkü kimi satıb'


Səttar Möhbalıyev
Səttar Möhbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev Gəncə, Göygöl və başqa yerlərdəki stadionların qanunsuz satışında suçlanır. Bu üzdən onun məhkəməyə çağrılıb dindirilməsi tələb edilir. Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Aslan İsmayılov bu barədə vəsatət qaldırıb.

"İşdəki sənəd-sübutlar da, səs yazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb. Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik. Siz də eləmirsiniz...", - A.İsmayılov deputatın dindirilməsi haqda vəsatətini əsaslandırarkən belə deyib.

Deputatın adı Bakının Yasamal rayonundakı "Məhsul" stadionunun satışı ilə bağlı cinayət işində də keçir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və "Yasamal" idman-sağlamlıq klubunun direktoru Alik Həsənov iki ilə yaxındır həbsdədirlər. Onlar "Məhsul" stadionunun ərazisini satmaq üçün dələduzluqda suçlanırlar. İddia olunur ki, bina tikintisi ilə məşğul bir neçə sahibkarı aldadaraq həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə birindən beh kimi 900 min manat alınıb.

Mitinqlərin keçirildiyi "Məhsul" stadionu 2019-cu ildə təmirə bağlanıb
Mitinqlərin keçirildiyi "Məhsul" stadionu 2019-cu ildə təmirə bağlanıb

N.Əliyev özünü təqsirli bilmir. O iddia edir ki, sahibkarları A.Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

A.Həsənov isə, əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi N.Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar A.Həsənov ilə yanaşı, N.Əliyev ilə də danışıqlar aparıblar. Başqa deyimlə, onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.

"Görünür, söz veriblər ki..."

N.Əliyev istintaqa ifadəsində fərqli danışıb. O, hətta AHİK-in sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib.

Məhkəmədə N.Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə deputatı ittiham edir.

N.Əliyev həmin səs yazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul etmir.

Aslan İsmayılov
Aslan İsmayılov

Zərərçəkmişlərin hüquqlarını qoruyan vəkil A.İsmayılov deyir ki, N.Əliyev məhkəmədə fərqli taktika seçdiyindən deputatın adını çəkmir: "Görünür, söz veriblər ki, "ad çəkmə, səni çıxaracağıq". Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa- davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?".

Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən A.Həsənov da deputat S.Möhbalıyevin çağrılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib. Amma N.Əliyev bunun əleyhinə olub: "Onun bura gəlib ifadə verməsinə ehtiyac yoxdur".

İstintaq AHİK sədrinin əməlində cinayət tərkibi görməyib

Hakimlər deputatla bağlı vəsatəti təmin etməyərək S.Möhbalıyevi çağırıb dindirməkdən imtina ediblər. Onun adı çəkilən səs yazısına gəlincə, məhkəmə onu iş materiallarına əlavə kimi götürüb. Səs yazısının sübut kimi dəyərləndirilməsi məsələsinə hökm çıxarılarkən qərar veriləcəyi bildirilib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

İstintaq zamanı da S.Möhbalıyevin dindirilməsi barədə vəsatətlər verilsə də, prokurorluq onu çağırıb ifadəsini almayıb. Amma cinayət işinin materiallarında S.Möhbalıyev ilə bağlı ayrıca qərar var. Prokurorluq onun əməlində cinayət tərkibi aşkarlamadığından S.Möhbalıyev haqqında cinayət işi başlanmasını rədd edib.

"Məhsul"u satmaq adı ilə dələduzluqda suçlanan N.Əliyev və A.Həsənova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG