Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Şahramanyanın köməkçisi: 'O, Bakı ilə danışıb, amma danışıqlar aparmayıb'


Samvel Şahramanyan
Samvel Şahramanyan

Qarabağ separatçı rejiminin hazırda Ermənistanda olan sonuncu “prezidenti” Samvel Şahramanyan Azərbaycan hökuməti ilə danışıqlar apardığına dair iddiaları təkzib edib.

Belə bir iddia ilə 1990-cı illərdə separatçıların “müdafiə ordusuna” komandanlıq etmiş Samvel Babayan çıxış etmişdi.

O iddia etmişdi ki, Şahramanyan ermənilərin Qarabağa qaytarılması üçün Azərbaycanla danışıqlar aparır və “hər gün Bakıya zəng edir”.

AzadlıqRdaiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Şahramanyanın köməkçisi Vladimir Qriqoryan israr edib ki, separatçıların keçmiş lideri Azərbaycan rəsmiləri ilə yalnız bəzi “texniki məsələləri”, məsələn Bakıda həbsdə olan keçmiş separatçı liderlərin durumunu öyrənmək üçün danışa bilərdi:

“Əgər onlar oradan zəng edirlərsə və ya biz onlara zəng etməyə çalışırıqsa, bunu çətin ki, əlaqə adlandırmaq olar. Bunu qətiyyətlə danışıqlar adlandırmaq olmaz”.

Qarabağın “deputatı” kimi təqdim olunan Davit Qalstyanın sözlərinə görə Şahramanyan telefon zənglərinin ən azı bir dəfəsində Qarabağın bəzi separatçı liderləri ilə danışa bilib.

Qalstyanın sözlərinə görə Şahramanyan Bakıda həbsdə olan separatçı liderlərlə telefonla danışa bilib və onlar heç bir işgəncəyə məruz qalmadıqlarını deyiblər.

Rəsmi Bakıdan bu xəbərlərlə bağlı hələ ki, heç bir açıqlama olmayıb.

Bundan əvvəl

Azərbaycanın 19-20 sentyabrda keçirdiyi xüsusi əməliyyatdan sonra Qarabağın keçmiş separatçı liderləri Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben VardanyanDavid İşxanyan, habelə David Babayan, Levon MnatsakanyanDavit Manukyan Azərbaycan tərəfindən saxlanaraq Bakıya aparılıblar.

Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad edilməsi üçün beynəlxalq icmaya müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın bəyanatını rədd edib və bildirib ki, sözü gedən şəxslər separatçılıq, “terror aktları” və “Azərbaycana qarşı təcavüz” ittihamları ilə mühakimə olunacaqlar.

Azatutyun yazır ki, rəsmi Bakı indiyədək yalnız 9 separatçı liderin saxlandığını təsdiq edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG